Şərq Tərəfdaşlığı Proqramında mədəni əməkdaşlıq

 

Mayın 22-də Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramının 4-cü Platformasının (insanlararası əlaqələr) 11-ci iclası keçirilib. İclasa iştirakçı ölkələrin nümayəndələri, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun İdarəedici Komitəsinin üzvləri, Avropa İttifaqı, Avropa Şurası və UNESCO-nun rəsmiləri, müstəqil ekspertlər qatılıb. Tədbirdə Azərbaycanın Xarici İşlər, Mədəniyyət və Turizm, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, AMEA-nın əməkdaşlarından ibarət geniş nümayəndə heyəti iştirak edib.

Tədbirdə Avropa İttifaqının tədqiqat və innovasiyalar, elm, təhsil və mədəniyyət sahəsində həyata keçirilən yeni layihə və proqramların təqdimatı keçirilib. İclasda çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Nuriyyə Məmmədova ölkəmizin Avropa İttifaqı ilə mədəniyyət sahəsində əməkdaşlıq perspektivlərindən danışıb, bu ilin iyul ayında Şərq Tərəfdaşlığının mədəniyyət proqramı çərçivəsində Azərbaycanda keçiriləcək mübadilə seminarı haqqında məlumat verib.

Nazirliyin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın təqdimatını keçirərək Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində belə təşəbbüslərin irəli sürülməsinin vacibliyini diqqətə çatdırıb, o cümlədən qurumun ölkəmizlə ikitərəfli əlaqələrinin inkişafını "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın əsasında davam etdirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.

 

Mədəniyyət.- 2014.- 28 may.- S. 3.