Mirzə Şəfi Vazehin 220 illiyinə həsr edilmiş elmi sessiya

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehin anadan olmasının 220 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib.

Tədbirdə Əlyazmalar İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Teymur Kərimli görkəmli ədibin həyat və yaradıcılığından danışıb. Bildirib ki, qədim Gəncə torpağının dahi Nizamidən sonra ədəbiyyatımıza bəxş etdiyi görkəmli şairlərdən biri də Mirzə Şəfi Vazehdir.

AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Fəxrəddin Veysəlli Almaniyada şairin əsərlərini almancaya tərcümə etmiş Fridrix Bodenştedtin şəxsi arxivi, əlyazmaları üzərində çalışması barədə məlumat verib.

Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Gülər Əlibəyli Vazeh yaradıcılığının XIX əsrdə Polşada dəfələrlə nəşr edilərək yayılması barədə məlumat verib.

Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Vaqif Arzumanlı bildirib ki, Avropada 1850-ci ildən 1924-cü ilədək “Mirzə Şəfi nəğmələri” 300 dəfədən çox çap olunub. Şairin dünyanın bir çox dillərinə tərcümə olunmuş şeirlərinin tədqiq olunması vacib məsələlərdəndir.

 

Mədəniyyət.- 2014.- 30 may.- S. 4.