Bir dön bizim Bakıya bax...
Şərqlə Qərbin, fərqli mədəniyyətlərin,
tarixlə müasirliyin
əsrarəngiz şəkildə
qovuşduğu Bakı
zaman-zaman buraya gələn əcnəbilərin
diqqətini çəkib,
onları heyrətə
salıb. Bakı
bu gün də qədim tikililəri, müasir arxitekturası, ümumiyyətlə,
şəhər mədəniyyəti
ilə şöhrətinin
zirvəsindədir. Heydər Əliyev
Mərkəzi, “Alov qüllələri” (“Flame Towers”), Azərbaycan Xalça Muzeyi və son illərdə inşa edilən digər möhtəşəm binalar
müasir dünya memarlığının gözəl
nümunələrindəndir.
Şəhərin ən gözəgəlimli
tikililərindən biri
də paytaxtın hər tərəfindən
görünən, gecələr
lazer işıqlandırılması
ilə nəhəng bir mayak kimi
bərq vuran Bakı Televiziya Qülləsidir. Onun zirvəsindən paytaxtın gözəlliyini
seyr etməyin isə ayrıca ləzzəti var. Bu günlərdə
biz də paytaxtımızı
bu zirvədən seyr etdik. Həqiqətən də unudulmayacaq bir mənzərə idi...
Tarix
Təməli 1981-ci ildə qoyulan Bakı Televiziya Qülləsi ölkədə
televiziya verilişlərinin
daha keyfiyyətli yayımlanması məqsədilə
tikilib. Kompleks Azərbaycan Rabitə
Nazirliyinin sifarişi əsasında SSRİ Nazirlər
Şurasının qərarına
əsasən layihələşdirilmişdi.
İlkin
planlaşdırılmaya görə,
tikinti işləri
1985-ci ildə tamamlanmalı
idi. Lakin müəyyən səbəblər üzündən
işlər ləngiyir,
SSRİ-nin dağılması
ilə tamam dayandırılır. Tikintiyə
artıq müstəqillik
dövründə, 1993-cü ildə yenidən start verilir və nəhayət, 1996-cı il iyunun 7-də kompleksin rəsmi açılış mərasimi
keçirilir.
310 metrlik qüllə
Azərbaycanda ən hündür tikili, dünyada isə 34-cü televiziya qülləsidir. Bakının ən yüksək nöqtəsində yerləşən
tikilidə 2008-ci ildə
yenidənqurma işləri
aparılıb, 175 metr
yüksəklikdə şəhərin
gözəl mənzərəsini
seyr etməyə imkan verən və dövr edən restoran açılıb.
Zirvədən görünənlər
Restorana
qalxmaq üçün
qüllənin içərisində
iki lift quraşdırılıb.
Lift 1 dəqiqə 20 saniyə
ərzində bizi qüllənin 27-ci mərtəbəsinə
qaldırdı. Restoranın interyeri,
sözün həqiqi
mənasında, göz
qamaşdırır. Çox orijinal
üslubda, xüsusi işləmələrlə bəzədilib.
Dizaynı da fərqli
üslubda qurulub.
Restoranın əsas özəlliyi
isə döşəməsinin
saat əqrəbi istiqamətində fırlanmasıdır.
Bu da paytaxtın
bütün panoramını
oturduğun masadan seyr etməyə imkan verir. Döşəmənin bir dəfə
dövr etməsi 1 saat 20 dəqiqə çəkir.
Buradan baxdıqda
gözümüzün önündə
ecazkar bir mənzərə canlanır. Möhtəşəm göydələnlərin əhatəsində
qalan, Bakının minillik tarixinə şahidlik edən qədim İçərişəhər,
Qız qalasından tutmuş ən müasir tikililərini, paytaxtın ən uzaq yaşayış məntəqələrini belə
aydın görmək
olur. Şəhərin ən yüksək
nöqtələrindən birində
inşa edilmiş nəhəng “Alov qüllələri” isə
tam fərqli bir mənzərə yardır.
Bu əsrarəngiz tikili
sanki günəşin
yerə göndərdiyi
işığı, alovu
səxavətlə göylərə
ərməğan edir...
Bayraq meydanı,
milli qürur mənbəyimiz olan üçrəngli bayrağımızın
ahəstə dalğalanması
mavi Xəzərin dalğaları ilə qol-boyun olur, xüsusi bir ahəng yaradır. Paytaxtımızın səmasına sığal
çəkən üçrəngli
bayraq isə sanki coşqun Xəzəri, onunla bağrıbadaş olan qədim və müasir Bakımızı
qoruyan, kirpikləri qovuşmayan ayıq-sayıq
gözətçini xatırladır.
Qaş qaralmağa
başlayanda müasir
işıqlandırma sistemləri
sayəsində Bakı
çilçırağa dönür. Odlar Yurdunun
qəlbi sanki alışıb-yanır. Hündür
binalar isə biri-biri ilə yarışa girərək
öz gözəlliklərinə
tamaşa etmək üçün Xəzərə
boylanırlar. Xəzər
də onlara özlərini aydın görmələri üçün
bir güzgü tutur...
175 metr hündürlükdə
könlünüz nə
istəyir?
Gündüz saat 12-dən gecə 24-dək
işləyən restoranda
Azərbaycan və Avropa mətbəxinə
aid istənilən yeməklərdən
sifariş etmək mümkündür. Qonaqlara mehriban, gülərüz
və bacarıqlı
kollektiv yüksək səviyyədə xidmət
göstərir. Səslənən Azərbaycan musiqiləri isə hər kəsə gözəl istirahət əhvalı bəxş edir.
Televiziya qülləsinin insanların
orqanizminə mənfi
təsir göstərib-göstərmədiyini
soruşduq. Bildirirlər ki, şüalanma
ehtimalı yoxdur.
Çünki fizikanın qanunlarına
görə, qüllənin
şüası onun yaxın ətrafına təsir etmir. Amma müxtəlif qan-damar xəstəlikləri olan və hündürlükdən
qorxan adamlar üçün bir qədər çətinlik
yarana bilər. Onu da deyək ki,
buraya gəlib paytaxtın seyrinə dalmaq, ləziz yeməklərdən dadmaq
hər kəsin arzusu olsa da,
hamının cibinə
uyğun deyil.
Dünyanın müxtəlif ölkələrində
bu tip qüllələrdən
böyük şəhərlərin
panoramını izləmək
həmişə turistlərin
marağında olub. Bakı Televiziya Qülləsindən
də şəhərin
təkrarolunmaz görüntülərini
izləməyə turistlər
tez-tez gəlir.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 28 may.-
S. 15.