Bir alətin məlahətləri...
Bu, kamandır - hər ecaza qabil Habil Kaman əlində!
Habil Kaman... Ritorik səslənib, patefonik
melodiyalansa da, bu an belə bir qafiyə keçir
könlümdən: aman! Habil
Kaman və aman!..
Bu azman sənətkar
haqda tez-tez işlədilən
“məktəb” təşbehinə də bir
qafiyə: Təb. Hə, hə, ustad
aşıqlarsayağı, müasir
meyxanaçılarvari bədahəti təb...
Vallah, hər and-amanla deyə bilərik ki, bu adam hər dəfə kəmanəni əlinə, kamanı dizinə alanadək, nəsə çalanadək fikirləşdiklərinin yarı-parasını çala, ya çalmaya. Hər hansı bir muğamın, mahnının “gül”ləri elə iş başındaca doğulur Habil kamanından. Yaz çiçəkləri kimi, may ləçəkləri sayaq pardaqlanır. Necə ki, bu möcüzəvi bəndənin özü də ayların nur dolu mayında - 1918-ci il doğumlu Cümhuriyyətimizin ad günündə göz açıb dünyaya. Amma həmin o 1927 on il sonrakı 1937-yə “təsnif” kimiymiş. Buna görə də, öncə -
Minor notlardan...
Yəni, tarixən tarın “züytutan”ı hesab olunmuş kamançamızı “filiallıq əsarətindən” azad etmiş ilk və hələlik son mogikanımızla Şərqdə ilk demokratik respublikamızı doğum adaşı etmiş 28 mayla bağlı bir balaca gəziş-gərdiş. Özü də bir az “Zabul”, bir gəz də elə “Habil segahı” üstdə...
Bu təkrarsız sənətkarımızın, kaman ifaçılığı cəngavərimizin “ismi-şərif” tərifinə başlarkən, onun doğumundan on qış sonrakı müdhiş repressiya zimistanı qələmin də qanını soyudur. Mübarək demokratiya baharımızdan doqquz yaz sonrakı ümummilli zimistan. Bu kimi təşbehlər, fikirlər bu an zikr etdiklərimin dəyərlərilə müqayisədə hələ yazılmamış, bəstələnməmiş, lentə alınmamış xəyali “Habil Kaman dəstgahı”na nisbətdə çalınmış bir bayatı...
Yüz belə yazı-pozuya sığışmayan bu sənətkar səksən yeddi il bundan irəli Ağdaşın Üçqovaq kəndində doğulub və səksən il öncə həmin rayon mərkəzindəki musiqi məktəbinə getdiyi günlərdən başlayıb bugünkü Habil Kaman azmanlığına. “Quruca ağac”a dilöyrətmənliyə. Elə özünün də can-cüssəcə qupquruluğundan - “bir sümük, bir dəri” olduğu vaxtlardan bir botanik cismə ibtidai sinif müəllimliyi, sonralarsa könül elmləri doktorluğu, qəlblər professorluğu, duyğular akademikliyi etməkliyə...
...Onun hər hansı bir ifasının dəminə düşüb xəyal edək; o illərdə onu çöl-bayırda görənlərdən hansı birinin ağlına gələrmiş ki, bu çəlimsiz uşaq Ağdaş - Dünya marşrutuyla “çalğı çomağı” dedikləri bu alətlə gəzmədiyi yer qalmayacaq. Dost-tanışlarından hansı biri anışdıra bilərdi ki, gün axşamacan tükü-tükə (praktik oxucularçün - tükü simə) sürtə-sürtə məşq edən bu “sehrbaz yeniyetmə” bir vaxtlar fəth edib təm-təkcə dayanacağı zirvəni səsləyirmiş. O kəslərdən hansı birisi kəsdirə bilərmiş ki, bu “yaman dalaşqan”, “barmaqları ucunda oynayan”, dolanışıq üçün hərdən qarpız-“qardalı” (qarğıdalı) satsa da, məhəlli oyunlarda heç vaxt “mən kimnənəm” kimi suallarla aşağılanmayıb, “kim mənnəndi” nidalarıyla liderlənən, hər söz-bezi, atmacanı göydə tutub, cavabını güllə kimi atan “titul”larıyla böyüyən bu tifil gəlib-gəlib “Korifey Habil Kaman” olacaq, çalıb-çalıb - böyük musiqi mədəniyyəti tariximizdə əbədi “virtuoz azman” adıyla qalacaq?..
