“Azərbaycanı dünyaya tanıdan cümhuriyyət”

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Azərbaycanı dünyaya tanıdan cümhuriyyət: Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda sərgi açılıb.

Kitabxananın mətbuat xidmətindən bildiriblər ki, sərgidə Azərbaycan xalqının istiqlal mübarizəsinin ən mühüm məqamlarını, azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və fəaliyyətlərini əks etdirən, Xalq Cümhuriyyəti parlamentinin və hökumətinin fəaliyyətinə, eləcə də cümhuriyyətin süqutundan sonra istiqlal ideyalarını yaşadan milli hərəkata həsr olunmuş nəşrlər yer alıb.

Bu sıranda AMEA-nın Tarix İnstitutunun “Azərbaycan Xalq Cümhuriyyəti”, Milli Azərbaycan Tarix Muzeyinin “Azərbaycanın Paris sülh konfransındakı elçiləri”, Mərkəzi Elmi Kitabxanasının “Müstəqilliyə gedən yolbiblioqrafik göstəricisi, Ataxan Paşayevin “Açılmamış səhifələrin izi ilə”, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasını (2 cilddə), Qərənfil Dünyaminqızının “Cümhuriyyət dövründə Azərbaycan mətbuatı (1918-1920-ci illər)”, Səbuhi Əhmədovun “Azərbaycan ordusu - uniforma, rəmzlər, nişanlar - 1918-1920” və digər nəşrləri qeyd etmək olar.

Həmçinin Azərbaycan, rus, Şərq və Qərbi Avropa dillərində 300-dək ədəbiyyat nümayiş olunur, cümhuriyyət dövrünü əks etdirən kinolent və fotoşəkillər təqdim edilir.

 

Mədəniyyət.- 2014.- 30 may.- S. 14.