Əlçatmaz qalamız

 

Dünyanın ən qədim mədəniyyət nümunələrini yaradan Azərbaycan xalqı ədəbiyyatı, musiqisi, incəsənəti, tarixi abidələri ilə dünya mədəniyyətinə böyük töhfələr verib.

Bu zənginliyin bir hissəsi də Azərbaycanın əzəli torpaqları olan Qarabağda formalaşan mədəniyyətidir. Qədim dövrdən strateji əhəmiyyəti ilə seçilən Qarabağa düşmən hücumları şəhərsalma mədəniyyətinə, tikililərin memarlıq üslubuna, onların quruluşuna və planlaşdırılmasına da öz təsirini göstərmişdir.

Bu gün düşmən işğalı altında olan Qarabağın orta əsrlərə aid memarlıq abidələrindən olan Qaxaç qalası öz möhtəşəmliyi ilə insanı heyrətləndirir. Qaxaç Qarabağın əzəmətli tarixi memarlıq abidələrindən biridir.

Qala 3 min metr yüksəklikdə, dağın zirvəsində inşa edilib. Qalanın hündürlüyü 50 metr olmaqla yanaşı, qərb tərəfdən dağlarla, şimal və şərq istiqamətindən düz, dik qayalarla əhatə olunub. Qalanın digər yerlərinə nisbətən cənub tərəfi müdafiə baxımdan zəif olub. Buradan qalaya giriş üçün sərt bir cığır var. Lakin tarix boyunca qalanı heç kim fəth edə bilməyib. Qalanın kiçik görünməsinə baxmayaraq, ərazisi kifayət qədər böyük sahəni əhatə edir.

Qaxaç qalası Xocalı rayonunun Meşəli kəndi ərazisində, dağın zirvəsində yerləşir. Xankəndindən Qandzasar monastırına gedən yoldan göz ilə aydın seçilir. Qala dəfələrlə ətraf kəndlərdə yaşayan sakinlərin müdafiə edilməsində mühüm rol oynayıb. Həmin dövrdə bu qalanın tikilməsində məqsəd buradakı iri yaşayış ərazilərinin, əhalisinin qorunması olmuşdur. Lakin qala öz xüsusi mövqeyinə görə, yerləşdiyi hündürlük səbəbi ilə, silah olmasa belə qorunma imkanlarına malik idi. Qalanın tikintisi IX əsrin birinci yarısında tamamlanmışdır. İnşasında tikinti materialı kimi əhəngdaşından və daşdan istifadə edilən Qaxaç qalası orta əsrlər dövründə mühüm müdafiə istehkamlardan birinə çevrilib. Qədim zamanlarda qalada çoxsaylı yaşayış yerləri, mağaralarda gizli keçidlər, düşmən hücumu zamanı daş atmaq üçün mazğallar qurulmuşdu. Qalada əsas diqqətçəkən məqamlardan birisu təchizatı ilə bağlıdır və bu problem unikal bir yolla həll edilib. Yağış sularını saxlamaq üçün qayaları oyaraq çuxurlarına yığılan suyu istifadə etməklə yanaşı, qış mövsümü zamanı qar əridilməsi üçün yerlər də yaradılıb. Təmiz su isə dağın ətəyindəki bulaqdan gətirilirmiş...

Təəssüf ki, bu gün Qarabağın işğal altında olması, bir çox tarixi abidələr kimi, bu qalanı da bizə əlçatmaz edib. Tariximizin, mədəni irsinizin dərin qatlarını yaşadan bu yerlər haqqında indi ancaq keçmiş zamanda, nisgillə söz açırıq.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 16 may.- S. 11.