Əmircanda Səttar
ünvanı
İlıq, az sonrası ilğımlı 23 may səhəri. Bir neçə jurnalist
həmkarla yol üstəyik. Əvvəli Xilə, indisi və məncə, elə çox sonrası da Səttar oylağı deyiləcək Əmircana
gedirik. Əlamətdar
hadisə var. Özü
rəsmlərindən böyük,
sevgisi rənglərdən
daha rəngli, duyğuları çalarlarından
zəngin bir rəssamın, nəinki bakılıların, nəinki
əmircanlıların, bütünlükdə
özü-sözü azərbaycanlı
olan hər kəsin, fırçadan,
molbertdən xəbərdar
olmasa belə, rənglərin ansamblına
heyran kəsilənlərin
qürur məkanına
yollanırıq. Səttar Bəhlulzadənin
ev-muzeyi əsaslı təmir-bərpadan sonra, yenidən sənətsevərlərin,
bu qeyri-adi şəxsiyyətin vurğunlarının
üzünə açılır.
Mətbuat nümayəndələri üçün
ayrılan avtobus, nəhayət, yola düşür. Köhnə-yeni, iri-xırda tikililəri,
dar-dolanbac yolları, yamyaşıl ağacları
və arabir onları dəlib parlayan günəşin şüalarını geridə
qoyaraq mənzil başına çatırıq.
Rəssamın xatirə lövhəsinin
vurulduğu tinin başında ev-muzeyini soruşuruq. Sevincək
sakinlərdən biri
“Bax o təzə döşənmiş yol Səttarın evinə gedir”, - dedi və ardınca “Allah ona rəhmət eləsin, kişiyə görə yolumuzu da düzəltdilər” alqışını səsləndirdi.
Hər şey dünəni səsləyir
İkimərtəbəli mükəmməl
təmirli ev, döşənmiş, bayram
ruhuna köklənmiş
həyət, o həyəti
Səttar sevgisi ilə dolduran köhnə-təzə qonşular,
uzaqdan-yaxından gələn
qonaqlar, al-əlvan geyimli balaca solistlər (3 nömrəli
uşaq incəsənət
məktəbinin xor kollektivi), Əməkdar
artist Firuz Səxavətin
muğam üçlüyü,
həyətə xüsusi
yaraşıq verən
tut və əncir ağacının kölgəsində
oturub rəsm çəkən balacalar və yəqin, çox yəqin ki, bu şaqraqlıqdan
məmnun rəssam ruhu...
Xatırladım ki, fırça ustasının Əmircandakı
evində muzey ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamına
əsasən 1994-cü ildə
yaradılıb. Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən
burada əsaslı təmir-bərpa işləri
aparılıb, ev-muzeyin
yeni ekspozisiyası yaradılıb.
Bu yeni, müasir,
təptəzə görünüşdə
dünənin, ötənlərin
bir nostaljisi də var hər
kəsin üzündə. Hə, bir
də qəribə nigarançılıq, bəlkə
də sevincə bələnmiş gözlənti,
həyəcan. Hər halda,
bu hisslərin hamısında Səttar sevgisi, ruhu, çılğınlığı, həlimliyi, söz-sovu, ən əsası susqunluğu var.
Sükutu
pozan rənglər
Aparıcının səsi eşidildi və xəyali sükut pozuldu. Qonaqların yerini
alması ilə tədbirin rəsmi hissəsi başladı.
Mərasimdə mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, Suraxanı
Rayon İcra Hakimiyyətinin
başçısı İlqar
Abbasov, Azərbaycan Rəssamlar İttifaqının
sədri, Xalq rəssamı Fərhad Xəlilov, Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Mədəniyyət və
Turizm Nazirliyinin məsul şəxsləri,
tanınmış rəssam
və sənətşünaslar,
ictimaiyyət nümayəndələri
iştirak edirdi.
Səttar Bəhlulzadənin ev-muzeyinin
təmir, bərpa və ekspozisiyanın yeni bədii tərtibatından sonra açılışına gələnləri
bu əlamətdar hadisə münasibətilə
təbrik edən nazir böyük fırça ustasının
yaradıcılığından söz açdı, əsərləri dünyanı
dolaşan rəssamın
irsinin hər zaman örnək sayıldığını bildirdi. Bir neçə il
əvvəl rəssamın
100 illik yubileyinin
UNESCO səviyyəsində təntənə ilə qeyd olunduğunu xatırladan nazir onu bütün zamanlar üçün sənət zirvəsi kimi dəyərləndirdi:
“Səttar Bəhlulzadə
Azərbaycan rəngkarlıq
məktəbinin uca zirvəsində duran rəssamlardan biridir. Onun əsərləri dünya
miqyasında keçirilən
sərgilərdə, tədbirlərdə
nümayiş olunur”.
Qeyd olundu ki, xalq tərəfindən
sevilən, böyük
rəğbət görən
sənətkar çox
sadə, təvazökar,
öz işini hər şeydən uca tutan şəxsiyyət
idi. Azərbaycanı qarış-qarış gəzərək gördüklərini
kətana köçürən
rəssamın məşhur
mənzərə tabloları
ilə yanaşı, portret janrında əsərləri də diqqəti xüsusi cəlb edir. O, böyük şəxsiyyətlərin
daxili dünyasını
öz üslubu, özünəməxsus ustalığı
ilə ifadə etməyi bacarırdı.
