Göyçayda kitab
bayramı
Gözəl may səhəri şıdırğı yağan yağış kitabsevərləri Göyçaydakı M.Ə.Sabir adına Mərkəzi kitabxanaya yığışmağa mane ola bilmədi. Mayın 22-də burada ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş kitab bayramı keçirilirdi.
Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Rəxşəndə Rəcəbovanın, rayon ictimaiyyətinin, müxtəlif peşə sahiblərinin qatıldığı tədbiri MKS-nin direktoru Rövşən Balayeva açaraq iştirakçıları salamladı. Ənənəvi olaraq keçirilən belə tədbirlərin kitabın təbliğində, mütaliə marağın artırılmasında böyük əhəmiyyəti olduğunu bildirdi.
Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sahib Şükürov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyətimizə göstərdiyi qayğıdan, kitabxana-informasiya sahəsinin inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı rayonda görülmüş işlərdən danışdı.
MKS-nin qarşısında təşkil olunan sərgidə 800-dən çox kitab, elektron disklər və əl işləri nümayiş olunurdu. Tədbirə gələnlər “Heydər Əliyev və mədəniyyət”, “Tarixi zəngin xalqımız”, “Dastanlarımız”, “Dünya ədəbiyyatı”, ”Milli qəhrəmanlarımızı tanıyaq və tanıdaq”, “Həmyerlilərimiz” və s. başlıqlı sərgilərlə, yeni nəşrlərlə tanış oldular.
3 saylı məktəbin şagirdləri və 4 saylı bağçanın uşaqları ulu öndərə həsr olunmuş şeirlər söylədilər və ədəbi nümunələrdən səhnəciklər ifa etdilər. Tədbir rayon Mədəniyyət evi kollektivinin konsert proqramı ilə başa çatdı.
Nəriman Məlikov,
Göyçay Rayon Mədəniyyət
və Turizm Şöbəsinin
aparıcı mütəxəssisi
Mədəniyyət.- 2014.- 30 may.-
S. 15.