İncə duyğular tərənnümçüsü

 

Maestro Niyazi demişdir: "Üzeyir bəy təkcə bənzərsiz yaradıcılığı ilə yox, həm də alicənablığı, qayğıkeşliyi ilə yaddaşlarda qalıb. O, ömrü boyu çalışıb ki, xalqımızın mədəni səviyyəsi daha da yüksəlsin. Neçə-neçə gəncə qayğı göstərib, diqqətini, sevgisini onlardan əsirgəməyib. Dahi bəstəkarın inandığı, ifa qabiliyyətini bəyəndiyi sənətçilərdən biri də sevilən tarzən, sınaqlardan məğrur çıxmış Əliağa Quliyevdir..."

Əliağa Quliyev 1917-ci ilin mayın 9-da Bakıda doğulmuşdu. Kökü, əsli, nəsli qədim-qayım Şamaxının Sarıtorpaq məhəlləsindən idi. Ata-babaları 1918-ci ilin martında ermənilərin Şamaxıda törətdikləri qanlı faciələrin, vəhşiliklərin şahidi olmuşdular. Yay aylarını valideynləri ilə Şamaxıda keçirərkən ağı deyib ağlayan nənələrin səsi onun ürəyinə xal salmışdı, körpə qəlbini yaralamışdı. Tez-tez "poçt yolu" deyilən küçədən keçərkən balaca bir oğlanın özündən böyük tarı sinəsinə sıxaraq yanıqlı-yanıqlı çaldığını görüb ayaq saxlamışdı.

Sonralar o günləri yada salan ustad tarzən demişdi: "O uşağın "şirin barmaqları" məni o qədər sehrləmişdi ki, axşam atam evə gələndə mənə tar almasını xahiş etdim. Bunun ötəri bir həvəs olduğunu zənn edən atam məni sındırmadı, sözümü yerə salmadı. Bakıya qayıdan kimi mənə ürəyim istəyən bir tar aldı. Və həm də tar dərnəyinə yazdırdı. İki-üç il məşğul olduqdan sonra 1934-cü ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olundum. Birinci kursda oxuyarkən nəzərimi bir elan cəlb etdi. Üzeyir bəy özünün təşkil etdiyi notlu xalq-çalğı alətləri orkestrində işləmək üçün gənc istedadlar - tarçalanlar arasında müsabiqə keçirirdi. Mən də özümü sınamaq qərarına gəldim. Üzeyir bəy mənə bir muğam, bir rəqs və bir neçə mahnı çaldırıb diqqətlə qulaq asdı və deyəsən, xoşuna gəldi. Əlini çiynimə qoyub: "Afərin oğlum" - dedi - "Sən artıq bu gündən orkestrin üzvü olursan. Dərslərinlə yanaşı məşqlərə də müntəzəm gəlməlisən". "Baş üstə, Üzeyir bəy" - deyib otaqdan çıxdım. Bu mənim Üzeyir bəylə ilk görüşüm idi. Məşqlərə çox zaman özü dirijorluq edərdi. Ansambldan fərqli olaraq, orkestrin tərkibində peşəkar musiqiçilərin olması mənim üçün böyük təcrübə məktəbi idi. Bir gün Üzeyir bəy mənə və bir neçə başqa tarzənə təzəcə yazdığı “Koroğlu” operasında simfonik orkestrlə birgə tar partiyalarını çalmağı təklif etdi. Birillik məşqlərdən sonra 1936-cı ildə Opera teatrında və radionun orkestrində daimi işləməyə başladım”.

1937-ci ildə böyük uğurla qarşılanan “Koroğlu” operasının premyerasında simfonik orkestrin tərkibində olan Əliağa Quliyev bir neçə ay sonra, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün iştirakçısı oldu.

