Keçmişə ehtiramla - gələcəyə inamla

 

18 may dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. UNESCO yanında Beynəlxalq Muzeylər Şurasının (İCOM) qərarı ilə 1978-ci ildən qeyd olunan bu əlamətdar gün dünya muzeyləri arasında əlaqələrin qurulmasına öz töhfəsini verir. Sovet dövründə Azərbaycan muzeyləri Beynəlxalq Muzeylər Şurası ilə əlaqələrini keçmiş SSRİ Milli Komitəsi vasitəsilə həyata keçirirdi.

Respublikamız müstəqilliyini bərpa etdikdən sonra, 1993-cü ildən Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi fəaliyyətə başlamışdır. Ötən illər ərzində muzeylərimizin beynəlxalq aləmdə tanıdılması, onların fəaliyyətlərinin əlaqələndirilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir.

2014-cü ildə Beynəlxalq Muzeylər Gününün, İCOM-un tövsiyəsinə əsasən, “Muzey kolleksiyaları ünsiyyət yaradır” devizi altında keçirilməsi qərara alınmışdır. Devizdən göründüyü kimi, qloballaşan dünyamızda, cəmiyyətdə baş verən sosial dəyişikliklərdə muzeylərin rolu artır, tarixi dövrlər və nəsillər arasında ünsiyyət vasitəsi kimi daha çox əhəmiyyət kəsb edir. Həmin gün münasibətilə keçirilən tədbirlərdə muzeylərin tarixinə nəzər salınır, muzey işçiləri müəyyən mənada öz fəaliyyətləri barədə hesabat verirlər.

1924-cü ildə təşkil olunan Naxçıvan Dövlət Tarix Muzeyi 1967-ci ilədək muxtar respublikada yeganə muzey kimi fəaliyyət göstərmişdir. Keçmişə nəzər salsaq, görərik ki, Azərbaycan muzeyləri inkişaf yoluna ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə qədəm qoymuşdur. Ötən əsrin 70-ci illərindən başlayaraq, ölkəmizin bir çox yerlərində olduğu kimi, muxtar respublikada da müxtəlif profilli muzeylərin yaradılması, fəaliyyət göstərən muzeylərin zənginləşdirilməsi işi diqqət mərkəzində olmuşdur.

Ümummilli liderin təşəbbüsü və qayğısı ilə Ordubad şəhərində 1972-ci ildə M.S.Ordubadinin, 1975-ci ildə isə akademik Y.Məmmədəliyevin ev-muzeylərinin təşkil edilməsi dediklərimizin əyani ifadəsidir. 1980-ci ildə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən “Respublikada muzeylərin şəbəkəsinin genişləndirilməsi haqqında” qərar muzey şəbəkəsinin inkişafına, bu işə rəhbərliyin təkmilləşdirilməsinə və bir çox bölgələrdə tarix-diyarşünaslıq muzeylərinin açılmasına şərait yaratmışdır. Qərardan sonra 1980-82-ci illərdə Azərbaycanda 30-dək muzey, o cümlədən muxtar respublikanın Şərur, Babək, Ordubad, CulfaŞahbuz rayonlarında tarix-diyarşünaslıq muzeyləri, Naxçıvan şəhərində H.Cavidin və C.Naxçıvanskinin ev-muzeyləri yaradılmışdır. Həmçinin Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyası geniş mövzulu plan əsasında yenidən qurulmuşdur.

Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev yeni muzeylərin yaradılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində diqqətəlayiq işlər görür. Prezidentin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 6 mart 2007-ci il tarixli sərəncamı muzeylərə dövlət qayğısının bariz nümunəsidir.

Naxçıvan muzeylərinin şəbəkəsinin genişləndirilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində muxtar respublika rəhbərliyinin həyata keçirdiyi ardıcıl tədbirlər də öz bəhrəsini verməkdədir. 1995-ci ildə muxtar respublikada 13 muzeymuzey tipli müəssisə olduğu halda hazırda onların sayı 25-ə çatmışdır. Naxçıvan şəhərində ən son yaradılan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin bu ilin aprelində Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuşdur.

Beynəlxalq Muzeylər Günündə özlərinin peşə bayramını qeyd edərkən muzey işçiləri mədəniyyətimizin böyük hamisi, tarixi-mədəni irsimizin qayğıkeşi, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir daha ehtiramla yad edir, keçilən yola nəzər salır, öz işlərini bir daha təhlil edərək gələcək vəzifələrini müəyyənləşdirirlər.

 

Nizami Rəhimov,

 

Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, muxtar respublikanın Əməkdar mədəniyyət işçisi, Beynəlxalq Muzeylər Şurasının üzvü

 

Mədəniyyət.- 2014.- 16 may.- S. 10.