Rəssamlar İttifaqının sədri
Fərhad Xəlilov isə sənətkarla bağlı xatirələrini
tədbir iştirakçıları
ilə bölüşdü,
onun unikal şəxsiyyəti, fərdi
yaradıcılıq üslubu
və mükəmməl
rəngkarlığından söz açdı.
Suraxanı Rayon İcra Hakimiyyətinin
başçısı İlqar
Abbasov da muzeyin açılışını
mədəni ictimaiyyət
üçün böyük
hadisə kimi dəyərləndirdi, Səttar
Bəhlulzadənin Əmircanın
dünyaya bəxş
etdiyi nadir inci olduğunu dedi. Muzeyin böyük rəssamın
irsinin təbliğində
önəmli yer tutacağını bildirdi.
Səttara doğru daha bir addım
Çıxışlar alqışlarla
bitdi, sonra muzeyin açılışını
bildirən qırmızı
lent kəsildi, həyəti
dolduran qələbəlik
evin solundakı burma dəmir
pilləkənə yürüdü.
İkinci mərtəbəyə, Bəhlulzadə ruhunun dolaşdığı, toxunduğu
əşyaların, sevərək
sinəsinə sıxdığı
fırçaların, molbert
üzərində hələ
də rəngləri soyumayan yarımçıq
rəsmin, boyaların
üzərində onun
hənirtisini duymağa
tələsdilər. İkinci mərtəbədəki
5 otaq və dəhlizdə nümayiş
olunan ekspozisiya ilə tanışlıq başladı.
Bələdçi eksponatlar barədə məlumat verir. Dəhlizdə Səttar Bəhlulzadənin
fərdi və rəssamlarla birgə fotoları, həmçinin
“Yuxarı Daşaltı”
əsərinin reproduksiyası
nümayiş olunur.
Muzeyin kiçik otağında “Corat qovunları” əsərinin reproduksiyası,
rəssamın fırçaları,
boyaları yer alır.
Rəssamın əşyaları, yataq
otağı, ona hədiyyə olunan patefon, divarda asılı əqrəbləri
donuq saat, munis, doğma, sadə tərtibatlı rəssam evi hər kəsi ayrı bir aləmə,
daha doğrusu, heç vaxt tam dərk edilməyəcək
Səttar Bəhlulzadə
kəhkəşanına aparır.
Uzaq, yorğun xəyalları bələdçinin
səsi yenidən pozur: “Səttar Bəhlulzadənin əsərləri
dünyanın məşhur
muzeylərində saxlanılır.
Yerli və dünya muzeylərində aparılan
araşdırmalar nəticəsində
məlum olub ki, rəssamın 600-dən
çox müxtəlif
ölçüdə tablosu,
200-dən çox qrafik
əsəri var”.
Doğma
izlərin sorağı
Geniş və işıqlı zalda rəssamın “Mənim anam”, “Kəpəzin göz yaşları”, “Bazardüzü”
əsərlərinin reproduksiyaları
sərgilənir. Vitrinlərdə
əlamətdar hadisələrlə
əlaqədar rəssama
ünvanlanmış təbrik
məktubları, teleqramlar,
fırça ustasının
müxtəlif dillərdə
dərc olunmuş kataloqları, fərdi sərgilərinin dəvətnamələri
və şəxsi sənədləri, Səttar
Bəhlulzadə haqqında
müxtəlif illərin
mətbuat səhifələrində,
eyni zamanda, elmi nəşrlərdə
dərc olunmuş yazılar və digər tarixi əhəmiyyət kəsb
edən eksponatlar yer alır.
Sonra bir zamanlar müxtəlif məclislərə, səmimi
söhbətlərə, şən-şaqraq
gülüşlərə, türlü sənət söhbətlərinə bələdçilik,
şahidlik edən qonaq otağına daxil oluruq. Səttar
Bəhlulzadənin və
anası Hökümə
xanımın fotoşəkilləri,
“Qızbənövşəyə gedən yol”, “Füzuli”, “Məcnun” və başqa əsərlərinin reproduksiyaları,
rəssamın şəxsi
kitabları, sənət
dostları tərəfindən
bağışlanmış kitablar, eyni zamanda, onun haqqında
yazılmış kitablar...
Kiçik, səliqəli, sadə yataq otağı. Dəmir çarpayı,
şifoner və küncə qısılan
kiçik masadan ibarət otaqda rəssamın əsərlərinin
reproduksiyaları da nümayiş etdirilir.
Və məhz o rənglər simfoniyası bu otağı da qəribə bir işığa qərq edir.
İş otağında isə rəssamı daha aydın duyuruq. Klassik musiqinin müşayiəti
ilə (Azərbaycan Dövlət Filarmoniyasının
kvarteti) S.Bəhlulzadənin
molberti, palitrası, fırçaları, yazı
stolu, radiola, əsərlərin reproduksiyaları,
fotoşəkilləri, məişət
əşyaları və
onların düzümü
burada çalışan
insanın iç dünyasından da xəbər verir.
Və qayıdış
Muzey ilə tanışlıq daş pilləkəndən enişlə başa çatdı. Hər zaman detallara diqqət edən həmkarlarım pilləkəndən qonşu eyvana, böyük Səttarın doğulduğu kiçik evə, ata ocağına da boylandılar. Beləcə hər kəs “Mən natura dalınca Qogen kimi baş götürüb başqa diyarlara getmərəm. Doğma yurdumun təbiəti mənim ilham qaynağımdır”,- deyən rəssamın Əmircanda başlanan əbədi Vətən sevgisinin müşayiəti ilə onun oylağını tərk etdi.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2014.- 28 may.-
S. 8.