“Qala”
Tarix-Etnoqrafiya Qoruğunda
rəngarəng bayram tədbiri
Beynəlxalq Muzeylər Günü və “Avropa Muzeylər Gecəsi” münasibətilə Azərbaycanın bir çox muzeyləri mayın 17-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda bir araya gəlib. Tədbir Beynəlxalq Muzey Şurasının (İCOM) Azərbaycan Milli Komitəsinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Dövlət Gömrük Komitəsinin dəstəyi ilə keçirilib.
Tədbirdə Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM-un Azərbaycan Milli Komitəsinin sədri Röya Tağıyeva, Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektorunun müdiri Azadə Hüseynova Beynəlxalq Muzeylər Günü münasibətilə iştirakçıları təbrik edib, bu əlamətdar günün tarixi əhəmiyyətindən danışıblar.
Bayram tədbirində Azərbaycan Xalça Muzeyi, Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Qobustan Milli Tarix-Bədii Qoruğu, İçərişəhər Tarixi Muzeyi, Gömrük Tarixi Muzeyi, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində yerləşən muzeylər, Cəfər Cabbarlının, Cəlil Məmmədquluzadənin, Leopold və Mstislav Rostropoviçlərin, Səməd Vurğunun, Tahir Salahovun ev-muzeyləri, Bülbülün memorial muzeyi və digər muzeylər olmaqla 20-dək muzey iştirak edib. Bu muzeylər bayram mərasimində səyyar ekspozisiya və müvafiq proqramları ilə təmsil olunublar.
Tədbirdə “Babalarımızın
ocağında” uşaqlar üçün
xalq ənənələrinə əsaslanmış
əyləncəli-tədris və interaktiv
proqramlar təşkil edilib.
Tədbir proqramı musiqili dəqiqələrlə
müşayiət olunub, “Azərbaycan
ritmləri” mahnı və rəqs ansamblının üzvlərinin
və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət
Teatr Muzeyinin muğam ansamblının ifaları təqdim edilib.
Mədəniyyət.- 2014.- 21 may.-
S. 16.