Dəniz turizmi üçün
hər şey bir arada
Mayın 15-də Bakı Ekspo Mərkəzində VIII beynəlxalq
motor şou («BIMS-2014») və
I Xəzər beynəlxalq
kater və yaxtalar («CIBS-2014») sərgiləri
işə başladı.
Açılış mərasimində çıxış
edən Azərbaycan Dövlət Dəniz Administrasiyası rəisinin
müavini Ehtiram Rəhimov bildirdi ki, sərginin keçirilməsi Azərbaycanda
dənizçilik sənayesinin
və dəniz turizminin inkişafına töhfə verəcək. O, sərgilərin
keçirildiyi ərazinin
dünya avtomobil sənayesi və motorlu su texnikasının
son nailiyyətlərinin nümayiş
etdirilməsi, təcrübə
mübadiləsi aparmaq
baxımından əlverişli
məkan olduğunu bildirdi: «CIBS-2014» debüt sərgisi motorlu su texnikasının və su hövzələrində
fəal istirahət üçün lazım olan məhsulların dünya markalarını bir araya gətirir
və beynəlxalq əməkdaşlığa zəmin
yaradır. Ölkəmizdə ilk dəfə reallaşdırılan
bu sərgi Dövlət Dəniz Administrasiyasının dəstəyi
ilə keçirilir».
Sərgi iştirakçılarına Azərbaycan
Avtomobil Federasiyasının
prezidenti Anar Ələkbərovun təbrik
məktubu oxundu.
«İteca Caspian» şirkətinin
icraçı direktorunun
müavini Bəhruz Hidayətzadə sərgilər
barədə məlumat
verərək qeyd etdi ki, «BIMS-2014» şousu Azərbaycan Avtomobil Federasiyasının
(AAF), Azərbaycanda İxracın
və İnvestisiyaların
Təşviqi Fondunun
(AZPROMO) və Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının dəstəyi
ilə keçirilir. Dünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) keyfiyyət
nişanı sərginin
beynəlxalq statusunu təsdiq edib. Təşkilatçılar qismində «Iteca
Caspian» və onun tərəfdaşı «ITE Group Plc» şirkətləri çıxış
edirlər. Sərginin sponsoru
isə «Toyota» şirkətidir.
Bildirildi
ki, «BIMS-2014» sərgisində
Almaniya, Çin, Polşa, Rusiya, Türkiyə - ümumilikdə
14 ölkədən 85 şirkət
öz məhsullarını
təqdim edir. Sərgi sahəsinin 55 faizini yerli şirkətlər tuturlar. «BIMS-2014» sərgisi
ilə yanaşı keçirilən Xəzər
beynəlxalq kater və yaxtalar («CIBS-2014») sərgisində isə Azərbaycan, Avstriya, Böyük Britaniya, Yunanıstan, İtaliya, Hollandiya, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Fransa, İsveç və Yaponiyadan yaxta biznesinin aparıcı şirkətləri
iştirak edirlər.
Sonra sərgilərin açılışını
bildirən lent kəsildi,
iştirakçılar təqdim
olunan məhsullarla tanış oldular.
«BIMS-2014» sərgisində avtomobil həvəskarlarının
və sahə peşəkarlarının diqqətinə
üç böyük
sektor - minik avtomobilləri, motorlu nəqliyyat növləri,
kommersiya nəqliyyatı
və avtomobillər üçün ehtiyat hissələri və ləvazimatlar təqdim olunur. Sərginin iştirakçıları
arasında «Toyota», «Lexus», «Suzuki», «Volvo» və s. istehsalçılar
var.
Yaxtalar,
katerlər və onlar üçün ehtiyat hissələri ilə yanaşı, sərgidə skuterlər,
hava ilə doldurulan motorlu qayıqlar, xüsusi paltarlar, yaxta və katerlər üçün sükan sistemləri, lövbər
və yanalma üçün lazım olan avadanlıqlar, habelə xilasetmə avadanlıqları, burazlar,
kanatlar, alpinist avadanlıqları,
sualtı ov və hovuz üçün
ləvazimatlar təqdim
olunur. Sərgidə hərbi dəniz
mühəndisliyi və
gəmi avadanlıqları
sahəsində fəaliyyət
göstərən şirkətlər
də iştirak edirlər.
«BIMS-2014» və «CIBS-2014» sərgiləri dünya avtomobil sənayesi və motorlu su texnikasının təmayüllərini nümayiş etdirməklə yanaşı, işgüzar əlaqələrin genişləndirilməsi və yeni kommersiya təkliflərinin təqdimatı üçün biznes platforması kimi xidmət göstərir. Hər iki sərgi mayın 17-dək davam edəcək.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 16 may.-
S. 4.