Bakıda növbəti
musiqi bayramı
VII Beynəlxalq Mstislav
Rostropoviç Festivalı məşhur ifaçı və
kollektivləri bir araya gətirib
Mayın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında VII Beynəlxalq Mstislav Rostropoviç Festivalının təntənəli açılışı oldu. Festival Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivala qatılan musiqiçiləri salamladı, onlara uğurlar arzuladı. Bildirdi ki, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirəsinə həsr olunan festivalların keçirilməsi gözəl ənənədir: “Artıq yeddinci dəfədir ki, Bakıda Mstislav Rostropoviç festivalı keçirilir. Məşhur həmvətənimizin adını daşıyan festival dünyanın ən mühüm musiqi tədbirləri siyahısına daxildir. Ölkəmizin mədəni həyatı üçün də mühüm hadisələrdən biri olan budəfəki musiqi bayramının proqramı çox zəngindir. Bilirsiniz ki, festival əvvəlki illərdə dekabr ayında təşkil edilirdi. Ulu öndər Heydər Əliyevin böyük maestro ilə xüsusi dostluq münasibətlərini nəzərə alan təşkilatçılar bu ildən etibarən festivalı may ayında - ümummilli liderin anadan olmasının ildönümünün qeyd edildiyi günlərdə keçirmək qərarına gəlmişlər. Heydər Əliyev və Mstislav Rostropoviç öz vətənlərini sevən dahi şəxsiyyətlərdir”.
Qeyd olundu ki, budəfəki festivalda səkkiz ölkədən musiqiçilər çıxış edəcək. Musiqisevərlər bir həftə ərzində paytaxtın konsert salonlarında tanınmış solistlərin və kollektivlərin ifalarını dinləmək imkanı qazanacaqlar: “Festival çərçivəsində ölkəmizə təşrif buyuran qonaqların, həmçinin yerli musiqiçilərin iştirakı ilə ustad dərsləri keçiriləcək. Əminəm ki, şəhərimizin musiqisevər insanları bu festivaldan məmnun qalacaqlar. Mstislav Rostropoviç adına festival hər zaman önəmli və vacib musiqi festivalları siyahısında olacaq”.
Festivalın bədii rəhbəri, dünya şöhrətli musiqiçinin qızı Olqa Rostropoviç atasının Bakını çox sevdiyini, bu sevgisini ona da vəsiyyət etdiyini bildirdi: “2007-ci ildən Bakıda keçirilən bu festival ənənəvi olaraq dünyanın bir çox ölkələrindən görkəmli musiqiçiləri və kollektivləri toplayır, şəhərin ən gözəl konsert zalları festival iştirakçılarının sərəncamına verilir. Atam Bakıda doğulduğuna görə həmişə qürur duyurdu. Bu səbəbdən də festivalın proqramını Azərbaycanın adlı-sanlı musiqiçilərinin iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Festivalın uğurlu tərəflərindən biri də professional karyeralarının başlanğıcında dəstəyə ehtiyacı olan istedadlı gənc musiqiçilərin çıxışlarıdır. Bu festivalı əsl musiqi bayramına çevirən ənənələr atamın adına layiqdir”.
Olqa Rostropoviç Azərbaycanın çiçəklənən paytaxtında keçirilən festivalın təşkilinə göstərdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi.
Çıxışlardan sonra Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi və dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri, Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Dövlət Xor Kapellası və solistlər Boris Berezovski (piano), Fəridə Məmmədova (soprano), Adil Axundov (tenor), Anton Fernştandt (bariton) çıxış etdilər. Proqramda rus bəstəkarı Sergey Raxmaninovun əsərləri səsləndirildi.
Musiqi bayramı mayın 18-dək davam edəcək.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 14 may.-
S. 3.