“Cəfər Cabbarlının tərcümələri” təqdim olundu

 

Mayın 22-də Azərbaycan Milli Kitabxanasında görkəmli dramaturq Cəfər Cabbarlının tərcüməsində dünya ədəbiyyatından nümunələrin toplandığı kitabın təqdimat mərasimi keçirildi.

Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq bildirdi ki, dramaturq qısa bir ömür yaşasa da, bir neçə ömrə sığa biləcək işlər görüb, ədəbiyyat xəzinəmizə çox dəyərli töhfələr verib. C.Cabbarlının yaradıcılığı əbədiyaşardır, onun irsi mədəniyyət, ədəbiyyat tariximizdə silinməz bir izdir.

“Cəfər Cabbarlının tərcümələri” kitabının ön sözünün müəllifi, filologiya elmləri doktoru Asif Rüstəmli ədibin yaradıcılığı haqqında geniş məlumat verərək bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gələn kitab dramaturqun 115 illik yubileyinə dəyərli töhfədir. C.Cabbarlının latın qrafikası ilə ilk çap edilən bu toplusu müasir oxuculara da böyük bir hədiyyədir. Tədqiqatçı qeyd etdi ki, dramaturqun bədii tərcümələri ilə yanaşı, elmi tərcümələrinin də özünəməxsus yeri var. C.Cabbarlının ilk elmi tərcüməsi 1926-cı ildə İranın tarixidən bəhs edən əsər olub.

Təqdimatda çıxış edən AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Tahirə Məmmədli, “Qobustan” jurnalının baş redaktoru Vaqif Əlixanlı, Xalq artisti Ramiz Novruz və digərləri bildirdilər ki, Cəfər Cabbarlı rus yazıçılarının əsərlərini tam dolğun şəkildə tərcümə edərək oxucuya çatdırıb. Azərbaycanda bədii tərcümə sənətinin inkişafında yeni yüksəliş dövrü XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə tərcümə işinin inkişafında böyük rol oynayan şəxsiyyətlərdən biri də C.Cabbarlı olub. Dramaturqun tərcümələri göstərir ki, o, dünya klassiklərinin yaradıcılığına yaxından bələd olub. Onun ədəbiyyatımıza bəxş etdiyi gözəl tərcümə nümunələri indi də bədii gözəlliyi ilə seçilir. Ədib U.ŞekspirinHamlet”, “Otello”, F.ŞillerinQaçaqlar”, N.Qoqolun “Müfəttiş”, L.Tolstoyun “Hacı Murad” və s. əsərləri peşəkarlıqla Azərbaycan dilinə tərcümə edib. Tədbirdə çıxış edənlər həmçinin onu da bildirdilər ki, H.LonqfellonunKoroğlunun atlanışı” şeirininM.Qorkinin “Üzügülər” hekayəsinin də tərcüməsi C.Cabbarlıya məxsusdur. Tərcümə işinə yüksək bir sənət kimi baxan, əlinə aldığı hər bir əsəri böyük ilhamla, coşqun yaradıcılıq ehtirası ilə tərcümə edən yazıçı dünya klassiklərinin əsərlərini bütün əzəməti ilə oxucuya tanıtdıra bilib.

Tədbirin sonunda çıxış edən C.Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı kitabın ərsəyə gəlməsində dəstəyi olan Mədəniyyət və Turizm Nazirliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

“Şərq-Qərb” nəşriyyatında işıq üzü görən kitabın redaktoru Bəhlul Abbasovdur.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 23 may.- S. 6.