“Dünya
azərbaycanlıları ulu öndər
Heydər Əliyevi anır!”
İrəvan
Teatrı Tiflisdə qastrolda olub
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 8-12 may tarixlərində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “Dünya azərbaycanlıları ulu öndər Heydər Əliyevi anır!” layihəsi çərçivəsində geniş heyətlə Gürcüstan Respublikasında qastrol səfərində olub. Səfərdə teatrın kollektivi şair-dramaturq İftixarın ümummilli liderə həsr olunmuş, Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanan “Nurlu ömrün anları” mənzum tamaşası ilə təmsil olunub.
Mayın 9-da gürcü teatr xadimləri və Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrının kollektivi ulu öndərin Tiflisdəki abidəsinin ziyarət edib. Yaradıcı heyət həmin gün M.F.Axundzadənin ev-muzeyində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində “Nurlu ömrün anları” mənzum tamaşasını nümayiş etdirib. Tamaşanı Gürcüstanın dövlət və hökumət nümayəndələri, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları da izləyiblər.
Tamaşadan sonra tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevi xoş xatirələrlə yada salıb, onun genişmiqyaslı siyasi fəaliyyətinə yüksək dəyər verdiklərini ifadə ediblər. Səfərin həyata keçirilməsində yaxından köməklik göstərən “Günəş” assosiasiyasının rəhbəri Nizami Məmmədzadəyə minnətdarlıq edən teatrın direktoru İftixar Piriyev Gürcüstan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, millət vəkili Qoqi Kaftaradzenin dəvəti ilə baş tutan bu mötəbər anım gününün gürcü xalqının ulu öndər Heydər Əliyevə məhəbbətinin tərənnümü olduğunu vurğulayıb. Gürcüstanın sabiq mədəniyyət naziri Valeri Asatiani Heydər Əliyevlə səmimi görüşlərini xatırlayıb.
Sonda qonaqlara şair-dramaturq İftixarın ulu öndərə həsr olunmuş, doqquz dildə nəfis şəkildə çap olunmuş “Müstəqil vətənin memarı” poeması və ümummilli liderin bədii obrazının təcəssüm tapdığı “Qurtuluş dastanı” tamaşasının DVD diski hədiyyə olunub.
Mayın 10-da “Nurlu ömrün anları” tamaşası Marneulidə, ayın 11-də Marneuli rayonunun Kəpənəkçi kəndində və Rustavi şəhər Mədəniyyət evində təqdim olunub.
Tamaşadan öncə Rustavi şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Xaləddin Yolçuyev, türkiyəli qonaq Nazim İrfan Tanrıkul, professor Mahmud Hacıxəlilov və digər çıxış edənlər Heydər Əliyev fenomeninin məziyyətlərindən söhbət açıblar.
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Gürcüstan Respublikasında həyata keçirilən “Dünya azərbaycanlıları ulu öndər Heydər Əliyevi anır!” layihəsi mayın 12-də Qardabani tamaşaçıları ilə görüşlə yekunlaşıb.
Tamaşaçılar belə tədbirlərin
vaxtaşırı keçirilməsinə göstərdiyi
diqqətə görə Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinə təşəkkürlərini
ifadə ediblər.
Mədəniyyət.- 2014.- 14 may.-
S. 7.