1939-cu ildə konservatoriyanın xor-dirijorluq fakültəsinə qəbul edilən gənc tarzən İkinci Dünya müharibəsinin başlanması ilə təhsilini yarımçıq qoydu, az sonra onu cəbhəyə apardılar. Şair-publisist Zülfüqar Şahsevənli "Səni kim unudar?.." məqaləsində yazıb: "...Növbəti hücumların birində ona tarını basdırmağı əmr etmişdilər. Əliağanın sevdiyi aləti atmağa, basdırmağa hünəri çatmadı, paltarına büküb Ukraynanın qarlı-çovğunlu çöllərindən doğma Bakıya göndərdi. Aylarla yol gələn, sahibinə sədaqətli olan tar odun-alovun, tufan-boranların içindən salamat çıxıb doğma ünvana çatmışdı. Sahibinin paltarına bükülməsini görənləri isə kiritmək mümkün deyildi. Elə bildilər ki..."

Varşava uğrunda döyüşlərin birində artıq kapitan rütbəli Əliağa ağır yaralandı. Aylarla hospitalda müalicə aldı. Nəhayət, müharibənin qələbə ilə başa çatması sorağını eşitdi. Könlündən kövrək hisslər keçdi. Tarı sinəsinə basıb "Segah" çalmaq istədi. Tar isə uzaqlardaydı...

1946-cı ildə qanlı-qadalı döyüşlərdən can qurtarıb vətənə qayıdanda doğmaları-tanışları az qala onu tanımadılar. Hərbi geyim Əliağanı daha da əzəmətli göstərirdi. Sinəsində orden-medallar parıldayırdı. Elə ki divardan asılmış tarı götürdü, kökləyib "Bayatı Şiraz" çaldı, daha şübhə qalmadı ki, bu, yasını saxladıqları əzizləridir. Döyüşlərdə göstərdiyi şücaətlərə görə Əliağa Quliyev I və II dərəcəli “Böyuk Vətən müharibəsi”, “Qırmızı Ulduz” ordenləri, ikiDöyüş xidmətlərinə görə” medalı və mükafatlara layiq görülmüşdü. Yüksək ixtisaslı musiqiçilərə ehtiyacı nəzərə alan Üzeyir Hacıbəylinin hərbi rəhbərliyə müraciətindən sonra, 1946-cı ilin mart ayında Əliağa Quliyev həmişəlik hərbi geyimlə vidalaşmalı oldu.

Əhməd Bakıxanovun ansamblında əsl məktəb keçən tarzən 1951-ci ildə yeni bir ansambl yaratdı. Dünya şöhrətli müğənnimiz Bülbül, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Gülağa Məmmədov, Əbülfət Əliyev, opera müğənniləri Əlövsət Sadıqov, Yavər Kələntərli və başqaları Əliağa Quliyevin rəhbərlik etdiyi ansamblın müşayiəti ilə çıxış etməyə başladılar. Onun sadəliyi, mehribanlığı, gənc ifaçılara hədsiz qayğısı qısa müddətdə ansamblın böyüməsinə, istedadlı gənclərin onun ətrafına toplanmasına səbəb oldu. Arif Babayev, Süleyman Abdullayev, Teymur Mustafayev, Sabir Mirzəyev, Mais Məmmədov kimi istedadlı müğənnilər ansamblda yetişib, püxtələşmişdilər. O dövr ansamblın Teyyub Dəmirov, Baba Salahov, Əhsən Dadaşov, Hafiz Mirzəyev kimi parlaq istedadı ilə tanınan üzvləri var idi.

Əməkdar artist, sevilən müğənni Yaqut Abdullayeva o dövrü belə xatırlayır: "Əliağa müəllim həssas, diqqətcil insan idi. Tanıdığı adamların uğurlarına ürəkdən sevinərdi. Mən də mahnılar, təsniflər ifa etmək istəyirdim. Xoş təsadüf nəticəsində ustad sənətkarla rastlaşdım. Məqsədimi bilcək, gülümsəyib: "İfanı eşitmişəm, qızım. Şirin, məlahətli səsin var. İstədiyin vaxt ansamblımızla məşq etməyə gələ bilərsən", - dedi. Ürəkləndim, qürur hissi duydum. Bir neçə bəstəkar və xalq mahnılarını lentə yazdırdım..."

