“Yaşıl donlu, mavi gözlü,
al duvaqlı sevdiyim”
Mayın 27-də böyük dramaturq Cəfər Cabbarlının ev-muzeyində 28 May - Respublika Gününə həsr edilmiş tədbir keçirildi. Milli Konservatoriya nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyası ilə birgə təşkil edilən tədbiri muzeyin direktoru Qəmər Seyfəddinqızı açaraq müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışdı.
Filologiya elmləri doktoru, professor Asif Rüstəmli Cəfər Cabbarlı irsi ilə bağlı tədqiqatlarından bəhs edərək bildirdi ki, dramaturqun evi - yığışdığımız bu məkan istiqlalımızın beşiklərindən biri, Xalq Cümhuriyyətinin banilərinin daimi toplaşdığı məkan olub. Biz bunu muzeyin arxivində saxlanılan sənədlərdən də aydın görə bilirik.
Tarix üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı, şairə Sona Xəyal və digərləri Cümhuriyyətin qurucularından söz açdılar, müstəqilliyimizin əbədi olması və üçrəngli bayrağımızın daima dalğalanması üçün gənc nəslin maarifləndirilməsinin əhəmiyyətini vurğuladılar.
Nizami rayon uşaq yaradıcılıq mərkəzinin dram dərnəyi üzvlərinin və incəsənət gimnaziyası şagirdlərinin ifasında C.Cabbarlının vətənə həsr edilmiş şeirləri dinlənildi.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 28 may.-
S. 2.