Salam, Bakı!
Düz altmış iki il əvvəl deyildiyini güman etdiyim o salamın obyekti tək elə Bakı yox, bütün Azərbaycan, Yaxın Şərq və “uzaq” dünya! Habil nə yeniyetmə ikən festivala, nə gəncliyində ara-sıra gəzməyə, nə də 1952-ci ildə birdəfəlik gəldiyi bu paytaxta belə bir kəlam deməyib. Nə Ağdaşa “xudafiz” deyib, nə Bakıya “salam”. Amma elə şeylər, elə sözlər var ki, onları demirlər, dilə gətirmirlər, onları yalnız anlayır, sezir, duyurlar...
Deyim ki, bu sayaq duyğuların ayın-löyünləri yaman çoxdur. Onun çaldığı “Çahargah”ın gahları, “Şur”un cürləri qədər çox. “Heyratı”nın “heyrət ey büt”ləri, “Rast”ın saqi “tost”ları qədər uzun-füzun. “Segah”ın “zabul”uyca dalğın, “Mirzə Hüseyn”iycə coşqun, “yetim”iycə məhzun...
Bunları abstraktlığa yozmamalı. Ondan rahlaşıb-ruhlaşaq ki, bu “insafsız” adam altmış ildir bu “xalxı odsuz-ojaxsız” yandırıb-yaxır. Camaatın üstünə şimşək təki çaxıb, ildırım yağır. Kaman qaşlarını çatıb, əlindəki kəmanə-oxu dizi üstündəki kaman üzərinə qoyub, sinələrimizin solunu atəşə tutub, qırıb-çatır bizi. Bir ucqar, “periferik” valideyn cütlüyü bu kaman şahını yetirib-bitirən dövrlərədək başımız sir-siyasət imperatorlarından az çəkmişibmişmi ki, bu da sənət imperatoru?!
Yox, gəlin qınamayaq bu kamandanışdıran adamı. Bakıya gələnədək yalnız bir topa camaatın, o vaxtdansa bütün xalqın adamını. Belə bir vərə-vird eləyək ki, o vaxt Bakıya salam-kəlamsız düşmüş bu adam neçə illərdi xalqın sevgi-məhəbbət dolu salam-kalamını almağa macal tapa bilmir. Telefon zənglərini, məktubları, tərif-təltifləri layiqincə cavablandırmağa tamarzıdır. Bəzən, həddən ziyadə sürəkli alqışlara layiq-qarşılıq çala bilməyən əlinə və bu incə-mincə duyğunu şairanə ifadə edə bilməyən dilinə acığı da tutub; “Bəxtiyar kimi söz çala bilsəydim, özümü dünyanın bəxtiyarı sayardım!” - deyib. Əlbəttə, söhbət ona da şeir həsr etmiş Vahabzadə Bəxtiyardan gedir. Hər ikisi xeyli gənc imiş o şeirlə bu deyimi deyəndə. Maraqlıdır ki, o şeirdə də yuxarıdakı “bəs” ədatlı “niyə” sualı var:
Bu ağac parçası yanmayır özü,
Ancaq od-ocaqsız yandırır bizi.
Onun atəşinə od şan-şan olur,
Bu səsin oduna alışır su da.
Ağac
hər atəşə
alışan olur,
Bəs niyə
alışmır belə
bir oda?
Əslində, bu azman kaman ustadı barədə az
şeir yazılmayıb.
Kamançanın özünə
dair isə... Bəs niyə? Yazımın
başlanğıcında dedim
axı, - Habil bu aləti “əsarəti-tar”dan qurtarıb,
onu ayrıca
bir ev-eşik edib. Bəyəm (artıq çalağan qonşumuzun da sahib çıxmaq istədiyi)
bu halalımıza da Müşfiqanə bir “Oxu!..”
möhürü vurub,
nişanlamaq olmazmı?..
