Gəncədə tanınmış teatr rejissorunun yubileyi

 

Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyi ilə Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rejissor Vaqif Şərifovun 70 illiyi münasibətilə yubiley gecəsi keçirilib.

Gecədə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Vaqif Şərifovun sənət yolundan söhbət açıb, onun bir ziyalı, sənət adamı kimi Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərindən danışıb. Qeyd olunub ki, Vaqif Şərifov Gəncənin ictimai-siyasi həyatında da yaxından iştirak edir, beynəlxalq əhəmiyyətli tədbirlərdə klassiklərimizin əsərlərinin meydan tamaşasını hazırlamaqla nəinki şəhər ictimaiyyəti arasında, eləcə də xarici qonaqlarda xoş təəssürat yaradıb.

Sonra Elmar Vəliyev Azərbaycan dövlətinin başçısının sənət adamlarına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq ikiotaqlı mənzilin açarlarını, eləcə də qiymətli hədiyyələri yubilyara təqdim edib.

Yubiley gecəsində Vaqif Şərifovun yetirmələri, onunla çiyin-çiyinə çalışan sənət dostları və ziyalılar çıxış edərək rejissoru 70 yaşı münasibətilə təbrik edib, ona cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıblar. İncəsənət ustaları maraqlı konsert proqramı ilə yubilyara təbriklərini çatdırıblar.

Sonra Vaqif Şərifov çıxış edərək respublikamızda mədəniyyətin inkişafına, sənət adamlarına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2014.- 30 may.- S. 11.