Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başladı

 

Əlamətdar hadisə münasibətilə Strasburqda mədəniyyət tədbirləri keçirilib

 

Mayın 14-də Azərbaycan Respublikası Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayıb. Ölkəmiz müstəqillik tarixində ilk dəfə bu mötəbər quruma rəhbərlik edəcək.

6 ay davam edəcək sədrlik bir sıra mədəni tədbirlərlə də müşayiət olunacaq. Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyə başlaması münasibətilə mayın 13-də Strasburqun Broqli meydanında bayraq dəyişmə mərasimi keçirilib. Ötən 6 ayda quruma sədrlik edən Avstriyanın bayrağı endirilib, Azərbaycanın bayrağı dövlət himnimizin sədaları altında flaqştoka ucaldılıb.

Tədbirdə Strasburq merinin müavini Jan-Jak Qsel, Avropa Şurası baş katibinin müavini xanım Qabriella Battaini-Draqoni, Avstriyanın və Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndələri Rudolf LenxEmin Eyyubov çıxış ediblər.

Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyə rəsmən başlaması münasibətilə mayın 14-də Strasburqun MusiqiKonqres Sarayında virtuoz ifaçı İsfar Sarabskinin etno-caz solo konserti olub. Tədbir Azərbaycan Respublikasının Avropa Şurası yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşib.

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi səfir Emin Eyyubov tədbirdə çıxış edərək ölkəmizin bu nüfuzlu quruma sədrliyi dövründə müxtəlif tədbirlərin təşkil olunacağını bildirib, konsertin də məhz bu əlamətdar hadisəyə həsr olunduğunu diqqətə çatdırıb. İsfar Sarabskinin 2009-cu ildə Montrödə keçirilən beynəlxalq caz festivalının qalibi olduğu bildirilib, müasir cazla xalqımızın ənənəvi muğam musiqisinin sintez edilərək etno-caz musiqisinin yaranması barədə tamaşaçılara məlumat verilib.

Diplomat eyni zamanda Türkiyədə kömür mədənində baş vermiş faciə ilə əlaqədar başsağlığı verib, belə ağır məqamda azərbaycanlıların qardaş türk xalqı ilə həmrəy və dərdlərinə şərik olduqlarını bildirib.

Konsertdə İ.Sarabskionu müşayiət edən musiqiçilər tamaşaçılara maraqlı konsert proqramı təqdim ediblər. Onların çıxışları rəğbətlə qarşılanıb.

Tədbirdə Avropa Şurasının rəsmləri, bu qurumdaStrasburqda akkreditə olunan diplomatik korpusun əməkdaşları, şəhərin nümayəndələri, Azərbaycan və türk diasporlarının təmsilçiləri, yerlixarici jurnalistlər, Strasburq Universitetində təhsil alan tələbələrimiz iştirak ediblər.

Sonda ziyafət verilib. İştirakçılar Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun rəhbərliyi ilə aşpaz qrupu tərəfindən təqdim olunan Azərbaycan mətbəxinin ləziz təamlarını dadıblar.

 

Mədəniyyət.- 2014.- 16 may.- S. 3.