Muzey - həqiqət axtarışında olanların ünvanı

 

18 may dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Xalqların tarix və mədəniyyətinə ehtiram göstərilməsi, dünya muzeylərinin fəaliyyətinin əlaqələndirilməsi məqsədilə 1977-ci ildə təsis olunan əlamətdar gün ölkəmizdə də qeyd olunur, muzeylərdə müxtəlif tədbirlər keçirilir. Bu tarixi gün ərəfəsində paytaxtımızdakı Nəriman Nərimanovun xatirə muzeyinin böyük elmi işçisi Rəna Qəhrəmanova ilə görüşüb həmsöhbət olduq.

- Rəna xanım, uzun müddətdir Nərimanovun xatirə muzeyində çalışırsınız. Sizcə, bu tip muzeylərin əhəmiyyəti nədədir?

- Həmişə düşünürəm ki, xalqın böyüklüyü təkcə yaratdığı mədəniyyətin zənginliyi, bəşəriyyətin tərəqqisi üçün verdiyi töhfələrin miqyası və dünyaya bəxş etdiyi şəxsiyyətlərin sayı ilə deyil, həm də bunlara öz yanaşma tərzi ilə ölçülməlidir. Əgər illər boyu əldə etdiklərimizi dəyərləndirə bilmiriksə, qoruyub saxlamırıqsa və yeni nəsillərə ötürmək fikrindən uzağıqsa, sonda əliboş qalmayacağıqmı? O zaman bir millət olaraq nə ilə tanınacaq, dara düşəndə hansı təcrübəyə əsaslanacaq, kimdən ibrət götürəcəyik? Bu mənada fədakarlığı, gözəl əməlləri ilə anılmaq haqqını qazanmış insanlarımızın ev, mənzil, xatirə muzeylərinin yaradılması, irsinin tədqiq və təbliğ edilməsi çox yaxşı haldır. Axı muzeylər böyük mənəvi xəzinədir. Elə bizim muzeyimizin timsalında da bunu görmək mümkündür. Çünki burada Nəriman Nərimanovla yanaşı, XX əsr Azərbaycan tarixinin, ədəbi-mədəni mühitinin çox sirli mətləblərindən söhbət açılır.

İctimai fikir tariximizin görkəmli simalarından olan N.Nərimanov həm şəxsiyyəti, həm də zəngin ədəbi, elmi, nəzəri-fəlsəfi irsi ilə bütün zamanlarda insanların maraq dairəsində olub. İllərdir, biz bu marağın nəinki sönmədiyinin, əksinə, daha da artdığının canlı şahidləriyik. Məlumdur ki, sovetlər dönəmində bir çox şəxsiyyətlərimiz və bir sıra mühüm hadisələr haqqında məlumatlar ya tamamilə gizlədilib, ya da təhrif edilib. Amma bugünkü gəncliyin cəsarətlə verdiyi suallar tarixi həqiqətləri dəqiqliklə öyrənmək istəklərindən xəbər verir. İmkanlar isə genişdir və elə biz də tarix-ədəbiyyat profilli bir muzey kimi N.Nərimanovun, onun müasirləri olmuş Azərbaycan ziyalıları və ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətinin, qarşılıqlı münasibətlərinin öyrənilməsində yardımçı oluruq. Çünki “ibrət alınası xəzinə” olan Nərimanov irsində tariximizdəki müəyyən problemli məqamlara aydınlıq gətirəcək, bu gün də köməyimizə çatacaq səhifələr çoxdur.

- Nərimanovla bağlı verilən daha çox hansı suallarla rastlaşırsınız?

- Onun siyasi fəaliyyəti ilə bağlı fikirlər ziddiyyətli olduğu üçün ən çox təkrarlanan suallar da bu barədə olur. Çünki Nərimanovun uzun illər birtərəfli tədqiqi, üstəlik 90-cı illərdə məlumatsızlıqdan, ya da qərəzdən mətbuat vasitəsilə yayılan yanlışların, haqsız irad və ittihamların yer aldığı məqalələr, informasiyalar da çoxlarını çaşdırıb. Ona görə də dəlilləri ortaya qoymaqla qənaətləndirməyə üstünlük veririk və diqqəti XX əsrin 20-ci illərinin dramatik, mürəkkəb və ziddiyyətli hadisələrlə zəngin bir dövr olduğuna və Nərimanov şəxsiyyətini qiymətləndirərkən bütün bunların nəzərə alınmasının vacibliyinə yönəldirik. Ən başlıcası isə millilikdən uzaqlaşmadan siyasətçi ömrü yaşayan dahi şəxsiyyətin heç zaman öz əzəli amalına - köləlik və istismarla əbədi savaş xəttinə vəfasız çıxmadığını, milyonların da onu məhz bu saflığına və dönməzliyinə görə yüksək dəyərləndirdiyini faktlarla dilə gətirib nümayiş etdiririk.

