İncə yumor - ciddi sənət

 

Lütfəli Abdullayev - 100

 

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qeyd olunan yubileylər

 

Baharın ilk günündə, martın 22-də dünyaya göz açan Lütfəli Abdullayev (1914-1973) gəlişiylə bahar sevinci, bahar təbəssümü, yaz hərarəti gətirdi. Yaşayacağı sənət həyatının tale yazısı oldu bahar! Zəngin sənət palitrasının rəngləri baharın əlvan naxışları kimi füsunkar gözəlliyini həmişə qoruyub saxladı və əbədi saxlayacaq.

Sənətinin həmişəyaşarlığının nəticəsidir ki, 100 illik yubileyi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə geniş şəkildə qeyd olunur. Dövlət başçısının 13 fevral 2014-cü il tarixli sərəncamında aktyorun təkrarolunmaz üslubda canlandırdığı son dərəcə koloritli, rəngarəng obrazlarla Azərbaycan teatr tarixinə və kino salnaməsinə yeni parlaq səhifələr yazdığı qeyd olunur, fitri istedada, yüksək səhnə mədəniyyətinə malik sənətkar kimi dəyərləndirilir.

Dünyaya gəldiyi Şəkinin dadlı-duzlu yumoru, udduğu hava, içdiyi su da sənətinə hopmuşdu. Ona görə də təkrarsız sənəti - yumoru, gülüşü, qıyqacı baxışı, bir sözlə, aktyor imici bulaq suyu tək təmiz, saf, büllur kimi idi.

59 illik ömründə səhnədə və ekranda bir-birindən maraqlı, bənzərsiz rollar oynadı; fərqli yozumda, fərqli ampluada. Bu səbəbdən böyük sənəti ilə illərə, on illərə qalib gəldi. Sənətinin işığı zülmətlərdən, qatı dumanlardan keçdi. Amma nurunu itirmədi, təravətini hifz elədi...

Lütfəli Abdullayevin komizminə incə yumor boyaları çox doğma idi. O, yaratdığı obrazın həyatiliyinə tamaşaçını məharətlə inandıra bildi. Onun sənət zəfərinin mayasında məhz öz istedadına olan inamı dayanırdı. Bu inamla da həmkarlarından seçildi, milli teatr və kinomuzda yeni bir əlçatmaz sənət zirvəsinə döndü. İllərin axarında ucalığı daha aydın görünən zirvə...

Yaradıcılığında teatr və kino aktyoru sərhədləri istedadının işığı ilə görünməz oldu. Səhnədə və ekranda oynadığı rollara görə eyni məhəbbətlə sevildi. Sənət ömrü bəxş etdiyi rollar bir yana, Azərbaycan incəsənətində ayrıca bir Lütfəli obrazı əbədiləşdi.

Şəki klubunun səhnəsində oynadığı komik rollar ondakı böyük aktyorluq istedadının ilk qığılcımları idi. 1928-ci ildə Bakıya gələn 14 yaşlı Lütfəli Dövlət Konservatoriyasında ifaçılıq sənətinin sirlərinə mükəmməl yiyələnir. Opera Teatrının müsabiqəsindən uğurla keçir, yaşının azlığına baxmayaraq, xora qəbul edilir. Tezliklə tamaşaçılar onu kütləvi səhnələrdə, epizodik rollarda görürlər.

Musiqili Komediya Teatrının, Milli Dram Teatrının səhnəsində oynadığı rollar aktyora böyük şöhrət gətirir. Vəli, Soltan bəy (“Arşın mal alan”), Hambal, Məşədi İbad (“Məşədi İbad”), Qulu (“Əlli yaşlı cavan”), Hacı Qara (“Hacı Qara”) kimi rolları ilə tamaşaçıların qəlbində silinməz izlər buraxır.

