Avropanın mədəni
marşrutları üzrə məşvərət forumu başa
çatdı
Bakı Bəyannaməsində mədəni marşrutların sülh, iqtisadiyyat və mədəni turizmin inkişafında rolundan bəhs edilir
Oktyabrın
31-də «JW Marriott Abşeron
Baku» hotelində Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə
sədrliyi çərçivəsində keçirilən
2014-cü il üçün
Mədəni Marşrutlar üzrə Məşvərət
Forumunun ikinci iş günü əvvəlcə
mədəni marşrutlar üzrə
nümayəndələrin qapalı görüşü oldu.
Sonra paralel sessiya iclasları keçirildi. «Avropa
Şurasının mədəni
marşrutları boyunca
«müharibə və
sülh»» mövzulu seminarda münaqişəli
ərazilərdə mədəni
turizm marşrutlarının
yaradılması məsələləri
müzakirə edildi.
Seminara moderatorluq edən Avropa Məsuliyyətli Turizm və Qonaqpərvərlik Alyansının (EARTH) prezidenti
Maurisio Davolio bildirdi ki, müasir
Avropada sərhədlər
demək olar ki, formalaşıb. Lakin münaqişə və sülh arasında tarazlıq hələ də kövrəkdir və bəzən kiçik mübahisə də böyük münaqişəyə
səbəb olur: «Turizm müxtəlif ölkələri təmsil
edən insanlar arasında münasibətləri
formalaşdırır. İnsanlar
səfərlər zamanı
bir-birinin tarixi, mədəniyyəti, adət-ənənələri
ilə tanış
olurlar. Amma turist səfərləri ilə hər zaman sülhə nail olmaq mümkün deyil. Ona görə də
münaqişə və
sülh arasındakı
tarazlıq insan hüquqları, mədəni
müxtəliflik, demokratiya
və təhsilin təbliğatı kimi mövzularda möhkəm kök salmalıdır».
Sessiyada müxtəlif ölkələri
təmsil edən nümayəndələrin «Konflikt
və postkonflikt ərazilərdə mədəni
marşrut çağırışları»,
«Hazırkı Avropada
döyüş və
müharibələrin rolunun
yenidən qəbul edilməsi: Napoleon şəhərləri»,
«Termal şəhərlər
- sülh şəhərlərindən
müharibə şəhərlərinə
doğru və əksinə» mövzularında
məruzələri dinlənildi.
Münaqişəli ərazilərə
turist səfərləri
ciddi təhlükəsizlik
məsələsidir
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vasif Eyvazzadənin «Mədəni
turizm mədəni irsin və mədəniyyətin
təbliği vasitəsilə
sülh və təhlükəsizliyi necə
qura bilər» mövzusunda çıxışı
da iştirakçılar
tərəfindən maraqla
qarşılandı. Müasir
dünyada mədəniyyət
və turizmin birlikdə həm mədəniyyətlərarası dialoqa, həm də sülh və təhlükəsizliyə
töhfə verdiyini deyən məruzəçi
bildirdi ki, səyahət edən şəxslərin təhlükəsizlik
məsələsi böyük
önəm kəsb edir: “Bunu xüsusilə
münaqişə başlayan
mədəni marşrutların
həyata keçirildiyi
ərazilərdə həyata
keçirmək vacibdir.
Bu məsələdə ölkələr, özəl
təşkilatlar və
beynəlxalq qurumlar məsuliyyət daşıyırlar.
Onlar münaqişəli ərazilərə
turist səfərləri
barədə aparılan
təbliğatın qarşısını
almaq üçün
birgə səyləri
gücləndirməlidirlər. Bunun üçün beynəlxalq
qurumlar tərəfindən
xüsusi sənəd
qəbul olunmalıdır
və bu sənədlər milli qanunlar əsasında icra olunmalıdır».
Şöbə müdiri iştirakçıların
Azərbaycanın işğal
olunmuş ərazilərinə
səfərlərin təşkili
və bu ərazilərdə mədəni
marşrutların həyata
keçirilməsi barədə
sualına cavab olaraq bildirib ki, Qarabağ münaqişəsi beynəlxalq
hüquq normaları ilə Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll olunmalıdır. Bundan sonra
sülh, əməkdaşlıq
və dialoqdan söhbət gedə bilər. Münaqişə həll olunduğu
təqdirdə tarix boyu bu coğrafiyada
mövcud olan mədəni marşrutların
həyata keçirilmə
imkanlarına baxıla
bilər.
