Bədii təhsilin
formalaşdırılması yolları
Mayın 23-də
Sabunçu rayon Mərkəzi
kitabxanasında “Gənc nəslin inkişafında bədii təhsilin
formalaşdırılması yolları” mövzusunda
dəyirmi masa keçirildi.
“Beynəlxalq Bədii Təhsil Həftəsi”nə həsr edilmiş tədbiri MKS-nin direktoru Nəcibə Hüseynova açaraq mövzu barədə məlumat verdi. Bildirdi ki, hər il may ayının dördüncü həftəsi UNESCO tərəfindən “Beynəlxalq Bədii Təhsil Həftəsi kimi” qeyd edilir.
Qeyd olundu ki, Azərbaycanda da mədəniyyət və incəsənət sahəsində təhsilin zəngin tarixi var. Hazırda respublikamızda ibtidai musiqi, rəssamlıq və xoreoqrafiya təhsili verən 274 uşaq musiqi, rəssamlıq, incəsənət məktəbi fəaliyyət göstərir. Onların arasında musiqi məktəbləri (227) çoxluq təşkil edir. Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən İncəsənət Kollecində gələcəyin rəngkarları, qrafikaçıları, heykəltəraşları və müxtəlif profilli rəssamlar təhsil alırlar. Mədəni-maarif texnikumlarında kulturologiya və bədii yaradıcılıq, muzey işi və abidələrin mühafizəsi, dekorativ-tətbiqi sənət və kitabxana işi ixtisasları tədris olunur.
Sonra söz dəyirmi masa iştirakçılarına verildi. 12 nömrəli Bakı Peşə Liseyinin ağac üzərində oyma üzrə rəssamı Rafael Cəfərov, 108 saylı orta məktəbin direktoru Narınc Mehdiyeva, Sabunçu rayon Qadınlar Şurasının sədri Samirə Əjdərzadə, müəllimə Mehparə Səfərova və başqaları gənc nəslin bədii təhsilə olan marağı və bu sahənin inkişafı ilə bağlı fikirlərini bölüşdülər. Bildirildi ki, bədii təhsilin keyfiyyətinin yüksəldilməsi bilavasitə müasir mədəni mühitin yaxşılaşmasına gətirib çıxarır.
Tədbirin sonunda iştirakçılar 4 saylı musiqi məktəbinin şagirdləri Aysel Kərimova (fortepiano), Nigar İbadullayeva (skripka) və Cavidan Quliyevin (tar) ifasını dinlədilər. Rayon gənclərinin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 28 may.-
S. 6.