Gələcəyin muzey mütəxəssisləri Üzeyir bəyin evində

 

Mayın 17-də Üzeyir Hacıbəylinin ev-muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirildi. “Gələcəyin muzey mütəxəssisləri Üzeyir Hacıbəylinin ev-muzeyində” mövzusunda tədbirin iştirakçıları əvvəlcə muzeyin yaranması və keçdiyi yolu əks etdirən sərgi ilə tanış oldular.

Muzeyin ekspozisiya şöbəsinin müdiri Gülnarə Ələsgərova tədbir haqqında məlumat verdi. Bildirdi ki, xalqımızın keçmişinin, bu gününü əks etdirən mədəniyyət nümunələrinin gələcək nəsillərə ötürülməsində, onların qorunub saxlanılmasında muzeylərin çox böyük rolu var.

Muzeyin bələdçisi Səbinə Hüseynova dünyada ilk muzeylərin yaranması, UNESCO-nun muzeylərlə bağlı qəbul etdiyi qərarlar haqqında ətraflı məlumat verdi, Azərbaycanda muzey işinə göstərilən dövlət qayğısından söz açdı. Qeyd olundu ki, ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 2000-ci il martın 24-də qüvvəyə minən “Muzeylər haqqında” qanun, muzeylərlə bağlı imzalanan çoxsaylı sərəncamlar bu diqqət və qayğının nümunəsidir. Bu gün respublikamızda müxtəlif təmayüllü muzeylər fəaliyyət göstərir. Bir sıra ali təhsil müəssisələrində muzeyşünaslıq fakültələri açılıb. Bu da gələcəkdə bu sahədə peşəkar mütəxəssislərin hazırlanmasına yardımçı olacaq.

Tədbirin bədii hissəsində Bülbül adına orta ixtisas musiqi məktəbinin Prezident təqaüdçüləri və beynəlxalq müsabiqələr laureatı olan şagirdləri konsert proqramı ilə çıxış etdilər. Həmçinin Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından söz açıldı. Görkəmli bəstəkara həsr olunmuş sənədli film nümayiş etdirildi.

 

Savalan Fərəcov

 

Mədəniyyət- 2014.- 21 may.- S. 7.