Forumun ikinci günü həmçinin «Turizm sosial birlik və
dialoqun aparıcı qüvvəsi kimi», «Mədəni marşrutlar mədəniyyətlərarası dialoqun istiqamətləri kimi - keçmiş, indi və gələcək»,
«Sosial birlik iqtisadiyyatı - davamlı
iqtisadi inkişaf naminə mədəni marşrutlar» mövzularında
panel iclasları keçirildi,
müzakirələr aparıldı.
Mədəni marşrutların mədəniyyətlərarası
əməkdaşlığa və dialoqa töhfəsi
Panel iclaslarından sonra
foruma yekun vuruldu. Bağlanış mərasimində
çıxış edən
mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanın
coğrafi mövqeyinin
bir çox regional və beynəlxalq turizm marşrutlarında iştirak etməyə imkan verdiyini diqqətə çatdırdı,
bu baxımdan Avropa Şurasının Mədəni Marşrutlar üzrə Məşvərət
Forumunu yüksək qiymətləndirdi: «İki
gün ərzində olduqca maraqlı mövzular müzakirə edildi, mədəni marşrutların həyatımızda
rolu, Avropa və dünyanın digər regionları arasında əlaqələrin
inkişaf etdirilməsinə,
mədəniyyətlərarası əməkdaşlığa və
dialoqa töhfəsi, turizm və sosial rifaha təsiri,
tarixi yaddaşımızın
qorunması və keçmişlə bu gün arasında irs vasitəsilə bir körpünün qurulması istiqamətində
peşəkarlar tərəfindən
fikir mübadiləsi aparıldı. Biz çox şadıq ki, bu tədbir
Azərbaycan Respublikasının
Avropa Şurası Nazirlər Komitəsinə
sədrliyi çərçivəsində
məhz Bakıda keçirildi. Çünki Azərbaycan və onun paytaxtı tarix boyu müxtəlif
sivilizasiyaların, dünyanın
bir sıra ticarət və mədəni yollarının
kəsişmə mərkəzi
olub. Tarixi İpək Yolu
Avropa ilə Asiyanı Azərbaycan vasitəsilə birləşdirib.
Ona görə də mədəni marşrutlar mövzusu tək Avropa Şurasının deyil, BMT sisteminə daxil olan Dünya
Turizm Təşkilatı
və UNESCO-nun da diqqət dairəsinə daxildir. Ölkəmiz beynəlxalq qurumlarla
bu sahədə səmərəli əməkdaşlıq
edir».
Nazir müavini qeyd etdi ki, Azərbaycan
tədbirdə müzakirə
edilən bir sıra mədəni marşrutlara qoşulmaq, həmin layihələr vasitəsilə mədəniyyət
və turizm inteqrasiyasında fəal iştirak etmək niyyətindədir: «Hesab edirəm ki, bu tədbir bir sıra vacib
məqamları ilə
bizi gələcəkdə
daha genişmiqyaslı
layihələrin hazırlanmasına
doğru aparacaq».
Sonda forumun Bakı Bəyannaməsi qəbul olundu. Sənəddə mədəni marşrutların
sosial rifah, sülh, iqtisadiyyat, mədəni turizmin inkişafında rolu qeyd edilir. Bəyannamədə həmçinin
mədəni marşrutlar
mövzusunun Dünya Turizm Təşkilatı və UNESCO-nun birgə təşkilatçılığı ilə gələn ilin fevralında Kambocada keçiriləcək
Mədəniyyət Nazirləri
Konfransına və
may ayında Bakıda
gerçəkləşəcək III Dünya Mədəniyyətlərarası
Dialoq Forumunun gündəliyinə daxil edilməsi təklif olunub.
Avropa Şurasının Mədəni
Marşrutlar üzrə Məşvərət
Forumunun növbəti illik
toplantısının 2015-ci ildə İspaniyanın Aranjuez şəhərində keçirilməsi
qərara alındı.
Mədəniyyət.- 2014.- 5
noyabr.- S. 6.