Ölkəmiz Praqada beynəlxalq kitab sərgisində
uğurla təmsil olunub
Xəbər verdiyimiz kimi, mayın 15-dən 18-dək Çexiyanın paytaxtı Praqada XX Beynəlxalq Kitab Sərgisi və Ədəbi Festival (International Book Fair and Literary Festival) keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və ölkəmizin Çex Respublikasındakı səfirliyinin dəstəyi ilə Azərbaycan kitabları da sərgidə nümayiş olunub.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov və nazirliyin əməkdaşları iştirak ediblər. Nazirliyin Aparat rəhbəri Çex Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı ilə görüş keçirib. Görüşdə Azərbaycan ədəbiyyatının çex dilinə və çex ədəbiyyatının Azərbaycan dilinə tərcümə olunması məsələsi müzakirə olunub. Firudin Qurbanov bu layihənin iki xalqın mədəni əlaqələrinin inkişafına, bu istiqamətdə əməkdaşlığa mühüm təsir göstərəcəyini qeyd edib.
Praqa sərgisinin xüsusi buraxılışı olan "Sərgi xəbərləri" ("Fair news") qəzetində Azərbaycan haqqında iki dildə (çex və ingilis) məlumat dərc olunub. "Azərbaycan Praqada öz mədəniyyətini təqdim edir" başlıqlı məqalədə son bir neçə ildə ölkəmizlə Çexiya arasında münasibətlərin inkişafı, mədəni əlaqələrin uğurlu təbliği diqqətə çatdırılır. Məqalədə Azərbaycanın sərgidə təşkil olunmuş stendi barədə də məlumat verilib. Stenddə Qarabağ haqqında kitabların nümayiş olunduğu, eləcə də Bakının 2015-ci ildə I Avropa Oyunlarına ev sahibliyi edəcəyi haqqında məlumatların yer aldığı bildirilir.
Azərbaycan kitabları sərginin ziyarətçiləri
tərəfindən maraqla
qarşılanıb. Çexiya parlamentinin Deputatlar
Palatasının sədri və Çexiya-Azərbaycan
parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçek də Azərbaycan stendinə baş çəkib.
Mədəniyyət.- 2014.- 21 may.-
S. 6.