"Ümumi mədəni irs şəhərləri"

 

Layihənin Azərbaycan marşrutu üzrə araşdırma aparılıb

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi İslam Əməkdaşlıq Təşkilatı İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) dəstəyi ilə turizm sahəsi üzrə "Ümumi mədəni irs şəhərləri" layihəsini həyata keçirir. Aprel ayında başlanan layihə COMCEC-ə üzv olan 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə) mədəni, xüsusilə arxeoloji turizm potensialının araşdırılması, oxşar mədəni irs nümunələrinə sahib olan bölgələrin müəyyən edilməsi və bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını nəzərdə tutur. Ötən ay layihənin ekspertləri (tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və turizm üzrə mütəxəssis Tərlan Quliyev) Türkiyədə səfərdə olublar. 9-13 may tarixində isə onlar layihənin Azərbaycan üzrə mədəni turizm potensialının araşdırılması məqsədilə Bakı-Qəbələ-Şamaxı-Gəncə-Şəmkir-Ağsu-Bakı istiqamətində səfərə çıxıblar. Ekspertlər Azərbaycanın türk-islam mədəniyyətinin izlərini daşıyan 50-dək tarixi abidə, bu bölgələrin islam mədəniyyəti və tarixi irsi ilə tanış olublar.

Səfər zamanı peşəkar fotoqraf tərəfindən fotolar çəkilib, fotobank yaradılıb. Müvafiq dövlət qurumları, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin yerli şöbələrinin rəhbərləri və əməkdaşları, ekspert qrupuna yaxından kömək edib, onların müvafiq nəşrlər və məlumatlarla təmin edilməsinə köməklik göstəriblər.

Yekun olaraq ekspertlər tərəfindən daha əvvəl toplanmış və səfər zamanı əldə olunmuş araşdırma materialları birləşdirilərək Azərbaycan Respublikasının arxeoloji-mədəni turizm potensialına dair hesabat hazırlanacaq.

Birinci mərhələnin davamı olaraq iyun ayında Qazaxıstan və Özbəkistanın arxeoloji turizm potensialı olan mədəni irs şəhərlərində də araşdırmalar aparılacaq. Layihə sentyabr ayınadək davam edəcək.

 

Mədəniyyət.- 2014.- 16 may.- S. 4.