Milli müxtəliflik mədəni zənginlik deməkdir

 

21 may Dünya Mədəni Müxtəliflik Günüdür

 

Mayın 21-i dünyada Mədəni Müxtəliflik Günü kimi qeyd edilir. Əlamətdar gün BMT Baş Assambleyasının 2003-cü il 20 fevral tarixli qətnaməsi ilə təsis olunub. 2001-ci il noyabrında UNESCO-nun “Mədəniyyətlərin müxtəlifliyinə dair” bəyannaməsi qəbul edildikdən sonra BMT Baş Assambleyası bu sənədi və onun həyata keçirilməsi üçün fəaliyyət planının əsas istiqamətlərini alqışlayaraq 21 mayı “Dünya Dialoqİnkişaf naminə Mədəni Müxtəliflik Günüelan edib. Sənəddə vurğulanır ki, dünyada sülh və həmrəylik yalnız insanlarxalqlar arasında müxtəlifliyin qəbul olunması və qarşılıqlı hörmət yolu ilə əldə oluna bilər.

Bu gün sürətlə qloballaşan dünyada sivilizasiyalar arasında münasibətlərin yeni formaları yaranır, dəyərlər sisteminin arxitekturasında dəyişikliklər baş verir. Ölkəmiz də humanitar əməkdaşlığın gündəliyini müəyyənləşdirən təşəbbüslər irəli sürərək multikulturalizmlə (çoxmədəniyyətliyə, mədəni müxtəlifliyə) bağlı beynəlxalq tədbirlərə ev sahibliyi edir. Hazırda multikulturalizm Azərbaycanı dünyada tanıdan vizit kartlarından biridir. Bu termin nisbətən yeni yaransa da, Azərbaycan ta qədimdən müxtəlif xalqların birgə yaşadığı məkan olub.

Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev bildirir ki, tarixən tolerantlıq məkanı olmuş Azərbaycan Dünya Mədəni Müxtəliflik Gününü bu sahədə qazandığı nailiyyətlərlə qeyd edir:UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” 20 oktyabr 2005-ci il tarixli konvensiyası var. Azərbaycan 2010-cu ildə bu sənədə qoşulub. Sənədə uyğun olaraq ölkəmizdə yaşayan milli azlıqların və etnik qrupların mədəni irsi, adət-ənənələri Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur, inkişaf etdirilir. Nazirlik tərəfindən milli azlıqların mədəni icmaları ilə daim əməkdaşlıq qurulur, onların müxtəlif layihə və proqramlarının həyata keçirilməsinə, habelə beynəlxalq festivallarda iştiraka cəlb olunmasına dəstək verilir. Eyni zamanda bu kollektivlərin milli geyimlər, müvafiq texniki avadanlıqlarla təminatı da diqqət mərkəzindədir”.

Qeyd edək ki, hazırda Azərbaycanda 20-dən çox millətin nümayəndəsi yaşayır, onların mədəni cəmiyyətləri fəaliyyət göstərir. Üç dini konfessiyanın - İslam, xristianiudaizmin nümayəndələri müxtəlif dövlət mərasimlərində, mədəni tədbirlərdə birgə iştirak edirlər. Şöbə müdiri bildirir ki, mədəni müxtəlifliyin dəstəklənməsi və qorunması Azərbaycanın dövlət siyasətində öz əksini tapıb: “Ölkə rəhbərliyinin bu sahədə apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq məkanı kimi tanınır. Ölkəmizin bu nailiyyətlərində, milli mədəni irsimizin qorunması və təbliğində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti olduqca əhəmiyyətli rol oynayır”.

 

«Azərbaycan - doğma diyar»

 

