“Məhtumqulu Fəraqi - ümumbəşəri mədəni dəyərlər”

 

Beynəlxalq konfransda Azərbaycan nümayəndə heyəti də iştirak edir

 

Mayın 15-də Türkmənistanın paytaxtı Aşqabadda türkmən xalqının böyük mütəfəkkiri Məhtumqulu Fəraqinin 290 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans işə başlayıb.

“Məhtumqulu Fəraqi. Ümumbəşəri mədəni dəyərlər” mövzusunda konfransa beynəlxalq elm mərkəzlərindən, AvropaAsiya ölkələrindən, MDB dövlətlərindən alimlər, mədəniyyət və incəsənət xadimləri qatılıb.

Konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edir. Heyətə ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Yazıçılar Birliyinin sədri Anar, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, alimlər daxildir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Maisa Yazmuhammedova və mədəniyyət naziri vəzifəsini icra edən A.Qaracayevlə görüşüblər.

Görüşdə ölkələrimiz arasında mədəni əlaqələrin genişləndirilməsi və daha da dərinləşdirilməsinin vacibliyi vurğulanıb, bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub.

Konfrans iştirakçılarının Marı (Merv) vilayətinə səfəri və bir sıra tarixi yerlərə ziyarəti də nəzərdə tutulub.

 

Mədəniyyət.- 2014.- 16 may.- S. 2.