Türk mədəniyyəti və incəsənəti
simpoziumu
Mayın 15-dən 18-dək Türkiyənin Konya şəhərində VIII Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumu keçirilib.
Tədbir Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi, Konya Böyükşəhər Bələdiyyəsi, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Azərbaycan), habelə İtaliya, İspaniya və Makedoniyanın elmi qurumlarının iştirakı ilə təşkil edilib.
Mövlanə Mədəniyyət Evində işə başlayan simpoziumda Türkiyə, Azərbaycan, İtaliya, İspaniya, Rusiya, Çexiya, eləcə də Balkan ölkələrindən 150-dən çox alim məruzələrlə çıxış edib. Azərbaycan nümayəndə heyəti adından çıxış edən AMEA-nın müxbir üzvü Vəli Əliyev türk xalqlarının qədim tarixinin öyrənilməsindən, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əsnayə Şükürova Azərbaycanda son illərdə aparılan mədəni irs siyasətindən bəhs ediblər. Səlcuq Universitetinin prorektoru Mustafa Şahin və Konya Böyükşəhər Bələdiyyəsi baş katibinin köməkçisi Şenol Aydın simpoziumun əhəmiyyətini vurğulayıblar. Simpoziumda AMEA-nın müxbir üzvü, arxeoloq Vəli Əliyev "Naxçıvan və Anadolunun Tunc dövrü petroqlifləri", AMEA-nın müxbir üzvü, memar Cəfər Qiyasi "Şeyx Babı xanəgahı", AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, professor Qafar Cəbiyev və Azərbaycan Müəllimlər İnstitutunun prorektoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli "Mehrəvan şəhər yerində ilkin arxeoloji tədqiqatların bəzi nəticələri" mövzusunda məruzə ediblər. AMEA Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, professor Kübra Əliyeva, professor Rayihə Əmənzadə və Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor Şikar Qasımovun məruzələri də maraqla qarşılanıb. Ümumilikdə Azərbaycandan simpoziuma 60-dan çox məruzə və poster təqdim edilib.
Tədbirin sonunda təşkilatçılar
tərəfindən qarşılıqlı olaraq
plaket və hədiyyələrin təqdimatı
olub. AMEA-nın müxbir
üzvü Vəli Əliyevə Səlcuq
Universitetinin ənənəvi "Elmə,
sənətə töhfə” mükafatı verilib.
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin adına plaket
nazirliyin əməkdaşı Əsnayə
Şükürovaya təqdim edilib. Eyni zamanda
nazirliyin Azərbaycanı tanıdan nəşrlərindən
ibarət hədiyyələri muzeyə və simpoziumun
təşkilatçılarına təqdim olunub.
Növbəti, 9-cu simpoziumun
İtaliyanın Verona şəhərində
keçirilməsi qərara alınıb.
Mədəniyyət.- 2014.- 21 may.-
S. 7.