Vyanada Azərbaycan Mədəniyyət
Mərkəzinin bir yaşı qeyd olunub
Mayın 13-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının birilliyi münasibətilə tədbir keçirilib. Avstriyanın dövlət rəsmilərinin, parlament üzvlərinin, Vyanada akkreditə olunmuş diplomatik korpus təmsilçilərinin qatıldığı tədbiri mərkəzin rəhbəri Leyla Qasımova açaraq ötən qısa dövrdə Azərbaycanı Avstriyada tanıtmaq məqsədilə keçirilən tədbirlərdən danışıb. Qeyd olunub ki, mərkəz Avstriyanın mədəniyyət və turizm qurumları, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq əlaqələri qurub, mədəniyyətlərarası dialoqun inkişafına töhfə verib.
Ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov çıxışında qeyd edib ki, Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti nəticəsində ikitərəfli münasibətlər yeni mərhələyə qədəm qoyub, mədəni əlaqələr möhkəmlənib.
Gecədə Azərbaycan musiqiçiləri klassik və caz musiqisi nümunələrindən ibarət konsert proqramı ilə çıxış edib. Fortepianoda Nərgiz Əliyevanın müşayiəti ilə
Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri - Xalq artisti Samir
Cəfərov və Afaq Abbasova
Azərbaycan və Avropa bəstəkarlarının
əsərləri ilə yanaşı, Azərbaycan xalq mahnılarını da
məharətlə ifa ediblər.
Tanınmış cazmen Salman
Qəmbərovun rəhbərlik etdiyi “Bakustik caz” qrupu
caz improvizasiyaları ilə
tamaşaçıların zövqünü
oxşayıb.
Mədəniyyət.- 2014.- 16 may.-
S. 16.