Musiqili Komediya Teatrında canlandırdığı Vəli obrazı görkəmli aktyor və rejissor Rza Təhmasibin də diqqətini cəlb edir. 1945-ci ildə rejissor Nikolay Leşşenko ilə birgə lentə aldığı “Arşın mal alan” filmində Lütfəlini Vəli roluna çəkir. Diqqətçəkən məqam ondan ibarətdir ki, aktyorun filmdəki Vəli obrazı səhnədə oynadığı rolun sadəcə təkrarı olmadı. Aktyor obraza ekran sənətinin estetikası əsasında yeni nəfəs, yeni həyat verdi. Səhnədə olduğu kimi, ekranda da Lütfəli sənətkar imzasını yazdı.

İlk ekran debütü olmasına baxmayaraq, filmin uğurunda onun aktyor sənəti öz sözünü dedi. Obraza xas olan səmimiyyət, sədaqət, sevgi aktyorun ifasında mükəmməl şəkildə əksini tapdı. Rəşid Behbudovun Əsgəri, Leyla Bədirbəylinin Gülçöhrəsilə bərabər Lütfəli Abdullayevin Vəlisi də filmin müvəffəqiyyətində pay sahibi oldu. Təsadüfi deyil ki, 1946-cı ildə filmin yaradıcı heyəti sırasında o da dövrün ən ali təltifinə - Stalin mükafatına layiq görüldü.

Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan”ı 1965-ci ildə yenidən, bu dəfə rəngli formatda ekranlaşdırılsa da, tamaşaçıların böyük əksəriyyəti sənət hadisəsi kimi öncəki filmi daha çox bəyəndi. Hətta inkişaf etmiş kinotexnikanın son nailiyyətləri belə 1945-ci il filminin uğuruna kölgə sala bilmədi.

“Arşın mal alan”dan sonra aktyorun ekran fəaliyyətində on bir illik fasilə yarandı. Yalnız 1956-cı ildə kinorejissor Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” filminə dəvət aldı. Filmdə onunla bərabər görkəmli gülüş ustaları - Əliağa Ağayev, Mustafa Mərdanov, İsmayıl Osmanlı, Ağahüseyn Cavadov, Möhsün Sənani kimi aktyorlar çəkildi. Filmin obrazlar qalereyasında Balaoğlanın unudulmamağı aktyorun oynadığı rola yaradıcı münasibətinin nəticəsi idi. O, Balaoğlanın simasına xas olan bədii xüsusiyyətləri məharətlə ümumiləşdirdi.

Aktyor Qoçu Əsgərin köməkçisi Balaoğlanı fərdi xüsusiyyətlərilə - hərəkətləri, yerişi, jestləri ilə uğurla canlandırdı. Balaoğlanın təkəbbürü, lovğalığı, xudpəsəndliyi, acgözlüyü və hərisliyi ifadəli aktyor oyununda aydın göründü. Bu obraz filmdə epizodik olsa da, unudulmadı.

1961-ci ildə Lütfəli Abdullayev rejissor Şüa Şeyxovun “Qəribə əhvalat” kinofelyetonunda Kefcilov roluna çəkildi. Onun yaradıcılığına doğma olan realizm bu filmdə də əksini tapdı. Kefcilovun uğurlu ekran təcəssümündə onun zəngin həyati müşahidələri də xüsusi rol oynamışdı. İçkiyə aludəçiliyindən vəzifəsini itirən Kefcilov obrazını aktyor özünəməxsus məharətlə təqdim etdi.

1963-cü ildə görkəmli rejissor və aktyor Adil İsgəndərov “Əhməd haradadır?” filminin sınaq çəkilişləri olmadan sənətkarı Zülümov obrazına təsdiqlədi. Maraqlıdır ki, filmin çəkilişlərində görkəmli kinorejissor L.Abdullayevin oyunundan razı qalmadı. O, aktyorun yerişində, danışığında, xüsusilə gülüşündə nədənsə təkrarçılıq gördü. Aktyor isə hərəkətlərini obrazın xarakteri ilə əlaqələndirirdi. Həqiqət naminə demək lazımdır ki, Adil İsgəndərov rejissor iradlarında yanılırdı. Əslində, təkrarçılıqdan həmişə uzaq olan korifey sənətkar Zülümov rolunda da tamaşaçılara tamamilə yeni və orijinal bir obraz təqdim etdi.