Bir vaxt paytaxta tay-tuşunun
“yumrulu taxta” adlandırdığı kömköhnə
bir kamança ilə əlbir gələn Habil Asəf Zeynallı adına Musiqi
Məktəbində onunla
tamam-kamal dilbir olmağa başlayıb. Hələ “tellərini yan darayan” bu
oğlanın külçə
istedadı, hər ənənəvi, köhnə
xala yeni beçə balı qatmaq bacarığı Qurban Pirimov, Xan Şuşinski, Soltan Hacıbəyov kimi ustadları heyran qoyub... İlk günlər bu “kəndçi”nin “sınaq-ifa”sına
qulaq asan Şəmsi Bədəlbəyli,
Səid Rüstəmov
və Niyazi ikinci kurs tələbəsi
olan Habili M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası kimi ciddi bir sənət
məbədində işə
götürüblər. Bənzərsiz
bənzərlər - Seyid
və Xan Şuşinskilər, Həqiqət
Rzayeva, Zülfü Adıgözəlov, Fatma Mehrəliyeva, Şövkət
Ələkbərova, Sara Qədimova,
Mütəllim Mütəllimov
kimi ifa nəhəngləri məhz
Habilin müşayiətçiliyi
üstündə cəngi-Ərəbzəngi
“davası” açıblar.
Sənətinin dadı adından
da tez çıxır
bu “Kaman oğlan”ın.
Sonra...
toy-düyünlər. “Düyün” sözünü
elə-belədən işlətmədim;
valideynlər olurmuş
ki, madarının ağrı-acısını ovutmaq
üçün onu yas yerinə dəvət edib kamanına dil dedirdirmişlər...
Hələ ona “toy tutan” toy
sifarişləri! Bu məsələdə “fil
- üstündə bülbül”
deyimini də xatırlayın. Belə ki,
adətən xanəndəni
“öz dəstəsi”
ilə toya dəvət edirlər, bu ecazkar sazəndəni
isə öz istədiyi xanəndə ilə çağırırdılar.
Özü də ən
azı bir-iki ay öncədən “beh”ləyərək.
Baməzə dostlarından biri
bu növbə basırığını “Habilin
qəbul günləri”
adlandırıbmış.
“İnsafsız”ın “vəfasız”lığı...
Yuxarıda-axarıda adlarını çəkdiyim ifa dədə-nənələrini, o sayaq nur məşhurları
şur ilə müşayiətçilikdən, xalqın toy mərasimlərini
rövnəqləndirməkdən uzaqlaşdığından yana belə yazdım bu sözləri. Mahiyyətcə
sevgi, vurğunluq mənası daşısa
da, bir az yana-yana yazdım. Bir qədər də
- nə gizlətməli,
yaşına görə
belə yazdım.
Yəni, iraq-iraq, nə vaxtsa...
Yaxşı, yaxın keçmişimizdə
dünyasını dəyişən
korifeylərimizi efirdə-ekranda
bu Kaman Dədə “ağı”layırdı, bəs...
neçə illər
sonra onun özünü kim?.. Vay səni, gidi dünya!..
Nə sızlarsan, nə bozlarsan, aman kaman! Habil Kaman əlində ərzi-Zaman kaman! “Lalın
dilini anası bilər” deyiblər.
Bəs bu “çağır-çal”ın
dilini? Hə, bu dili bu
Atadan gözəl bilən nə ata var, nə
ana!
Milyon yaşlı bu səslər, bu üyültülər, bu
qımıltılar miniksiz-maşınsız
bir piyadanın sürətilə necə
də tez gəlib çatır bizlərə, aman Zaman!
“Habil” adlı doğma isim, dördcə sim və balaca bir him...
Bəyəm bunlar başqalarında
yoxmu, qadam?..
Söz və hikmət Dədəmiz Qorqudun “gəlimli-gedimli dünya, son ucu ölümlü dünya”
sözləri gəldi
bu an eynimə. Habil
Kaman Dədənin çalğıları
haqda düşünüb-daşınanda
o sözləri belə
də alıram: çalımlı-qalımlı dünya...
Tahir Əhmədalılar
Mədəniyyət.- 2014.- 28 may.-
S. 12.