Xalq Cümhuriyyəti və mədəniyyətimiz

 

Yüzillik əsarət dərsi ilə ikiillik hürriyyət qovşağı bizi özümüzə tanıtdı”. Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə sonralar 28 may tarixi haqqında belə demişdi. Cəmi 23 ay yaşamasına baxmayaraq, dövlətçilik salnaməmizdə silinməz iz qoyan Xalq Cümhuriyyəti bugünkü müstəqil Azərbaycan Respublikası üçün tarixi bir təməl oldu.

 

Xalq Cümhuriyyəti qısa fəaliyyəti müddətində ölkə həyatının digər sahələri kimi, mədəniyyət və maarif sahəsinə də xüsusi diqqət yetirib. Azərbaycan xalqının qabaqcıl ziyalılarının uzun illər milli məktəblərin yaradılması uğrunda apardıqları mübarizə əsasən bu dövrdə reallaşıb. Ölkənin bir çox şəhərlərində pedaqoji kursların şəbəkəsi genişləndirilib. Azərbaycan dilində dərsliklərin hazırlanması və nəşri üzrə komissiya yaradılıb. Komissiyaya daxil olan Hüseyn Cavid, Mahmudbəy Mahmudbəyov, Abdulla Şaiq, Camo Cəbrayılbəyli və başqa ziyalılar bu sahədə böyük işlər görürdülər. Azərbaycan hökuməti yaşlılar arasında savadsızlığın ləğvi sahəsində də fəaliyyət göstərirdilər. Tariximizin öyrənilməsinə xüsusi diqqət yetirilir, bütün məktəblərdə Azərbaycan tarixinin, ədəbiyyatının tədrisinə geniş yer verilirdi.

 

Milli kadrların hazırlığı

 

Qarşıda duran mühüm işlərdən biri də ölkədə milli kadrların hazırlanması üçün ali təhsil müəssisəsinin açılması idi. Azərbaycan Parlamenti 1919-cu il sentyabrın 1-də Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul etdi. 1919-cu il noyabrın 15-də Bakı Universitetində dərslər başlandı. Universitetə qəbul zamanı Azərbaycan vətəndaşlarına üstünlük verilirdi. Hökumətin qərarı ilə bütün fakültələrdə türk (Azərbaycan) dili məcburi fənn kimi tədris edilməli idi.

Milli kadrlara olan ciddi ehtiyac nəzərə alınaraq hökumət tərəfindən 1919-cu il sentyabrın 1-də 100 nəfər azərbaycanlı gənc Türkiyə, Fransa, İtaliya və İngiltərənin ali məktəblərində təhsil almağa göndərildi. Onlar öz təhsillərini dövlət hesabına başa vurmalı idilər.

Bundan başqa, hökuməti ərəb əlifbasından latın qrafikalı Azərbaycan əlifbasına keçilməsinə hazırlıq işləri gördü. Bu işlə məşğul olmaq üçün xüsusi parlament komissiyası yaradılmışdı.

Milli mesenat Hacı Zeynalabdin Tağıyev də elmin, təhsilin inkişafına yaxından köməklik göstərirdi. O, Bakı Dövlət Universitetinin açılması üçün maddi yardım etmiş, xaricdə təhsil almağa göndərilən 20 tələbənin hər birinə 7500 manat təqaüd ayırmışdı.

 

Muzeylər və kitabxanalar

 

Xalq Cümhuriyyəti hökuməti muzeylərin yaradılması istiqamətində də mühüm işlər görmüşdü. Mədəniyyətimizin tarixində böyük hadisələrdən biri olan İstiqlal Muzeyi məhz bu dövrün yadigarıdır. Bu, Azərbaycanın tarix və mədəniyyətinin, milli bədii irsinin qorunub təbliğ olunduğu ilk dövlət muzeyi idi. 1919-cu il dekabrın 7-də parlamentin işə başlamasının ildönümü münasibətilə onun binasında açılan muzeydə tarixi sənədlər, qədim əşyalar, silahlar, əlyazmalar yer almışdı.

