Səhnədə gülüş - efirdə hikmət

 

 Hüseynağa Sadıqov - 100 

 

 

Mayın 20-də Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli aktyor, Xalq artisti Hüseynağa Sadıqovun 100 illiyinə həsr edilmiş xatirə gecəsi keçirildi.

Teatrın foyesində sənətkarın yaradıcılığını əks etdirən fotosərgi təşkil olunmuşdu. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, tədbirdə iştirak edən incəsənət xadimləri, sənətsevərlər əvvəlcə sərgi ilə tanış oldular. Nazir müavini jurnalistlərə müsahibəsində aktyorla bağlı fikirlərini bölüşdü, onun zəngin yaradıcılıq yolu keçdiyini vurğuladı: “Hüseynağa Sadıqov bütün ömrünü Azərbaycan övladlarının tərbiyələnməsinə, idrak sahibi olmasına sərf edən nadir sənətkarlardan biridir. Bu aktyoru Azərbaycan uşaqları, Azərbaycan gəncliyi 60-cı illərdən radiodan, daha sonra teleməkandan, bədii filmlərdən tanımağa başladı. O, sənətinə çox böyük sevgi, hörmət bəsləyən nəhəng sənətkar idi. Hüseynağa Sadıqovun sənətdə öz nəfəsi, öz yolu vardı. Böyük sənətkarlar yaratdıqları obrazlarla onilliklər, yüzilliklərdə xalqın yaddaşında yaşayır. Hüseynağa Sadıqov da daima yaddaşlarda yaşayacaq, xatırlanacaq”.

Yubiley tədbirində çıxış edən teatrşünas, professor İlham Rəhimli sənətkarın yaradıcılığından söz açdı. Bildirdi ki, Hüseynağa Sadıqov öz oyununda həm ironiyanı, həm də aktyora lazım olan digər cəhətləri asanlıqla təcəssüm etdirirdi. Azərbaycan teatr tarixində gülüşün duzunu, cövhərini, mayasını, təbiiliyini, reallığını və ən əsası milli koloriti tamaşaçıya daha qabarıq çatdıra bilən sənətkarlardan idi: “Teatr tariximizdə qüdrətli səsi olan sənətkarlarımız olub: Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Ələsgər Ələkbərov və s. Hüseynağa Sadıqov da öz səsi ilə seçilən, janr, amplua məhdudiyyəti bilməyən aktyor idi. Bu, aktyor üçün çətin xüsusiyyətdir. Elə aktyorlar var ki, onlar müəyyən ampluada daha uğurlu rollar oynaya bilirlər, ancaq Hüseynağa Sadıqov, demək olar ki, ampluası olmayan sənətkar idi. Düzdür o, satirik, məişət, sosial komediyalar oynayıb və bunlar da çox maraqlı təsir bağışlayıb. O hətta təkbaşına belə səhnəni doldura bilirdi”.

Qeyd olundu ki, M.F.Axundzadənin “Xırs quldurbasan”, Ə.Haqverdiyevin “Bəxtsiz cavan”, N.Nərimanovun “Dilin bəlası” və s. tamaşalarda, dünya klassiklərinin əsərlərinin müxtəlif səhnə quruluşlarında oynayan aktyor həmişə alqışlarla qarşılanıb. Gənc Tamaşaçılar Teatrının tarixində bir neçə aktyor var ki, teatrın repertuarında olan bütün əsərlərdə oynayıb. Onlardan biriHüseynağa Sadıqovdur.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev sənətkarın səhnədə, televiziyaradioda yaratdığı unudulmaz obrazlardan danışdı: “Bizim dövrün uşaqları Hüseynağa Sadıqovun yaratdığı Piri baba, doktor Aybolit, Xoruz babanı sevərək böyüyüb. Gənc Tamaşaçılar Teatrında çalışan sənətkarları xatırlayıram. Mən bu səhnədə kimləri görmüşəm... Firəngiz Şərifova, Süleyman Ələsgərov, Süsən Məcidova və başqaları. Bu böyük sənətkarları gördüyüm üçün Hüseynağa müəllimə minnətdaram. Çünki 1974-cü ildə “Alma almaya bənzər” filminin çəkilişlərindən sonra biz bu sənətkarla tanış olduq. O, uşaqları çox sevirdi və onları özünə cəlb etməyi bacarırdı. Onu uşaq psixoloqu adlandırmaq olardı. Özündən kiçiklərə qarşı çox diqqətli və qayğıkeş idi”.

Cəmil Quliyev onu da qeyd etdi ki, aktyor Tofiq Tağızadənin, Həsən Seyidbəylinin, Arif Babayevin filmlərində çəkilsə də, rejissorlar ondan yetərincə istifadə edə bilməyiblər: “Əfsuslar olsun ki, Hüseynağa Sadıqov Azərbaycan kinosunda çox da böyük obrazlar qalereyası yarada bilməyib. Halbuki rus rejissoru Boris Rıçarev sübut etdi ki, Hüseynağa Sadıqov beynəlxalq miqyaslı aktyordur. “Ələddinin sehrli çırağı” filminə baxarkən biz bunun şahidi oluruq. Hətta rus dilində belə onun səsinin tembri nə qədər gözəl alınır. O, faciəvi rolu da, komediyanı da gözəl ifa edirdi”.

Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Xalq artisti Ağaxan Salmanlı, Əməkdar artist Almaz Mustafayeva aktyorun keçdiyi sənət yolundan danışdılar. Qeyd olundu ki, görkəmli aktyor xalq tərəfindən hədsiz sevilirdi. Onu görən hər bir tamaşaçı sevgisini bəyan edir, ehtiramını bildirirdi. Belə bir sevgini qazanmaqdan ötrü insan bütün həyatını sənətə verməlidir. Hüseynağa Sadıqov da öz həyatını bütünlüklə sənətə həsr etmişdi. O, teatrda, kinoda, televiziyaradioda da eyni dərəcədə çalışırdı. Buna görə də bütün xalq onu tanıyırdı. 1955-ci ildən kinoda dublyajla fəaliyyətə başlayan aktyor ilk dəfə 1962-ci ildə “Sehrli xalat” filmində çəkilmişdi.

Yubiley tədbirində sənətkarın çəkildiyi filmlərdən kadrlar nümayiş etdirildi. Gənc aktyorlar böyük sənətkarın teatrda quruluş verdiyi tamaşalar və oynadığı rollardan parçaları təqdim etdilər. Xatirə gecəsinin quruluşu teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanova məxsus idi.

 

L.Azəri

 

Mədəniyyət.- 2014.- 23 may.- S. 5.