Üç rəssam - üç
baxış
Noyabrın 1-də
"Yeni Gallery”
Bakı İncəsənət Mərkəzində “Rəssam yolda” adlı sərginin
açılışı keçirildi.
Sərgidə müxtəlif dünyagörüşünə,
fərqli zövqə malik üç
gənc rəssamın əsərləri nümayiş
olunur.
Tədbiri “Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədli açaraq gənc rəssamların əl işlərini yüksək qiymətləndirdi. Bildirdi ki, zəngin iç dünyaları olan, böyük perspektivə malik bu gənclərdən gələcəkdə daha böyük uğurlar gözləyirik.
Gənc rəssamlar Rafael Əliyev, Cəmalə Rəhmanlı, Esmira Güləhmədova sərgiyə qatılan qonaqlara minnətdarlıqlarını bildirərək, yaradıcılıq yollarından danışdılar. Bildirdilər ki, sərginin məqsədi müxtəlif ölkə və şəhərlərdə görüb, yaşadıqlarımızı kətan parça üzərində tamaşaçılara təqdim etməkdir.
Qeyd edək ki, Abşeronda rəssam ailəsində dünyaya göz açmış gənc rəssam Rafael Əliyev tablolarında Almaniyanın qədimlik və müasirlik ənənəsini Azərbaycan rəssamlıq məktəbi fonunda əlaqəli şəkildə təqdim edərək, mədəniyyətlərin dialoqunu yaratmağa çalışıb. Rənglərin çoxçalarlılığı, informasiyanın bolluğu ilə seçilən əsərlərdə rəssam Almaniyanın romantik, qədim şəhərlərinin qorunub saxlanılmış memarlıq üslubu, körpüləri, Mozel və Reyn çaylarının timsalında alman motivlərini tamaşaçılara çatdırmağa nail olub.
Sərgidə Cəmalə Rəhmanlının rəngli boya ilə çəkilən “Göyçay narı”, “Buludlarda”, “Paris”, “Kompozisiya” və s. əsərləri predmetə fərdi yanaşma tərzi ilə diqqəti cəlb edir. Onun yaşıl və sarı rənglərlə işlədiyi “Kompozisiya” əsərində yarpaqların hekayəti əks olunur.
Yaradıcılığında impressionizm, fovizm və ekspressionizm cərəyanları özünü büruzə verən Esmira Güləhmədovanın “Venesiya karnavalı”, “Quba”, “Bakıda Novruz”, “Kek lok si gölü”, “Malaysia bird park” və digər tablolarında gələcəyə ümid, özünə inam və dolğun düşüncə işıqlı boyalarla əks olunub.
Üç gənc rəssamın 20-dən artıq əsərinin nümayiş olunduğu “Rəssam yolda” adlı sərgi noyabrın 3-dək davam edib.
Fariz
Mədəniyyət.- 2014.- 5
noyabr.- S. 10.