“Parisdən məhəbbətlə”
Mayın 12-də Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Fransa estrada ulduzlarının “Parisdən məhəbbətlə” adlı konsert proqramı təqdim olundu. Musiqisevərlərin böyük maraq göstərdiyi konserti izləyənlər arasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, tanınmış mədəniyyət və incəsənət xadimləri vardı. Proqramda həm klassik, həm də müasir fransız estradasının mahnıları yer almışdı. Bununla da gecə Fransa musiqisinin pərəstişkarları üçün dünən və bu gün, keçmişlə gələcək arasında mənəvi körpü yaratmış oldu. 60-70-ci illərin musiqiləri tamaşaçılarda nostalji hislər yaradırdısa, müasir fransız estradasının mahnıları auditoriyanı şən əhval-ruhiyyəyə kökləyirdi.
“Parisdən məhəbbətlə” adlı konsertdə Dany Brillant, Julie Zenatti, Hugues Aufray, Chimene Badi, Gerard Lenorman və Julien Dassin kimi Fransa estradasının tanınmış simaları milyonların sevərək dinlədikləri mahnılarını ifa etdilər.
Gecə 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş Səbinə Babayevanın ifasında “Sarı gəlin” mahnısı ilə yekunlaşdı.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 14 may.-
S. 4.