Xətai Sənət Mərkəzində akvarel dərsləri

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə akvarel janrında ustad dərsləri keçiriləcək. İlk dərs noyabrın 8-də saat 16:00-da təşkil olunacaq. Giriş sərbəstdir. Yaş məhdudiyyəti qoyulmur. Təlimlər hər həftənin şənbə günü Xətai Sənət Mərkəzində tanınmış rəssam Çingiz Əzizovun rəhbərliyi ilə aparılacaq.

Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov bildirib ki, layihənin məqsədi ölkəmizdə akvarel janrına marağın artırılması, bu janrda işləmək istəyənlərin bilik və bacarıqlarının təkmilləşdirilməsidir. Ustad dərslərinə təcrübəli, tanınmış rəssamlar cəlb olunacaq.

Qeyd edək ki, akvarel sənəti (sulu boya texnikasında əsasən kağız üzərində işlənən rəsm əsərləri) XII-XIII əsrlərdə İspaniyaİtaliyada, daha sonra digər Avropa ölkələrində vüsət alıb. Azərbaycanda da təsviri sənətin görkəmli nümayəndələri akvarel texnikasına müraciət edərək dəyərli əsərlər yaradıblar. Bu sənətin gənc rəssamlar arasında təbliği və təşviqi üçün Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif layihələr həyata keçirilir. Oktyabr ayında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində keçirilən "Akvarel" rəsm müsabiqəsinin yekun sərgisində ümumilikdə 450-dən artıq əsər arasından seçilən 100-dək əl işi nümayiş olunmuşdu.

 

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 5 noyabr.- S. 5.