Xalq yazıçısı
Elçinə ötən ilin gecikmiş məktubu
Yaradıcılığı
ilə Azərbaycan ədəbiyyatının fövqündə
parlaqcasına dayanan görkəmli ədibimiz və teatr
xadimimiz, Xalq yazıçısı Elçin İlyas
oğlu Əfəndiyevin 13 may 2013-cü il tarixində Akademik
Milli Dram Teatrında yetmiş illik yubiley təntənəsi
çox sadə şəkildə, lakin ictimaiyyətin isti
münasibəti və böyük sevgisi ilə, əsl sənətkara
layiq məhəbbətlə keçirildi.
Ən
mühümü isə bu idi ki, təbriklərdən sonra
dramaturqun “Sənətkarın taleyi” tamaşasının
növbəti premyerası oynanıldı və bu da tədbirə
çox böyük möhtəşəmlik gətirdi,
dolğun bir rəng qatdı. Görkəmli ədib xalq
yazıçısına layiq, həqiqi bir məhəbbətlə,
sənətkarcasına qarşılandı və
alqışlandı.
İl
2013, gün 13 may. Belə bir seçilmiş tarixin
qovşağında, bir də baharın dodaqlarında
yalnız və yalnız təbəssüm oynayan zamanında
ömrün müdriklik çağına yetişmək tək-tək
insanlara nəsib olur desəm, əminəm ki, hər kəs mənimlə
razılaşar. Hər kəs mənimlə onda da
razılaşar ki, ömrünü bütünlüklə
Tanrının bir tək seçilmişlərə nəsib
etdiyi bir ucalığa həsr etmiş hər seçilmişə
də belə bir xoşbəxtlik nəsib olmur...
Mən
uzun illər Elçinin yaradıcılığını
araşdıran bir alim kimi onun yaradıcılığında
şəxsiyyəti ilə həmahəng olan bir incə məqamı
yazılarımda həmişə bu və ya digər formada
açmağa çalışmışam.
Yazıçı
Elçin - İnsan Elçin.
Bütün
yaradıcılığı boyu çox incə
qırmızı xətlə həqiqətin yoluna
işıq salan Elçin; insan meyarını yüksəkdə
tutan və cəmiyyətin diqqətini bu məsələdə
ehtiyatlı olmağa çağıran Elçin;
böyük vətəndaş və yüksək
duyğularla xalqına, millətinə, vətəninə,
dövlətinə sədaqətlə bağlı olan səmimi
Azərbaycan övladı Elçin; teatr sənətinin
böyük təəssübkeşi, ümumilikdə mədəniyyətin
və incəsənətin əsl hamisi və
qayğıkeşi olan Elçin; hələ sovet
ideologiyasının qılıncının hər iki tərəfinin
də iti kəsdiyi bir zamandan
özgürlüyümüzü can-dildən arzulayan, “Vətən
cəmiyyəti”ndə fəaliyyət göstərərkən
bu istiqamətdə daima çalışan, dünya azərbaycanlılarının
arasında əlaqələr quran, vətənə məhəbbət
eşqi aşılayan və müstəqilliyimizə
qovuşduqdan sonra müstəqilliyimizi bütün
varlığı ilə sevən və ona vicdanla, ləyaqətlə
xidmət göstərən, əsl azərbaycanlı keyfiyyətinin
ali göstəricisi miqyasına nümunə olacaq qədər
yüksələn Elçin.
Yazıçı
Elçin - tənqidçi Elçin.
Yaratdıqları
ilə ədəbi kəhkəşanda yeni nəfəsi,
ruhsal ovqatı ilə, şirin dili və özünəməxsus
manerası ilə parlaqcasına seçilən, bir gecənin
içinə min illərin təxəyyül
dünyasını yerləşdirə bilən, ədəbi
tilsimi ilə oxucunun idrakına sirayət edən Elçin;
publisistik yazılarında, istər ədəbi, istərsə
də teatr tənqidi barədə olan fikir dünyasında bənzərsiz
bir məktəb yarada bilən, ədəbi
yazılarını öz tənqid maşınında
yoğuran, həm də yazdığı tənqidləri həssas
yazıçılıq qüdrətinin ovqatı ilə
cilalayan Elçin; nəhayət, fitri istedadı və
fövqəladə zəhməti sayəsində böyük ədib
zirvəsinə yüksələn, Azərbaycan ədəbiyyatının
görkəmli simaları sırasına ucalan Elçin...