Dünya xalqları arasında dialoqun təbliği və inkişafında ölkəmiz mühüm rol oynayır. Dövlət tərəfindən mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq təşəbbüslərin həyata keçirilməsi ilə yanaşı, ölkə səviyyəsində də silsilə tədbirlər reallaşdırılır. Milli azlıqların, etnik qrupların hüquqlarının qorunması üçün ölkəmizdə hüquqi baza yaradılıb, respublikamız bu sahədə beynəlxalq konvensiyalara qoşulub. Azərbaycanda milli azlıqların məsələləri ilə məşğul olan 50-dək qeyri-hökumət təşkilatı-mədəniyyət mərkəzləri, xeyriyyə cəmiyyətləri, ictimai birliklər fəaliyyət göstərir. Etnik icmaların dilində qəzet və jurnallar nəşr olunur, milli azlıqların sıx yaşadığı bölgələrdə yerli teleradio kanalları, həmçinin rus dilində onlarla qəzet, jurnal, informasiya agentliyis. fəaliyyət göstərir. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ənənəvi olaraq «Azərbaycan - doğma diyar» adlı azsaylı xalqların incəsənət festivalı keçirilir. Fikrət Babayev bu tədbirlərin 2006, 2008, 2011-ci ildə təşkil olunduğunu, bu il isə dördüncü festivalın keçiriləcəyini diqqətə çatdırdı: “Bu festivallar respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalır. Ölkəmizdə yaşayan bütün milli-etnik qruplar öz qədim mədəniyyət və incəsənət nümunələrini təqdim edirlər”.

Festivallar çərçivəsində Azərbaycan etnik musiqisinə həsr olunmuş nəşrlər hazırlanıb, görkəmli alimlərin iştirakı ilə azsaylı xalqların və etnik qrupların mədəni irsinin qorunması mövzusunda elmi konfranslar, sərgilər keçirilib. Azsaylı xalqların həyat tərzinə, mədəniyyətinə, məişətinə dair fotosərgilər də maraqla qarşılanır. 2009-cu ildə belə bir fotosərgi UNESCO-nun mənzil-qərargahında da nümayiş olunmuşdu.

 

“Məqsəd ölkəmizdəki milli-mədəni müxtəlifliyin qorunmasıdır”

 

Bütün bu tədbirlər, dövlətin dəstəyi azsaylı xalqların mədəniyyətinin inkişafına stimul verir. Şöbə müdiri bildirdi ki, azsaylı xalqlarla bağlı mədəni layihələr ilk dəfə həyata keçirilməyə başlayanda yerlərdəki incəsənət kollektivləri elə də peşəkar səviyyədə deyildi. Lakin göstərilən diqqət və qayğının, aparılan işin nəticəsində artıq peşəkar ansambllar meydana gəlib: «Son illər həm rayon icra hakimiyyətləri, həm də rayonların mədəniyyət və turizm şöbələri bu sahəyə diqqəti artırıblar. Artıq bu kollektivləri müxtəlif beynəlxalq tədbirlərə göndərə bilirik. Bu da milli azlıqların mədəniyyətinin inkişafına əlavə stimul verir. Balakənin “Avarqrupu bu yaxınlarda Moldova beynəlxalq folklor festivalında çıxış edib. Lerikin “Uzunömürlülər” rəqs kollektivi, “Suvar” ləzgi rəqs ansamblı, Masallının «Halay» folklor rəqs qrupu, Zaqatalada yaşayan avarların «Hudulki» kollektivi Rusiya, Macarıstan, Türkiyə və s. ölkələrdə səfərlərdə olublar. Digər ansamblların da müxtəlif festivallarda iştirakını dəstəkləyirik. Bütün bunlar bir daha təsdiqləyir ki, son bir neçə il ərzində bu kollektivlərin ümumi səviyyəsi çox yüksəlib. Bu da görülən işlərin nəticəsidir”.

Hər bir xalqın özünə aid olan milli adət-ənənələri, bayramları, milli mətbəxi və inam gətirdikləri dinləri var: “Azərbaycan dövləti bu milli-mədəni müxtəlifliyin inkişafında maraqlıdır və buna dəstək verir. Məqsəd bu mədəni zənginlik mühitinin qorunub saxlanılmasıdır”.

Gələcək planlardan da danışan Fikrət Babayev azsaylı xalqlarla bağlı müxtəlif tədbirlərin keçiriləcəyini bildirdi. Ümumilikdə mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də ölkə səviyyəsində həyata keçirilən tədbirlər ölkəmizin beynəlxalq arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir və Azərbaycanı mədəniyyətləri qovuşduran məkan kimi beynəlxalq aləmə təqdim edir. Ölkə Prezidentinin Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında mayın 15-də imzaladığı sərəncam da bu sahəyə diqqətin bariz nümunəsidir. Sənədi yüksək dəyərləndirən şöbə müdiri mərkəzin bu istiqamətdə həyata keçirilən layihələri koordinasiya edəcəyini diqqətə çatdırdı.

 

Mehparə Sultanova

 

Mədəniyyət.- 2014.- 21 may.- S. 12.