Fondumuzda bu tərəddüdlərə son qoyacaq kifayət qədər material mövcuddur. Amma əksər sualların həqiqi cavabını Nərimanovun öz qələmindən çıxan məktublarda, məqalələrdə, imzaladığı çeşidli sənədlərdə, müxtəlif qeydlərində tapmaq mümkündür. Onun uzun illər məxfi saxlanmış “Oğluna bitməmiş məktubu” (əlyazması da nümayiş etdirilməklə), Leninə və Stalinə məktublarından, M.S.Ordubadinin “Nərimançılıq” adlı yazısı, Nərimanovun həmfikirləri olmuş görkəmli ziyalılarımızın, həm də siyasi rəqiblərinin şəxsi yazışmalarından, eləcə də mühacir ədəbiyyatı - M.Ə.Rəsulzadənin “Stalinlə ixtilal xatirələri”, H.Baykaranın “İstiqlal mübarizəsi tariximizdən”, Ə.Əhmədovun “1918-1925-ci illərdə Azərbaycanda milli hərəkat, partiyalarictimai xadimlər şahid gözü ilə” əsərləri və RK(b)P MK Qafqaz Bürosu iclaslarının protokollarından istifadə edirik. Son 15-20 ildə üzə çıxarılan bu qiymətli materiallar o dövrün ruhunu duymağa, millətimizə fəlakətlər gətirəcək əyintilərə qarşı təkbaşına mübarizə aparmağa məcbur olan Nərimanovun nələrdən keçdiyini anlamağa kömək edir. Təkcə elə sovet hakimiyyətinin ilk illərində mühüm postlarda işləmiş Behbud ağa Şaxtaxtinskinin 1922-ci ilin avqustunda Stalinə ünvanladığı məktubun nümayişi ilə məlumat vermək kifayət edir ki, milli sərvətlərimizin qorunması, talanıb Rusiyaya daşınmaması üçün böyük risklərə gedən Nərimanovun etibar etdiyi bir çox yerli bolşeviklərin ona və əslində Azərbaycana necə xəyanət etdiklərini aşkarcasına görəsən.

- Bir ilə yaxındır ki, yeni ekspozisiyanız fəaliyyət göstərir. O, əvvəlkindən nə ilə fərqlənir?

- Nərimanovun şəxsi həyatını, ailəsini, fəaliyyətini, müasirləri və məsləkdaşları, eləcə də onunla əməkdaşlıq edən müxtəlif zümrələrə aid insanlar haqda məlumatları əhatə edən bir ekspozisiya yaratmaqonu cəmisi 4 otaqda yerləşdirmək olduqca çətin məsələdir. Odur ki, ən vacib, dəyərli və vaxtilə məxfi saxlanan yeni materiallara üstünlük vermiş, “Nərimanovun fəaliyyətini Azərbaycan tarixindəki rolu ilə məhdudlaşdırmaq olmaz”, - deyən alimlərimizin son araşdırmalarına istinad edərək ictimai-siyasi və dövlətçilik fəaliyyətinin işıqlandırılmasına xüsusi diqqət yetirmişik. Burada həmçinin Nərimanova məxsus şəxsi əşyalar - papaq, təsbeh, portsiqar, tar aləti, xatirə dəftəri, yazı dəsti, çarpayı və ailəsinə aid bufet, daş güzgü, torşer, mebel dəstləri, mücrü, xalça, qobelen, çilçıraqlar və s. bu kimi məişət avadanlıqlarını, ailə üzvlərinin, yaxın qohumların əsli fotolarını əldə edərək o dövrün səliqə-sahmanını yaratmışıq.

Zamanında Nərimanovun da yüksək qiymətləndirdiyi mütəfəkkirlərimiz haqda məlumatlar da çox maraqla qarşılanır. İnsanlar öyrənəndə ki, Nərimanov məşhur elektrofizik, akademik Çingiz Cuvarlını, dünya şöhrətli rəssam Toğrul Nərimanbəyovun Xalq Cümhuriyyəti dövründə Bakı qubernatoru olmuş babası Əmir bəyi, Cümhuriyyət tələbəsi olaraq Fransada təhsil alan atası Fərman bəyi, dahi bəstəkar Üzeyir Hacıbəylini, doktor Bəhram Axundovu, məşhur generallar Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovu və başqalarını müxtəlif yollarla labüd ölümdən xilas edib, sizcə, hansı hisləri keçirə bilər?