Tədbirdə
çıxış edən gözəl alimimiz Nizaməddin
Şəmsizadə publisist Elçinlə yazıçı
Elçini müqayisələndirərkən təxminən
belə bir fikir söylədi ki, Elçin publisistikasına
yazıçılıq fəhmi ilə qüdrət qatan bir ədəbiyyat
adamıdır. Bəli, bu, həqiqətən də belədir,
lakin bunun daha başqa bir sirri də ondadır ki, Elçin
yazıçılıq fəhmi ilə publisistikasına
qüdrət gətirirsə, publisistik qüdrəti ilə də
yazıçılıq fəhmini özünütənqid kəsəri
ilə zənginləşdirə bilir. Məncə, belə
demək doğru olar ki, Elçin bütün hissləri və
duyğuları ilə yazıçıdır və bütün
ruhu ilə publisistdir, eyni zamanda Elçin bütün
varlığı ilə ədəbiyyat adamı olduğu
kimi, üstəgəl, son dərəcə təəssübkeş
teatr xadimi və vicdanlı dövlət adamıdır.
Elçin böyük anlamda mükəmməl insandır.
Yubiley
ərəfəsində Elçin müəllimi təbrik
üçün qəzet səhifələrində çoxlu
sayda təbriklər və müxtəlif xarakterli yazılar dərc
olundu. Belə bir addımı mən də
düşünürdüm, lakin fərqli bir təbrikə
hazırlaşırdım. Elçin müəllim haqda
çapa verdiyim kitabın sürprizi ilə təbriklərə
qatılmağı nəzərdə tutmuşdum, lakin mətbəə
gecikdirməsi məni məyus etdi. Amma düşündüm
ki, bu məyusluq bir o qədər də kədərli deyildir.
Nəzərə alsaq ki, ömrünün 71-ci baharına qədər
Elçin müəllimin yubiley ilidir, demək ki, il boyu hər
an təbrik etmək olar. Gecikmək heç də “var olmamaq”
demək deyildir. Əsas olan odur ki, Elçin Əfəndiyevə
qarşı olan səmimi münasibətim yalançı
populistlikdən çox-çox uzaqda dayanır və bu həqiqi
səmimiyyət elə həqiqətən də səmimi
hisslərin həqiqətidir.
Bu
fikrin təsdiqi “Müstəqillik dövrü
teatrımızın inkişafında Elçin
dramaturgiyasının mövqeyi” adlı elmi monoqrafiyamın
ilk səhifəsində yer alan müəllif sözündə
bütün dolğunluğu ilə öz əksini tapır:
“Çağdaş Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, Xalq
yazıçısı Elçin İlyas oğlu Əfəndiyevin
anadan olmasının 70 illik yubileyi ərəfəsində
monoqrafiyam əsasında çap etdirdiyim, müstəqillik
dövrü Azərbaycan teatrının inkişafında
Elçinin müstəsna xidmətlərini aydınladan bu
kitab ədibə böyük hörmət və
ehtiramımın təzahürüdür”.
...Nəhayət,
kitab işıq üzü gördü. O andakı sevincimin həddi-hüdudu
barədə danışmaq istəmirəm. Çünki belə
sevinc hissləri sözlə çətin ifadə olunur.
Yeddillik zəhmətin nəticəsində könlümə
dolan ruh yüksəkliyi qanad açıb məni
ağlımın dərk edə bilmədiyi ənginliklərə
uçurdurdu. Kitabın sevinci ilə bərabər təbrikə
hazırlaşdım. Lakin nədənsə birdən-birə
məndə belə bir hiss baş qaldırdı ki, öz
zamanından sonra çiçək açan ağacın
meyvəsi soyuqlara düşdüyü üçün
yetişə bilmir. Odur ki, fikrimi dəyişdim və belə
bir orijinallığa qərar verdim ki, mən böyük ədibi
hamıdan fərqli formada, yetmişin
başlanğıcında deyil, sonunda, yetmiş birin
başlanğıcına keçiddə, ömrünün
yeni baharına qədəm qoyduğu ərəfədə təbrik
edəcəyəm. Bununla da içimdəki “öz
zamanından sonra çiçək açan ağacın
meyvəsi soyuqlara düşdüyü üçün
yetişə bilmir” sindromunu “Tanrının qüdrəti ilə
yetişə bilir!” hikməti ilə alt-üst edəcəyəm.
Bu işıqlı düşüncələr və nurlu
fikirlərlə ucadan səslənirəm:
Əziz
və hörmətli Elçin müəllim!
Ömrünüzün yetmişinci son baharından yetmiş
birinci ilk baharına qədəm qoyduğunuz məqam
münasibətilə Sizi rəhbərlik etdiyim C.Cabbarlı
adına İrəvan Dövlət Azərbaycan Dram
Teatrının kollektivi ilə birlikdə bağrıma
basıb öpür və Sizə, böyük
yaradıcılıq zirvəsinə yüksəltdiyiniz sənətkar
ömrünün ucalığında sönməz ilham,
cansağlığı, uzun ömür arzulayıram!
Hörmətlə,
İftixar,
sənətşünaslıq
üzrə fəlsəfə doktoru,
Əməkdar mədəniyyət
işçisi
Mədəniyyət.- 2014.- 14 may.-
S. 7.