Mənalı ömür yolu

 

Dünyaya gələn hər bir insanın tale yolu, ömür səhifəsi olur. Xeyirxah əməlləri ilə insanların sevimlisinə çevrilənlər yaddaşlarda əbədi yaşayır. Rövşən Gülməmməd oğlu Şəfizadə (1917-1970) də belə şəxslərdən biri olmuşdur.

Hörmətli bir müəllim ömrü yaşayan, öz sadəliyi, vətənpərvərliyi ilə insanlara nümunə olan Rövşən Şəfizadə hər işində məsuliyyəti ilə, müsbət keyfiyyətləri ilə həmişə öndə getmişdir. Rayonumuzda ilk kinolaşdırılma işində də Rövşən Şəfizadənin əməyi böyük olmuşdur. Onun əzm və fədakarlığı, elm-təhsil uğrunda özünəməxsus yolu vardır. O həm də altı övlad böyüdən, onlarda elmə, təhsilə maraq aşılayan qayğıkeş ata, nümunəvi ailə başçısı olub.

Rövşən Şəfizadənin xatirəsini yaşatmaq, tarixə qovuşmuş ömrünün anlarını gələcək nəsillərə çatdırmaq məqsədilə Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində xüsusi guşə açılmışdır. Ekspozisiyada pedaqoqun ömür yolunun şahidi, bir parçası olan sənədlər təqdim olunur. Tarixin hər bir anını özündə yaşadan bu sənədlər muzeyimizin eksponatı olmaqla bərabər, həm də bir insanın fədakar əməyinin nümunəsidir.

Rövşən Şəfizadəni tanıyan, bir zamanlar şagirdi olmuş insanlar muzeyə gələrkən onunla bağlı xatirələrini söyləyirlər. Hamı bir söz deyir: sadə, mehriban insan, tələbkar müəllim. Bəli, Rövşən müəllim yaddaşlarda belə qalıb. 1970-ci ildə dünyasını dəyişən Rövşən Şəfizadə 53 illik mənalı ömür yaşayıb. Bu mənalı ömrün tarixçəsi təkcə övladları üçün deyil, hamımız üçün əzizdir.

 

İlhamə Seyidova,

Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi

 

Mədəniyyət.- 2014.- 5 noyabr.- S. 13.