“Mənim yolum”
Oktyabrın
31-də “Qalereya-1969” sərgi salonunda
tanınmış rəssam və rejissor Nazim Məmmədovun 80 illiyinə həsr edilmiş “Mənim yolum”
adlı xatirə sərgisi açıldı. Xatirə sərgisi
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Arts
Council Azerbaijan” (“Azərbaycan
İncəsənət Konsulluğu”)
qeyri-hökumət təşkilatının və “Qalereya-1969” sərgi salonunun
təşkilatçılığı ilə ərsəyə
gəlib.
Açılışda Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov çıxış edərək mərhum sənətkarın yaradıcılıq yoluna nəzər saldı. Qeyd etdi ki, Nazim Məmmədov rəngkarlıq, qrafika janrı ilə məşğul olub, uşaq kitablarına illüstrasiyalar çəkib. Respublikamızda ilk cizgi filmlərinin müəllifi olan Nazim Məmmədov Azərbaycanda animasiyanın inkişafında da xüsusi xidmətləri olub.
Tədbirdə rəssamın həyat yoldaşı Ofeliya Məmmədova çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi. Qeyd etdi ki, Nazim Məmmədov ömrü boyunca xalqına, millətinə xidmət edərək, uşaqların vətənpərvər ruhda böyüməsinə çalışıb.
Nazim Məmmədovun oğlu Dadaş Məmmədov da atasının yaradıcılığına göstərilən diqqətə görə sərgini hazırlayanlara təşəkkür etdi. Bildirdi ki, Nazim Məmmədovun Xocalı faciəsinə həsr edilmiş zəngin kolleksiyası Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. İndiyədək dünyanın bir sıra ölkələrində sərgiləri açılan rəssamın əsərləri hər zaman böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Nazim Məmmədov 1934-cü ildə Bakıda anadan olub. 1957-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1961-ci ildə Moskvada “Soyuzmultfilm”də rəssam-multiplikator üzrə kursu bitirib. 1988-ci ildə beşhissəli “Göyçək Fatma” cizgi film-operasını yaradıb. Rəsmləri ölkəmizdə və bir sıra xarici ölkələrdə şəxsi kolleksiyalarda və muzeylərdə saxlanılır.
Noyabrın 5-dək davam edəcək sərgidə rəssamın 30-a yaxın rəngkarlıq əsəri nümayiş olunur.
F.Hüseynov
Mədəniyyət.- 2014.- 5
noyabr.- S. 10.