Azərbaycan muzeyləri zəngin
inkişaf yolu keçib
Beynəlxalq Muzeylər Günü
təntənə ilə
qeyd edildi
18 may - Beynəlxalq Muzeylər Günü ölkəmizdə
müxtəlif tədbirlər,
təntənəli mərasimlərlə
qeyd edildi. Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı
ilə mayın 16-da Azərbaycan Milli İncəsənət Muzeyində
keçirilən tədbirə
də müxtəlif muzeylərin nümayəndələri
qatılmışdı.
Tədbirdə çıxış edən
mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyeva muzey
işçilərini bayram
münasibətilə təbrik
etdi. Azərbaycanda ilk muzeyin
1919-cu ildə yaradıldığını
xatırladan nazir müavini respublikamızda
muzey işinin özünəməxsus inkişaf
yolu keçərək,
müasir tələblərə
cavab verəcək səviyyəyə çatdığını
dedi. Əlamətdar günün əhəmiyyətindən
söz açan S.Məmmədəliyeva bildirdi
ki, Beynəlxalq Muzeylər Şurasının
(İCOM) təşəbbüsü ilə qeyd olunan
bu günün məqsədi ictimaiyyətin
diqqətini muzeylərin
vəziyyətinə, burada
nümayiş etdirilən
eksponat və tarixi nümunələrə
cəlb etməkdir:
“Bu bayram xalqlar arasında mədəni mübadiləyə, muzeylər
arasında əməkdaşlığın
inkişafına xidmət
edir. Azərbaycan muzeyləri də
dünyanın bir çox muzeyləri ilə əməkdaşlıq
edərək, xalqımızın
milli irsini dünyaya tanıdırlar”.
Qeyd olundu ki, ümummilli lider Heydər Əliyev həmişə
muzey işinə diqqət və qayğı göstərib. Məhz onun
təşəbbüsü ilə ölkəmizdə
bir çox tarix-diyarşünaslıq muzeyləri,
memorial və ev-muzeyləri
yaradılıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında
muzeylərin inkişafı
sahəsində böyük
işlər görülür.
Təkcə son beş ildə dövlət başçısı
tərəfindən muzeylərin
inkişafı ilə
bağlı 15 sərəncam
imzalanıb. Son bir ildə ölkədə 4
yeni muzey - Xaçmazda xalça, Quba, Füzuli və Saatlıda isə tarix-diyarşünaslıq
muzeyləri açılıb,
bununla yanaşı, bir sıra muzeylər
təmir edilib.
Sevda Məmmədəliyeva
Azərbaycanın birinci
xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muzey sahəsində gördüyü
işləri də yüksək qiymətləndirdi,
onun təşəbbüsü
ilə Bakı Müasir İncəsənət
Muzeyinin yaradıldığını
vurğuladı.
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət
siyasəti şöbəsinin
müdiri Fikrət Babayev Beynəlxalq Muzeylər Gününün
ənənəvi olaraq
Azərbaycanda da yüksək səviyyədə
qeyd edildiyini bildirdi. Muzey işinin yüksəldilməsi, milli
mədəniyyətimizin təbliği,
gənclərin belə
mədəniyyət ocaqlarına
tez-tez baş çəkmələri üçün
hər cür şərait yaradıldığını
dedi.
Milli İncəsənət Muzeyinin
direktoru Çingiz Fərzəliyev, Azərbaycan
Xalça Muzeyinin direktoru, İCOM-un Azərbaycan
Milli Komitəsinin sədri Röya Tağıyeva, “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin direktoru Fikrət Abdullayev, Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin direktoru Alla Bayramova çıxış
edərək bayram münasibətilə həmkarlarına
təbriklərini və
xoş arzularını
çatdırdılar. Bildirildi ki,
bu gün muzeylərimiz inkişaf edir, öz işini
beynəlxalq tələblərə
uyğun şəkildə
həyata keçirir.
Muzeylər maddi-mədəni irsi təbliğ etməklə yanaşı,
maarifləndirici missiyanı
da yerinə yetirir.
Tədbirdə Böyük Britaniyanın
bp şirkətinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyi
tərəfindən elan
edilmiş “Azərbaycan
incəsənəti fotoqrafların
gözü ilə” mövzusunda müsabiqənin
iştirakçılarının fotolarından ibarət sərgi də nümayiş olundu. Müsabiqəyə qatılmış 12 iştirakçıya diplom
və hədiyyələr
verildi.
Beynəlxalq Muzeylər Günü
münasibətilə fotoqraflar
Rauf Umudova “Qarabağ atları” əsərinə görə
İCOM-un Azərbaycan Milli
Komitəsi tərəfindən,
Səftər İmanova
isə səmərəli
fəaliyyətinə görə
Musiqi Mədəniyyəti
Dövlət Muzeyi tərəfindən fəxri
fərman və hədiyyələr təqdim
edildi.
Tədbir çərçivəsində Azərbaycan muzeylərinin
informasiya bülleteninin
birinci nömrəsinin
təqdimatı da keçirildi.
İlk dəfə olaraq Milli İncəsənət
Muzeyinin foyesində muzey fondlarında qorunub saxlanılan eksponatların köynək
və hel
şarları üzərində
hazırlanmış reproduksiyaların
nümayişi də maraqla qarşılandı.
Sonda Azərbaycan
Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin nəzdində fəaliyyət
göstərən qədim
musiqi alətləri ansamblının konserti təqdim olundu.
F.Hüseynov
Mədəniyyət.- 2014.- 21 may.-
S. 8.