Əliağa Quliyevin əfsanəvi müğənnimiz Rəşid Behbudovla, SSRİ Xalq artisti Zeynəb Xanlarova ilə sıx yaradıcılıq əlaqələri olub. Paris, Marsel, Neapol, İstanbul, Ankara, Varşava, Praqa, Qahirə Tehran, Dehli, Cakarta, Aleksandriyabaşqa şəhərlərdə çıxışları, yazılmış lent yazıları, qrammofon valları bu günunudulmur, xatirələrdə yaşayır.

Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında xalq çalğı alətləri ansamblına rəhbərlik edən ustadla birlikdə işləmiş görkəmli tarzənimiz, Xalq artisti, professor Ramiz Quliyev Əliağa müəllimi minnətdarlıq duyğuları ilə yad edir: "Əliağa Quliyev uşaq kimi pak, məsum, olduqca xeyirxah bir insan idi. Mən çox insanlarla, mədəniyyət, incəsənət xadimlərilə ünsiyyətdə olmuşam. Səfərlərdə, böyük məclislərdə olmuşuq. Əliağa müəllim kimi böyük-kiçik yeri bilən, ağayana, gözütox, səxavətli insan görməmişəm. O, köhnə kişilərin ruhunu, koloritini həm şəxsi həyatda, həm də musiqidə yaşadan tək-tək sənətkarlardan idi".

Xalq artisti İslam Rzayev: "Əliağa Quliyev kimi görkəmli sənətkarın yoxluğu səhnəmizdə bir boşluq yaradıb. Onda Üzeyir bəyin, Qurban Pirimovun, Əhməd Bakıxanovun, Mansur Mansurovun nəfəsi vardı. Biz dünyanın bir çox ölkələrində bir yerdə çıxış etmişdik. Əliağa müəllim hər bir müğənninin ürəyinin sarı siminə toxunan böyük sənətkar idi. Mən onunla səhnədə özümü çox güclü və inamlı hiss edirdim. Böyük həyat yolu keçmişdi, Üzeyir bəyin tərbiyəsini görmüşdü. Onun kövrəkliyi, şirinliyi, milli cizgiləri bəstələdiyi, çaldığı musiqisindəydi. Mən onu tarımıza heykəl qoyan böyük sənətkarlardan biri kimi qiymətləndirirəm".

Əliağa Quliyev 1971-ci ildə Moskvada Ümumdünya musiqi konqresində, 1973-cü ildə Almatıda Asiya ölkələri xalqlarının musiqi festivalında, 1983-cü ildə "Daşkəndin qızıl payızı" müsabiqəsində, UNESCO-nun xəttilə keçirilən bir çox tədbirlərdə Azərbaycanın milli musiqi mədəniyyətini ləyaqətlə təmsil edib. Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının radio yazılışını solo tarda müşayiət edən məşhur sənətkar həm də bir sıra mahnıların müəlliflərindən olub. Onun "Dağlar", "Alyanaq", "Vüsal" kimi populyar nəğmələrini tanınmış müğənnilər ifa ediblər. Əliağa Quliyev həm də fəal ictimaiyyətçi idi. Uzun müddət Azərbaycan Dövlət Filarmoniyasında partiya təşkilat katibi, Azərbaycan Dövlət Qastrol-Konsert Birliyi Həmkarlar Təşkilatın sədri olmuşdur.

Musiqi tariximizdə iz qoymuş ustad tarzən, Xalq artisti Əliağa Quliyev dönə-dönə xatırlanır, yaddan çıxmır. Şuşamızı, Qarabağımızı işğaldan azad görmək onun ən böyük arzusu idi. Ömrünün ixtiyar çağlarında Qarabağ dərdi üstə köklənmişdi. Bu dərd onun kədərli, yaşlı gözlərindən və tarının simlərinə toxunan, nalə çəkən barmaqlarından boy verirdi. Əliağa Quliyevə yazılmış çoxsaylı məktublar, ürək sözləri içində qərənfillə süslənmiş boynubükük bir şeir parçası var. Ölümündən sonra yazılıb...

 

Kədərlərə baş daşını

Kim qoyacaq səndən sonra?

Nələr keçir könlümüzdən,

Kim biləcək səndən sonra?

 

 

Mədəniyyət.- 2014.- 9 may.- S. 13.