Təmsilçilərimiz Avropa Delfi Oyunlarında uğurla çıxış ediblər

 

2-8 may tarixində Rusiyanın Volqoqrad şəhərində gənclər arasında I Avropa Delfi Oyunları keçirilib. İncəsənətin müxtəlif sahələri üzrə 20-dən artıq nominasiya üzrə keçirilən oyunlarda 26 ölkədən 2500-dək gənc iştirak edirdi.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizin təmsilçiləri sənət yarışmasında uğurla iştirak ediblər.

Xalq çalğı alətləri nominasiyası üzrə Bakı şəhəri C.Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbinin məzunu Rza Məmmədli (balaban) ikinci yerə, G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Sədəf Abdullazadə (kanon) üçüncü yerə, təsviri incəsənət nominasiyası üzrə DA ART rəsm studiyasının üzvü Cavidan Əhmədov xüsusi diploma layiq görülüb.

G.Şaroyev adına musiqi məktəbindən verilən məlumata görə, festivalının bürünc medalçısı Sədəf Abdullazadə Azərbaycan və xarici bəstəkarların əsərlərini məharətlə ifa edib. O, II yaş qrupunda ifaçılar arasında ən gənc olmağına baxmayaraq, münsiflərin və tamaşaçıların rəğbətini qazanıb.

Festivalda yeniyetmə ifaçını təcrübəli konsertmeyster Svetlana Əhmədova müşayiət edib. Sədəfin qazandığı uğurlar ixtisas müəllimi Samirə Əliyevanın zəhmətinin bəhrəsidir.

 

Mədəniyyət.- 2014.- 14 may.- S. 5.