1920-ci ildə Cümhuriyyətin süqutundan sonra muzey fəaliyyətini dayandırdı və eksponatları yeni təşkil edilmiş Azərbaycan Dövlət Muzeyinə verildi. Sonradan eksponatların bir hissəsi Moskva İnqilab Muzeyinə aparıldı. 1991-ci ildə İstiqlal Muzeyi yenidən bərpa olundu. Bundan başqa, 1920-ci ilin əvvəllərində Maarif Nazirliyi nəzdində Arxeologiya şöbəsi də yaradılmışdı.

 

İstiqlal və azərbaycançılıq

 

Milli hökumət öz fəaliyyəti dövründə mətbuatın inkişafına da xüsusi diqqət yetirirdi. 1918-1920-ci illərdə dövlətin rəsmi orqanı kimi «Azərbaycan» qəzeti, eləcə də Bakı, Gəncə və digər şəhərlərdə qəzetlər nəşr edilirdi. «Azərbaycan» qəzeti əvvəlcə Gəncədə, 1918-ci ilin sentyabrında Cümhuriyyət hökuməti Bakıya köçdükdən sonra isə burada Azərbaycan və rus dillərində çap olunurdu. Qəzetin Azərbaycan dilində nəşrinin redaktoru CeyhunÜzeyir Hacıbəyli qardaşları, rusca nəşrin redaktoru isə Şəfi bəy Rüstəmbəyli idi.

Xalqımızın istiqlalını əldə etməsi ədəbi mühitdə də böyük canlanmaya səbəb olmuşdu. Şair və yazıçıların yaradıcılığında vətənpərvərlik və azərbaycançılıq ruhu güclənir, istiqlal uğrunda mübarizəni özündə əks etdirən əsərlər meydana gəlirdi. Hüseyn Cavid, Məhəmməd Hadi, Cəlil Məmmədquluzadə, Əhməd Cavad, Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq, Əliabbas Müznib və digər görkəmli ədiblərimiz öz əsərləri ilə milli ruhun oyanmasına kömək edirdilər.

 

Teatr, kino, rəssamlıq

 

Azərbaycanın istiqlalı teatrın inkişafına da təkan vermişdi. Bu sahənin idarə olunması Maarif Nazirliyinə həvalə olunmşdu. CeyhunÜzeyir Hacıbəyli qardaşları teatr truppasında Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev kimi böyük sənətkarlar çalışırdılar. Bakıda Hüseyn Ərəblinskinin rəhbərliyi altında Azərbaycan Dövlət Teatrı fəaliyyətə başlamışdı. Teatrda oynanılan əsərlərin çoxu xalqın qəhrəmanlıqla dolu keçmişini, türk dünyasının əzəmətini əks etdirirdi. Cəfər Cabbarlının «Bakı müharibəsi», «Ulduz, yaxud Trablis müharibəsi» kimi tarixi əsərlər tamaşaya qoyulmuşdu. 1918-20-ci illərdə Üzeyir Hacıbəylinin «O olmasın, bu olsun», «Arşın mal alan», Əbdürrəhim bəy Haqverdiyevin «Bəxtsiz cavan», Namiq Kamalın «Akif bəy» yaxud «Namus» əsərləri də oynanılmışdı.

Cümhuriyyət hökuməti ölkədə kinematoqrafiyanın inkişafına da xüsusi diqqət verirdi. 1919-cu ildə Bakıda 16 kinematoqraf var idi. Həmin ildə paytaxtda ilk rəssamlıq studiyası yaradıldı. Studiyanın üzvlərindən biri görkəmli realist rəssam Bəhruz Kəngərli öz əsərlərində əsasən erməni təcavüzü zamanı yurd-yuvalarından qaçqınların ağır vəziyyətlərini təsvir edirdi, bu mövzuda rəsm qalereyası yaratmışdı...

Cümhuriyyətin süqutundan 84 il ötsə də, milli dövlətimizin mədəniyyət tariximizə töhfələri yaşayır, o çətin dövrdə xalqın maariflənməsi, mədəni inkişafı naminə çalışan ziyalılarımızın fədakarlığı unudulmur.

 

Mehparə

 

Mədəniyyət.- 2014.- 28 may.- S. 7.