Xalq çalğı alətləri
ifaçılarının müsabiqəsi
İkinci turda 150-dək
iştirakçı bacarığını nümayiş
etdirir
Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsi keçirilir.
Musiqi təhsilinin inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil olunan müsabiqə 6 ixtisas (tar, kamança, qanun, qarmon, saz, balaban ifaçılığı) üzrə və üç yaş qrupunda (10-12, 13-15 və 16-18 yaş) ifaçılar bacarıqlarını nümayiş etdirirlər. İki turdan ibarət müsabiqənin birinci turu zonalar üzrə Mingəçevir şəhərində, Xaçmaz, Ağcabədi, Abşeron rayonlarında və Bakıda keçirilib.
Mayın 14-də Bakı şəhər Ə.Bədəlbəyli adına 23 nömrəli 11 illik musiqi məktəbində II tura start verildi. Bu turda Ağcabədi, Ucar, Zərdab, Beyləqan, Ağdam, İmişli, Xocavənd və Füzuli rayonlarının musiqi və incəsənət məktəblərinin, Ağdam Musiqi Kollecinin şagirdləri iştirak edirlər. Hər ifaçı 2 musiqi əsəri ifa edir. Onların ifa bacarığını görkəmli tarzən, Xalq artisti Ramiz Quliyevin rəhbərliyi ilə münsiflər heyəti qiymətləndirir.
İkinci turun başlanması ilə bağlı mərasimdə çıxış edən Ramiz Quliyev respublikamızda musiqi təhsilinin inkişafından, müsabiqənin əhəmiyyətindən, milli musiqi alətlərinin təbliğindən və bu sahəyə göstərilən dövlət qayğısından danışdı. Bildirdi ki, Azərbaycan bədii təhsili sahəsində xalq çalğı alətləri ifaçılığı xüsusi yer tutur: “Bu baxımdan müsabiqənin çox böyük əhəmiyyəti var. Müsabiqə iştirakçıları arasından gözəl ifalar yekun konsertə daxil ediləcək. Yarışmanın vacib şərtlərindən biri də paralel olaraq müəllim, şagird və konsertmeyster işbirliyinin ortaya çıxmasıdır. Bu zaman iştirakçı məktəbin göstəricisi nəzərə çarpır”.
Xalq artisti bildirdi ki, ikinci turda 63 nəfər tar, 30 kamança, 11 kanon, 22 saz, 5 balaban və 19 qarmon ifaçısı - ümumilikdə 150 nəfər iştirak edir. Onlar 600-ə yaxın iştirakçı arasından seçilib. Həmçinin birinci turda açıq dərs və ustad dərsləri keçirilib.
Qeyd olundu ki, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin bu işdə fəallığı öz bəhrəsini verməkdədir. Rayonların rəhbərliyi də müsabiqəyə böyük maraqla yanaşıblar: “Amma münsiflərin sədri kimi təkcə tərif yox, kiçik qüsurları da deməliyəm. İstərdim ki, hər məktəbin konsertmeysteri öz ifaçısını müşayiət etsin, müəllimlər şagirdlərinə alətləri sərbəst kökləməyi öyrətsinlər, alətlər uşaqların fiziki imkanlarına uyğun seçilsin və s. Əsas isə vaxtaşırı müəllimlərin təkmilləşmə kurslarına dəvət edilməsidir. İnanıram ki, müsabiqəyə maraq çox olduğu kimi nəticələri də gözəl olacaq”.
Müsabiqənin gedişi barədə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təhsil şöbəsinin müdiri Natiq Mustafayevin fikirlərini öyrəndik. Şöbə müdiri bildirdi ki, müsabiqədə bölgələrlə yanaşı, Bakı şəhərindən uşaq musiqi və incəsənət məktəblərinin, İncəsənət Gimnaziyasının, Bülbül adına orta ixtisas musiqi məktəbinin, musiqi kolleclərinin, Azərbaycan Milli Konservatoriyasının şagird və tələbələri iştirak edirlər: “Əsas məqsədimiz gənc istedadların aşkarlanması və onların dəstəklənməsidir. Gənclər tanınmış musiqiçilər - Xalq artisti, professor Ramiz Quliyev, Əməkdar incəsənət xadimi Arif Əsədullayev, Azərbaycan Milli Konservatoriyasının dosenti Mübariz Əliyev, əməkdar artistlər Vamiq Məmmədəliyev, Elşad Cabbarov və başqalarının qarşısında sənət imtahanı verirlər. Onu da qeyd edim ki, incəsənət məktəbləri üzrə uşaq rəqs kollektivlərinin, rəsm ixtisası üzrə təhsil alan şagirdlərin sərgi-müsabiqələrini və xanəndəlik təhsili alan gənclərin festivalını keçirməyi nəzərdə tuturuq”.
Xatırladaq ki, müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi və yekun konserti Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunacaq.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 16 may.-
S. 5.