Azərbaycan-UNESCO əlaqələri müzakirə olunub

 

Ölkəmizin təşkilatla münasibətləri inkişaf dövrünü yaşayır

 

UNESCO Baş Konfransının sədri Hao Ping Azərbaycana səfərə gəlib. Mayın 29-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqla görüşdü. Görüşdə Azərbaycan-UNESCO əlaqələrindən söhbət açıldı.

 

Nazir təşkilatla əməkdaşlığın tarixi, hazırkı vəziyyəti və gələcək perspektivləri barədə UNESCO rəsmisinə məlumat verərək qeyd etdi ki, hazırda bu münasibətlər ölkə Prezidenti İlham Əliyevin və UNESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə özünün inkişaf dövrünü yaşayır.

Qeyd olundu ki, Azərbaycanın zəngin tarixi-mədəni irs nümunələrinin UNESCO tərəfindən bəşəriyyətin inciləri xəzinəsinə daxil edilməsi bu əməkdaşlığın bariz nümunəsidir.

Qonağın diqqətinə çatdırıldı ki, Qobustan qayaüstü rəsmləri, İçərişəhərdəki Qız qalası və Şirvanşahlar sarayı kimi tarixi abidələr UNESCO-nun dünya mədəni irs siyahısına, Azərbaycan muğamı, aşıq sənəti, Novruz bayramı, xalça sənətimiz, tar ifaçılığı sənəti təşkilatın qeyri-maddi mədəni irs siyahısına, çövkən - Qarabağ atüstü oyunu isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Ötən il UNESCO ilə Azərbaycan hökuməti arasında 5 illik çərçivə sazişi imzalanıb ki, bu sənəd əsasında ölkəmiz qurumun beynəlxalq tədbirlərinə maliyyə dəstəyi göstərəcək.

UNESCO Baş Konfransının sədri Hao Ping Azərbaycana ilk dəfə səfər etdiyini bildirərək, ölkəmizin inkişafının onda yüksək təəssürat doğurduğunu vurğuladı. Eyni zamanda Çin Xalq Respublikası təhsil nazirinin müavini, UNESCO üzrə Çinin Milli Komissiyasının direktoru olan qonaq söhbət əsnasında Azərbaycanla Çin dövləti arasında humanitar sahədə qarşılıqlı əməkdaşlığın inkişafına töhfə vermək niyyətini də ifadə etdi. Öz növbəsində nazir Azərbaycan-Çin əlaqələrinin mədəniyyət və turizm sahələrində bir sıra vacib məqamlarını diqqətə çatdıraraq ölkəmizin bu sahədə əməkdaşlığa xüsusi önəm verdiyini vurğuladı.

 

Fariz

 

Mədəniyyət.- 2014.- 30 may.- S. 3.