L.Abdullayev 1964-cü ildə kinorejissor Ağarza Quliyevin “Ulduz” filmində Məhəmməd rolunu uğurla oynadı. Məhəmməd obrazı onun aktyor yaradıcılığında yeni ekran qəhrəmanı kimi diqqəti cəlb etdi. Aktyor bu filmdə Nəsibə Zeynalova, Bəşir Səfəroğlu, Hacıbaba Bağırov kimi məşhur gülüş ustaları ilə tərəf-müqabil oldu.

İki gəncin saf məhəbbət münasibətləri və elmin həyatla əlaqəsi filmin leytmotivini təşkil edirdi. Lakin altıca ay evli olan Məhəmmədin şəxsi həyatı, ailə problemləri də filmin fabulasında xüsusi yer tutur. Aktyor Nazilənin itaətində qalan Məhəmmədin köməksizliyini, acizliyini məharətlə canlandırır. L.Abdullayevin bənzərsiz ifasında tamaşaçı Məhəmmədin taleyinə acıyır.

Böyük aktyorun yaratdığı obrazlar - Vəli, Balaoğlan, Zülümov, Kefcilov, Məhəmməd və başqaları bir-birinə bənzəmədi. Hər birində yeni nəfəs, fərqli təqdimat nümayiş etdirdi. Özünəməxsus vokal keyfiyyətlərinin də olması, canlı ifaları onun sənətini bənzərsiz edən əsas məqamlar idi və o bundan yerli-yerində istifadə etməyi bacarırdı. Bu da onun yüksək istedadı ilə yanaşı, sənətinə olan məsuliyyətindən soraq verirdi. O, həqiqətən, gənc aktyorların yetişməsi üçün böyük bir sənət məktəbi idi.

Lütfəli Abdullayevin Azərbaycan aktyorluq sənətinə verdiyi töhfələr yüksək qiymətləndirilib. 1943-cü ildə Əməkdar artist, 1960-cı ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Onun ən böyük mükafatı isə, təbii ki, tamaşaçı sevgisidir. Bu sevgi əsrlər sonra da davam edəcək. Çünki Lütfəli Abdullayev sənəti parlayıb sönən ötəri işartı deyil. Onun ekrandan boylanan sənətkar obrazı, efirdən ucalan məlahətli səsi əbədi sənət işığıdır ki, xalqımız var olduqca, o da yaşayacaq.

Təəssüf ki, aktyorun səhnədə yaratdığı obrazların canlı təsvirləri son dərəcə azdır. Tamaşalarda qazandığı sənət uğurlarından müxtəlif tədqiqatlarda, resenziyalarda, xatirələrdə geniş söhbət açılır. Çəkildiyi filmlər çox olmasa da, təkrarsız oyun üslubunu aydın səciyyələndirir.

Böyük tamaşaçı sevgisi qazanan aktyor yaradıcılıq potensialını tam realizə edə bilmədi. O daha çox filmlərdə çəkilə bilərdi. Lakin müxtəlif intriqalar burulğanı onun da həyatından yan keçmədi. Lütfəli Abdullayev üçün yazılan ssenarilərə, rollara maneçilik törədilsə də, böyük sənəti qarşısında hamı aciz qaldı. Aktyorun əsrə qalib gələn sənətinin qüdrəti yeni nəsillərə də öz gülüş töhfəsini bəxş etməkdədir.

 

Hatəm Əsgərov,

 

Suraxanı rayonu 8 mart adına Mədəniyyət evinin bədii rəhbəri

 

Mədəniyyət.- 2014.- 21 may.- S. 10.