Turizm və coğrafiya
Təhsil
ocağı və elm müəssisəsinin
əməkdaşlığı
Mayın 21-də Azərbaycan Turizm İnstitutu ilə AMEA-nın Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb.
ATİ-nin mətbuat xidmətindən aldığımız məlumata görə, sənədi ATİ-nin rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov və Coğrafiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov imzalayıblar.
Mərasimdə ATİ-nin rektoru Cəfər Cəfərov rəhbərlik etdiyi ali məktəbin AMEA-nın institutları ilə əlaqələrindən danışıb, bu münasibətlərin turizmin inkişafında rolunu vurğulayıb. Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov da elm müəssisəsinin fəaliyyətindən, iştirak etdiyi beynəlxalq layihələrdən söhbət açıb.
Memorandumda Azərbaycanın fiziki və iqtisadi coğrafiyasının turizm məqsədli tədqiqi, «Turizm və qonaqpərvərlik tədqiqatları» elmi jurnalının daha da inkişaf etdirilməsi, turizm kadrlarının hazırlanması prosesində mövcud imkanlardan səmərəli istifadə, birgə elmi konfransların, seminarların təşkili və s. nəzərdə tutulur. Sənəddə həmçinin yeni turist marşrutlarının və istirahət düşərgələrinin (kempinqlər) müəyyənləşdirilməsi üçün Azərbaycanın regionlarına birgə ekspedisiyaların təşkili, müştərək layihələrin hazırlanması və həyata keçirilməsi, birgə tədris materiallarının, sorğu-məlumat kitabçalarının, xəritələrin nəşri və digər məsələlər əksini tapıb.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 23 may.-
S. 9.