“Qəhrəman polis

 

Milli Qəhrəman Səfəralı Məmmədova həsr edilmiş sənədli filmin təqdimatı

 

Mayın 23-də Masallı rayon Mədəniyyət mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Məmmədova həsr edilmiş “Qəhrəman polis” sənədli filminin təqdimatı olub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” studiyasında lentə alınmış film 1963-cü ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olmuş polis kapitanı Məmmədov Səfəralı Qurban oğlunun Qarabağ müharibəsində göstərdiyi igidlikdən bəhs edir.

 

Ekran əsərində qəhrəmanın Qarabağ müharibəsində keçdiyi döyüş yolu, göstərdiyi igidlikdən ətraflı söhbət açılır, ailə üzvləri, döyüş yoldaşları, rayon sakinləri onunla bağlı xatirələrindən danışırlar.

Rayon icra hakimiyyətinin məsul işçisi Seyfəddin Əliyev Milli Qəhrəmanın ömür yolu barədə məlumat verib. Səfəralı Məmmədov 1983-cü ildə hərbi xidmətini başa vurduqdan sonra Krasnovodsk şəhərində milis sistemində işə daxil olub, sonra təhsilini Bakı Xüsusi Orta Milis Məktəbində davam etdirib. 1990-cı ildə məktəbi bitirərək leytenant rütbəsini alıb. Qarabağ müharibəsində Ağdam rayonunda tağıma komandirlik edən S.Məmmədovun son döyüşü 1992-ci il fevralın 16-da olub. Erməni işğalçıları Xocavənd rayonunun Qaradağlı kəndinə hücum edərək insanları vəhşicəsinə qətlə yetirirdilər. Səfəralı Məmmədovun başçılıq etdiyi dəstə erməni yaraqlılarını məhv edərək irəliləyirdi. Bu zaman idarə etdiyi maşın qumbaraatan maşınla vurulubigid döyüşçü şəhid olub. Milli Qəhrəman doğma kəndində dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 6 iyun tarixli fərmanı ilə Məmmədov Səfəralı Qurban oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Masallı şəhərində küçələrdən biri, təhsil aldığı məktəb igid döyüşçünün adını daşıyır, məktəbin həyətində büstü qoyulub. Şair Qəni Bəxtəvərin qəhrəmana həsr etdiyi “Sərçuvarın qartalı” kitabı nəşr olunub.

Mərasimdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən dövlət qayğısından söhbət açaraq sənədli filmin bədii məziyyətlərini yüksək qiymətləndirib, yaradıcı kollektivə uğurlar arzulayıb.

Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı sektorunun böyük məsləhətçisi Almas Sultanzadə bildirib ki, ölkə Prezidentinin sərəncamına müvafiq olaraq “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən artıq 24 sənədli film çəkilib. “Qəhrəman polisfilmi bu seriyadan növbəti ekran əsəridir.

Filmin ssenari müəllifi və rejissoru Zamin Məmmədov ekran əsərinin çəkilişində əməyi olan bütün insanlara minnətdarlığını ifadə edib.

Tədbirdə çıxış edən rayon Polis Şöbəsinin rəisi Nəriman İmanov, Qarabağ müharibəsi veteranları şurasının sədri Nahid Rəhimov, Masallı şəhər 1 nömrəli orta məktəbin direktoru Mirqabil Hüseynov Milli Qəhrəman Səfəralı Məmmədovun ömür yolunun gənclərə örnək olduğunu diqqətə çatdırıblar.

Milli Qəhrəmanın anası Şahdəstə Məmmədova ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2014.- 28 may.- S. 7.