- Muzey işi təkcə ekspozisiya üzrə ekskursiyalarla bitmir. Bəs muzeydən kənar hansı işləri görürsünüz?

- Hər il müxtəlif kitabxanalar, tədris və səhiyyə ocaqları, mərkəzlər, turizm şirkətləri ilə muzey xidməti haqqında müqavilələr bağlayırıq. İmkan dairəsində daha böyük auditoriyaları əhatə etməyə çalışırıq.

Nərimanov sözü ilə əməli üst-üstə düşən nadir şəxsiyyət, əsl mənada bir rəhbər, hər kəsin güman yeri olan, çəkinmədən müraciət edə biləcəyi ümid qapısı olub. O dövrün hansı hadisəsindən, hansı şəxsiyyətindən danışırsan danış, hökmən Nərimanovla əlaqə meydana çıxacaq. Bütün bunları əhatə etmək üçün hökmən digər vasitələrdən, müxtəlif mövzulu mühazirə və tədbirlərdən istifadə etmək zəruridir. Ona görə də muzeydə ekspozisiyadan istifadə etməklə açıq dərslər, elmi konfranslar, kitab təqdimatları, anım mərasimləri, yubileylər, dəyirmi masalar, diskussiyalar keçirilir.

Nərimanov irsinə maraq göstərən insanların ünvanları çox rəngarəngdir və respublika hüdudlarını aşır. Rusiyanın Həştərxan vilayəti, Gürcüstan və Türkiyə ilə əlaqələrimiz var. Muzey əşyalarının elektron kataloqunu, yeni məlumatların yerləşdirildiyi Azərbaycan və rus dillərində olan sayt, Azərbaycan, rus, ingilis dillərində facebook səhifəsi yaratmışıq, KİV-lə də sıx əlaqə saxlayırıq.

- Rəna xanım, Nərimanovla bağlı sizin də kitabınız nəşr olunub. Bu barədə qısa məlumat versəniz, yaxşı olar.

- Mətbuat üçün yazdığım məqalələrdən 12-si seçilərək “Nəriman Nərimanov: dünən, bu gün, sabah” adlı kitaba daxil edilmişmuzeyimizin yaradılmasının 35 illiyinə ərməğan kimi çap olunub. Həm Nərimanov şəxsiyyətini, həm də muzeyin fəaliyyətini işıqlandıran kitab maraqlananların köməyinə çatacaq bir vəsaitdir.

- Nəşr üçün nəzərdə tutduğunuz yeni materiallar varmı?

NərimanovunHacı Zeynalabdin Tağıyevin 50 illiyi. Məişətə cəmaətə xidmətləriadlı kitabçasını 1903-cü ildə tələbə ikən Odessadan Tağıyevə yazdığı məktubu təkrar nəşrə hazırlayaraq Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinə təqdim etmişik. Nərimanov haqqında xatirələrin, məqalələrin toplanmasını tədqiqatçılarının biblioqrafik göstəricisinin hazırlanması işini davam etdirir çapa hazırlayırıq. Nərimanovun tibb mövzusunda yazdığı bir sıra məqalə əsərlər mövcuddur ki, çoxları bundan xəbərsizdir. Onun tibb elmi ilə İslam dininin tələbləri arasında uyğunluqlar ziddiyyətlərdən bəhs edənTibb İslaməsərini fəlsəfə elmləri doktoru Arzu Hacıyevanın köməyi ilə nəşrə hazırlayırıq.

- Muzeylə bağlı daha arzularınız var?

N.Nərimanovun xatirə muzeyi yaxşı mənada fərqlənən varını böyük səxavətlə tamaşaçıları ilə bölən muzeylərdəndir. Lakin tərəqqinin sonu olmur. Gələcəkdə muzeyin fəaliyyətinin bütün sahələrində informasiya-kommunikasiya texnologiyasının daha geniş tətbiqinə nail olmaqla dünyanın məşhur muzeyləri səviyyəsinə qalxmağımızı arzu edərdim.

 

Fariz

 

Mədəniyyət.- 2014.- 16 may.- S. 12.