Dünyanın ən
nüfuzlu kino
müsabiqəsi başlayır
Kann kinofestivalının proqramında ilk dəfə
Azərbaycan filmi də yer alıb
Mayın 14-də dünya kinosunun ən nüfuzlu müsabiqələrindən olan
Kann beynəlxalq film festivalı işə başlayır. Bu il
67-ci dəfə keçirilən
festivalın müsabiqə
proqramında ilk dəfə
olaraq Azərbaycan filmi də yer
alıb.
“Azərbaycanfilm” kinostudiyasının
və “Buta Films” şirkətinin birgə istehsalı olan “Sonuncu” (“The Last One”) qısametrajlı
bədii filmi festivalın “Qısa metr” proqramında nümayiş olunacaq. Azərbaycan və Rusiya kinematoqrafçılarının birgə layihəsi olan ekran əsərinin
qəhrəmanı II Dünya
müharibəsinin sonuncu
veteranıdır. Filmin quruluşçu
rejissoru Sergey Pikalov, ssenari müəllifləri
Sergey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev,
quruluşçu rəssamı
Əziz Məmmədov,
prodüserləri Mariya
İvanova, Nəsib Piriyev və Müşfiq Hətəmovdur.
Fəlsəfi və ibrətamiz
hekayəni tamaşaçıya
nəql edən 15 dəqiqəlik filmdə İdris Rüstəmov və Corc Qafarov
çəkiliblər.
Ümumiyyətlə, 2014-cü ildə müsabiqəyə
dünyanın 128 ölkəsindən
3450 kinofilm göndərilib. “Qısa metr” müsabiqə proqramında
Azərbaycan filmi ilə yanaşı, daha səkkiz ekran əsəri (Gürcüstan, Çin, Yaponiya, Fransa, Belçika, Norveç, Macarıstan-Rumıniya, Kolumbiya-Britaniya
filmləri) yer alıb.
Filmin çəkilişləri
Şabran şəhərində,
Bakının 120 kilometrliyində
yerləşən Sura
kəndində aparılıb.
Qeyd edək
ki, builki Kann kinofestivalında ölkəmizdən daha bir ekran əsəri
- “Torn” qısametrajlı filmi
müsabiqədənkənar nümayiş olunacaq. Festivalın “Rejissor həftəliyi” proqramına daxil edilmiş filmin rejissorları Elmar İmanov və Engin Kundağdır.
İki dünya haqqında qısametrajlı filmdə
bugünkü Bakının
fonunda iki insanın - ata və oğulun həyatından bir epizod təqdim olunur. Ekran əsəri Azərbaycanın
“Fil Production” və Almaniyanın “Color of May” şirkətlərinin
birgə əməkdaşlığı
ilə ərsəyə
gəlib. Filmdə
Mirmövsüm Mirzəzadə,
Zülfiyyə Qurbanova
və Rasim Cəfər çəkilib.
Məlumat üçün bildirək
ki, “Rejissor həftəliyi” Kann festivalının xüsusi
paralel proqramıdır. Vaxtilə bir
çox görkəmli
rejissorların debüt
işləri burada təqdim olunub.
67-ci Kann kinofestivalı
mayın 25-dək davam
edəcək. Builki festivalın münsiflər
heyətinə Yeni Zelandiyadan rejissor, prodüser və ssenarist Ceyn Kepmion rəhbərlik edir. Qısametrajlı filmlər proqramı
jürisinin sədri isə iranlı rejissor Abbas Kiarostamidir.
Mədəniyyət.- 2014.- 14 may.- S. 3.