“Dost
ellərinin hədiyyələri”
Milli Azərbaycan Tarixi Muzeyində Beynəlxalq Muzeylər Günü ilə bağlı “Dost ellərinin hədiyyələri” adlı sərgi açılıb. Təqdimat mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı sərgilənən hədiyyələrin dəyərindən, tarixindən, ölkələrin bir-biri ilə sıx əlaqəsindən söz açıb. Bildirilib ki, muzeydə ilk dəfə təşkil edilmiş bu sərgidə 74 ölkə və bölgəni təmsil edən 600-dən artıq nadir eksponat - Azərbaycanın dövlət müəssisələri və görkəmli şəxsiyyətlərinə aid olunan hədiyyələr nümayiş etdirilir.
Muzeyə təqdim olunmuş ən birinci hədiyyə 1944-cü ilə aiddir və Təbriz azərbaycanlılarının sovet Azərbaycanına hədiyyəsidir. Eksponatlar sırasında Avropa, Asiya, Afrika, Cənubi və Şimali Amerika, Avstraliyadan hədiyyələr yer alıb. Sərgidə ən şimal ölkə Norveçdən, ən cənub ölkə Argentina və Braziliyaya qədər, ən soyuq bölgə Rusiyanın Tümen vilayətindən, ən isti ölkə Seneqala qədər, ən yaxın ölkə Gürcüstandan, ən uzaq Yaponiya və Kanadaya qədər olan xalqların hədiyyələrini görmək mümkündür. Burada siyasi xarakterli hədiyyələrlə bərabər, idman, mədəniyyətlə bağlı hədiyyələr də var.
Ekspozisiyada alban,
bolqar, Çex, Qana, monqol, özbək,
rumın, türkmən milli geyimləri, əfqan,
Belarus, rumın, İran,
Mali, Misir, Moldova, kabardin-balkar, tacik, türkmən xalçaları sərgilənir.
Nadir hədiyyələr arasında rus, qazax, Kuba,
Hindistan, Çin, Seneqal, özbək musiqi
alətləri də yer alıb.
Ümumiyyətlə, Milli Azərbaycan Tarixi Muzeyinin
kolleksiyasında xarici ölkələrin
800-dən artıq eksponatı qorunur.
Mədəniyyət.- 2014.- 21 may.-
S. 16.