91 ilə 91 müəllifin 391 hədiyyəsi

 

Mayın 13-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş təsviri və tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi-seminarın açılışı keçirildi.

Mərkəzin direktoru, professor Vilayət İsmayılov çıxış edərək ümummilli liderin Azərbaycan mədəniyyətinin inkişafı naminə misilsiz xidmətlərindən söz açdı. Vurğulandı ki, ulu öndərin mədəniyyət siyasəti, ölkəmizin dünyada tanıdılması istiqamətində işlər bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Direktor hər il təşkil olunan bu sərgi-seminarın iştirakçılarının sırasının ildən-ilə genişləndiyini bildirdi: “Həyata keçirilən bütün tədbirlər Azərbaycan mədəniyyətinin inkişafına xidmət edir”.

Mədəniyyət və Turizm Nazirliyi Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev ulu öndərin anadan olmasının 91 illiyi ilə bağlı keçirilən çoxsaylı tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirdi: “Azərbaycan mədəniyyətinin elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin diqqət və qayğısı olmasın. Bunun nəticəsidir ki, Azərbaycan mədəniyyəti bu gün dünyada layiqincə təmsil olunur”.

Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov və digər çıxış edənlər də Azərbaycanda mədəniyyət, incəsənət sahəsində çalışanlara göstərilən dövlət qayğısından bəhs etdilər, sərginin əhəmiyyətindən danışdılar.

Qeyd edək ki, dörd gün davam edəcək sərgidə respublikamızın müxtəlif şəhər və rayonlarını təmsil edən 91 müəllifin 391 əsəri nümayiş olunur. Bu əsərlərin sırasında rəngkarlıq və qrafika əsərləri, xalı və xalça məmulatları, nəqqaşlıq, bədii tikmə və digər tətbiqi sənət nümunələri yer alıb.

Sərgidə fərqlənmiş əsərlərin müəlliflərinə münsiflər tərəfindən diplom və qiymətli hədiyyələr təqdim edildi. Sonra tədbir iştirakçıları sərgiyə baxış keçirdilər.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 14 may.- S. 2.