“Dünyanın mədəniyyət rəngləri”

 

Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş yarışma

 

Mayın 22-də Beynəlxalq Muğam Mərkəzində Bakı şəhər uşaq və gənclər yaradıcılıq mərkəzləri arasında “Dünyanın mədəniyyət rəngləri” adlı yarışmanın açılış mərasimi keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə keçirilən yarışma 22 may - Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunub.

Layihənin əsas məqsədi uşaqları dünya xalqlarının mədəniyyəti, adət və ənənələri, ədəbiyyatı, musiqisi ilə tanış etmək, onlarda tolerantlıq hislərini aşılamaq, istedadlıları üzə çıxarmaq, ekoloji cəhətdən maarifləndirməkdir. Beynəlxalq Muğam Mərkəzinin foyesində müsabiqədə təmsil olunan ölkələrin nağıl qəhrəmanları, uşaq ədəbiyyatı nümunələri, rəsm əsərləri, milli geyimləri sərgilənirdi.

Açılış mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov Azərbaycanda uşaqlara göstərilən qayğıdan, bu sahədə həyata keçirilən dövlət siyasətindən danışdı. Ölkəmizdə biomüxtəlifliyin qorunması və inkişafı sahəsində görülən işlərin əhəmiyyətini vurğuladı. Qeyd olundu ki, Azərbaycanda biomüxtəlifliyin qorunması üçün zəruri tədbirlər həyata keçirilir, bu sahədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verilir. Ölkəmiz “Bioloji müxtəliflik haqqında” beynəlxalq konvensiyaya qoşulub. 2000-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis olunan Beynəlxalq Biomüxtəliflik Günü respublikamızda da qeyd edilir.

Firudin Qurbanov diqqətə çatdırdı ki, 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunub saxlanması üçün milli strategiya və fəaliyyət planı” respublika ərazisində bioloji müxtəlifliyin qorunması baxımından son dərəcə böyük əhəmiyyət kəsb edir. Ölkəmiz digər sahələrdə olduğu kimi, bu sahədə də xeyli uğurlar qazanıb.

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord Beynəlxalq Biomüxtəliflik Gününün əhəmiyyətindən söz açdı. Qeyd etdi ki, bu tədbirlər dünyada ekoloji vəziyyətin yaxşılaşdırılmasına, tolerantlığa, sülhsabitliyin qorunmasına xidmət edir. O, tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək yarış iştirakçılarına uğurlar arzuladı.

Yarışmada Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Nəsimi, Sabunçu, Yasamal, Səbail, Binəqədi, Xətai, Nərimanov, Qaradağ, Xəzər, Suraxanı, Nizami və Pirallahı rayonlarının uşaq və gənclər yaradıcılıq mərkəzləri iştirak edir. İştirakçılar Türkiyə, Böyük Britaniya, Hindistan, Gürcüstan, Özbəkistan, İran, İspaniya, İtaliya, Rusiya, Yunanıstan və Hollandiyanın nağıllarını təqdim edir, bu ölkələrin milli geyimlərində milli rəqsləri nümayiş etdirirlər. Ümumilikdə yarışma beş nominasiya üzrə keçirilir.

Münsiflər heyətinə Xalq rəssamı Arif Hüseynov, uşaq yazıçısı, professor Zahid Xəlil, Mədəniyyət və Turizm Nazirliyi Kitabxana sektorunun müdiri Lətifə Məmmədova, Respublika Xoreoqrafiya Məktəbinin direktoru Neylufər Kərimova, arxitektor, rəssam Pərviz Hüseynov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin WEB texnologiyaları şöbəsinin sektor müdiri Knyaz Yaqubov daxildir.

Tədbirdə “Heydər Əliyev və uşaqlar”, “22 may - Beynəlxalq Biomüxtəliflik Günüdür”, “Biz birlikdəyik” mövzulu videoçarxlar nümayiş olundu.

Yarışmaya mayın 26-da yekun vurulacaq, Beynəlxalq Muğam Mərkəzində konsert və qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 23 may.- S. 6.