İki ölkənin övladıyam”

 

Azərbaycan əsilli fransız aktyorurejissorunun oğlu iki ölkə prezidentinin qarşısında tarda ifa edib

 

Xəbər verildiyi kimi, mayın 11-12-də Fransa Respublikasının Prezidenti Fransua Olland Bakıda rəsmi səfərdə olub. Yüksək səviyyəli danışıqların yekunu olaraq iki ölkə arasında əməkdaşlıq sənədləri imzalanıb. Prezidentlər İlham Əliyev və Fransua Olland birgə bəyannamə imzalayıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Fransa Respublikasının Prezidenti Fransua Olland Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanış olublar. Qeyd olunub ki, Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir. Humanitar sahədə, o cümlədən təhsil sahəsində əməkdaşlıq inkişaf edir. Yeni tədris ocağında fransalı uşaqlar öz ana dilində təhsil alacaqlar. Eyni zamanda, azərbaycanlı uşaqlar isə fransız dilini mükəmməl öyrənəcək, Fransanın qədim tarixi, zəngin mədəniyyəti ilə tanış olacaqlar.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Fransa ilə mədəni əməkdaşlığa xüsusi önəm verir, humanitar sahədə müxtəlif layihələr həyata keçirilir. İki il öncə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb. Fransanın müxtəlif şəhərlərində çoxsaylı Azərbaycan tədbirləri - mədəniyyət günləri, sərgilər, konsertlər keçirilir.

Parisdə, Versalda, Strasburqda tarixi-mədəniyyət abidələrinin bərpasında Azərbaycan tərəfi də iştirak edir.

Prezident Fransua Olland 2012-ci ildə Luvr Muzeyinin İslam incəsənətinə həsr edilmiş hissəsinin açılışına verdiyi dəstəyə görə Azərbaycan rəhbərinə təşəkkürünü bildirib: “Bu, bizim əlaqələrimizi daha da sıx birləşdirir”.

Azərbaycan və Fransanın dövlət başçıları İçərişəhər Tarix-Memarlıq Qoruğunu gəziblər. Fransa Prezidentinə Azərbaycan tarixinin və mədəniyyətinin incisi olan İçərişəhər barədə məlumat verilib.

Mayın 12-də Heydər Əliyev Mərkəzində dövlət başçılarının iştirakı ilə Azərbaycan-Fransa biznes forumu keçirilib. Tədbirdə müxtəlif sahələrə dair işgüzar sazişlər bağlanıb. Biznes forumu başa çatdıqdan sonra dövlət başçıları birgə nahar ediblər. Mərasimdə iştirak edən Azərbaycan əsilli məşhur fransız teatrkino aktyoru, rejissor, ParisinMarini” Teatrının bədii rəhbəri Rober Oseyn çıxış edərək baba yurdunda olmaqdan fərəh duyduğunu deyib: “Mən bunu iftixar və fərəh hissi ilə bu ölkənin övladı kimi qeyd etmək istəyirəm. Çünki mən hər ikisi vətənim olan ölkələrimiz arasında böyük dostluğu, əgər belə demək olarsa, təcəssüm etdirirəm. Mən sevdiyim ölkədə - Fransada anadan olmuşam. Mən, həmçinin qibtə etdiyim ölkənin - Azərbaycanın oğluyam”.

Rober Oseyn babasının Azərbaycanda doğulduğunu, atasının isə Səmərqənddə dünyaya gəldiyini bildirib. Qeyd edib ki, onlar Fransada yaşadıqları müddətdə dünya mədəniyyətinə və musiqisinə töhfələr veriblər. Onların yaratdıqları əsərlər hazırda müxtəlif səhnələrdə səsləndirilir və bu gün həmin ənənə Rober Oseynin oğlu Pyer tərəfindən davam etdirilir. Mərasimin sonunda dövlət başçıları ilə görüşən Pyer Oseyn Azərbaycan tarında ifa edib.

 

Mədəniyyət.- 2014.- 14 may.- S. 2.