Müxtəlif
xalqların mədəniyyətlərinin görüş
yeri
Mayın 18-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzey-müxtəlif xalqların mədəniyyətlərinin görüş yeri” adlı tədbir keçirildi.
Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq Azərbaycan professional musiqisinin yaranmasından danışdı. Bildirildi ki, dahi bəstəkar Üzeyir Hacıbəyli musiqimizin inkişaf yollarını da müəyyən edib. Bu istiqamətdə o, ilkin olaraq, musiqi folklorunun öyrənilməsini aktual bir məsələ kimi qarşıya qoymuşdu.
Bu gün bir çox görkəmli bəstəkarlarımızın yaradıcılığında xalq musiqi nümunələri geniş yer alıb. Ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi folkloru, xalq musiqisinin janrları, musiqi türkologiyasının çeşidli problemləri ilə bağlı araşdırmalar aparılıb. Musiqi mütəxəssislərimiz mütəmadi müxtəlif ölkələrdə keçirilən elmi konfranslara qatılıb, Azərbaycan etnomusiqişünaslığının bu günü və perspektivlərinə dair maraqlı məruzələr ediblər.
Qeyd olundu ki, görkəmli bəstəkarlarımızın yaradıcılığı hüdudsuzdur. Onların musiqisi zaman və məkan sərhədlərini aşaraq müxtəlif dövrlərin, xalqların mədəniyyətləri arasında təkrarolunmaz bir dialoq yaradıb. Təbii ki, yüksək bədii səviyyədə təzahür edən bu dialoqu yalnız zəngin intellektual potensiala, geniş dünyagörüşünə malik olan sənətkarlar həyata keçirə bilər.
Tədbir muzeyin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Dövlət Ansamblının, beynəlxalq müsabiqələr laureatları Aleksandra Vdriya (Ukrayna), Seyidxanım Babayeva (Azərbaycan), Polina Desyatniçenko (Kanada) və Yoshito Katanodanın (Yaponiya) ifalarında Azərbaycan, əfqan, Ukrayna, macar, polyak, rus, alman və s. xalqların musiqisindən ibarət rəngarəng konsert proqramı ilə başa çatdı.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 21 may.-
S. 6.