Masallıda turizm sərgisi maraqla qarşılanıb

 

Mayın 24-də Masallı Rayon İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Şöbəsinin dəstəyi ilə “Viləş” mehmanxanasında turizm sərgisi təşkil olunub.

 

Yay turizm mövsümü ərəfəsində ənənəvi olaraq artıq dördüncü dəfə keçirilən sərgidə 20 turizm obyekti öz məhsulunu nümayiş etdirib. İştirakçılara yerli mətbəx, xalq tətbiqi sənəti nümunələri və rayonda istehsal edilən kənd təsərrüfatı məhsulları təqdim olunub.

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bildirib ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Masallı rayonunda da turizmin inkişafı sahəsində bir sıra uğurlar əldə edilib: «Masallı turizmdə geniş imkanlara malik rayonlardandır. Burada fəaliyyət göstərən turizm obyektlərinə ölkəmizin digər bölgələrindən, eləcə də xarici ölkələrdən turistlər dincəlməyə gəlir. Ötən il Masallıya 22 min nəfərə yaxın turist gəlib ki, onların da təxminən min nəfəri xarici ölkə vətəndaşları olub».

Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, Masallıda yay turizm mövsümü ərəfəsində keçirilən bu tədbirə maraq ilbəil artır: «Builki sərgidə 20 turizm obyekti iştirak edir. Sərginin ekspozisiya sahəsi 3 hektardan çox ərazini əhatə edir. Bu fakt deməyə əsas verir ki, Masallı artıq istirahət bölgəsi kimi diqqəti cəlb edir. Son illər rayona gələn turistlərin sayı artmaqda davam edir. Turistlərə xidmətin keyfiyyəti əsas şərtdir. Ona görə də hesab edirəm ki, rayonda fəaliyyətə başlayacaq turizm kolleci bu sahədə xidmətin səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynayacaq».

Tədbirdə “AİTF-2014” beynəlxalq turizm sərgisində Masallı rayonunu təmsil edən «İsti su» sanatoriyasının və «Baba bulağı» istirahət mərkəzinin rəhbərlərinə sertifikatlar təqdim edilib.

Yerli sahibkarlardan İldırım Allahyarov və Səbinə İsmayıllı çıxış edərək onların fəaliyyətləri üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Mərasimdə rayonun incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 28 may.- S. 9.